Məhkəmə qərarları › İş №2(103)-3893/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3893/2021

14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3893/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh Qurbanov İbadulla Əli oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2268/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi cavabdeh Qurbanov İbadulla Əli oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 4542.90 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Qurbanov İbadulla Əli oğlundan tutularaq «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB xx.xx.2019-cu il tarixli, AKX-01481xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Qurbanov İbadulla Əli oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********30000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 172,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 147,40 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 287,90 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 606,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 587,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 100,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 41 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 164,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 411 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akta əsasən 376,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 313 manat, xx/xx/2018-ci il tarixli 58\0380 saylı akta əsasən 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 112,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 3729,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan əlavə cavabdehin istifadə etdiyi təbii qaza görə 4542,90 manat borcu var idi. Cəmi Birliyə borcu 8272,30 manat təşkil edir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 8272,30 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuniistifadəyə görə hesablanmış 3729.40 manat məbləğində dəymiş ziyanın, təbii qazdan istifadəyə görə yaranmış 4542.90 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8302.30 manat pulun cavabdeh Qurbanov İbadulla Əli oğlundan tutularaq «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2268/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX-13 66069 nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən onun mülkiyyətimdədir və həmin torpaq sahəsindəki yaşayış mənzili isə sahibliyindədir. Yaşadığı ünvanda istifadə etdiyikləri mavi yanacaq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılmış “Smart”kart tipli qaz sayğacı vasitəsi ilə istifadə etdikləri qazın sərfıyyatı üzrə ödəniş edib istifadə etmişlər. Lakin bu günə yeni mülkiyyətçi kimi onun “Azəriqaz” İstehsalat Birliyi ilə aralarında heç bir borc münasibətləri yoxdur. İddia tələbində göstərilənlər həqiqətə uyğun deyildir, aktlar isə iddiaçı təşkilat tərəfindən uydurulmuş aktlar və həmin aktlar əsasında hesablanmış yalançı məbləğlərdir. İş materialından və əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 torpaq sahəsi həmin sahənin ilkin mülkiyyətçisi Hüseynov Zaur Tair oğluna məxsus olmuşdur. Lakin xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən mülkiyyətçisi Hüseynov Zaur Tair oğlu ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra mülkiyyət onun sahibliyinə keçmişdir. Belə olan halda məhkəmə, cavabdehin əsl cavabdehlə əvəz edilməsi və xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixə kimi olan dövr üçün 4542.90 manat borcun yaranmasına səbəb olan cavabdeh əsl borclu Hüseynov Zaur Tair oğlunu işə cəlb etməli və yaramış borcun ona aid edilməsi barədə qərar qəbul etməli idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan iş materiallarından görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamenti ilə Qurbanov İbadulla Əli oğlu arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2019-cu il tarixdə AKX-01481xx/xx-2019 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, cavabdeh Qurbanov İbadulla Əli oğluna verilən qaz xətti üzrə abonent kodu **********30000 sayla qeydiyyata alınmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX-13 66069 nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi Qurbanov İbadulla Əli oğlunun mülkiyyətindədir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən tələb sahibi ilə bağlanmış müqaviləyə əsasən borcu üçüncü şəxs öz üzərinə götürə bilər (borcun keçirilməsi). Bu halda üçüncü şəxs ilk borclunun yerini tutur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerinə üçüncü şəxs tutur. Yuxarıda qeyd olunduğu kimi, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi Qurbanov İbadulla Əli oğlunun mülkiyyətinə xx.xx.2018-ci il tarixdə keçmiş, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2019-cu il tarixdə AKX-01481xx/xx-2019 saylı müqavilə bağlanmışdır. Yuxarıda sadalanan aktlardan da görünür ki, 4542,90 manat məbləğində borc sözügedən əmlakın iddiaçının mülkiyyətinə keçməmişdən öncəki dövrü əhatə edir və əvvəlki sahibə hesablanmış borcdur. Kollegiya yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, əmlakın əvvəlki sahibinə hesablanmış borc məbləğləri, onun yeni sahibi olan İbadulla Qurbanovdan tələb edilə bilməz. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə iddia qaldırmaq və həmçinin apellyasiya şikayəti vermək üçün tərəflərin ödədiyi rüsumlar onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2268/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh Qurbanov İbadulla Əli oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar