Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3894/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(003)- 3630/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən birgə qaydada 1102.98 manat məbləğində əsas borc, 245.04 manat məbləğində faiz borcu, 1011.74 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 159 manat faiz məbləği, ümumilikdə 2518.76 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 06 mart 2015-ci il tarixli İKM 117 saylı istehlak kredit müqaviləsinə əsasən 18 ay müddətinə 30 faiz olmaqla, 1000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Borclu öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə borcluya və zaminə yazılı və şifahi xəbərdarlıq edilmiş, lakin bundan sonra da müqavilənin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd olunanlara əsasən, cavabdehlərdən birgə qaydada 1102.98 manat məbləğində əsas borc, 245.04 manat məbləğində faiz borcu, 1011.74 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 159 manat faiz məbləği, ümumilikdə 2518.76 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(003)-3630/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1102.98 manat məbləğində əsas borc, 245.04 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 159 manat faiz məbləği, ümumilikdə 1607.02 (bir min altı yüz yeddi manat iki qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 19 (on doqquz) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3630/2020 saylı iş üzrə 23.11.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona hər hansı məlumat verilməmişdir. O, həmin dövrdə hərbi xidmətdə müharibədə olduğunu bildirmişdir. Bundan başqa kredit borcunun məbləği ilə razı deyil. Bank tərəfindən borcun məbləği şişirdilmiş, yüksək məbləğdə faiz və cərimə borcu, gecikdirilmiş günlərin faizləri düzgün hesablanmamışdır. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 138.1 və 185.2-ci maddələrinə görə isə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə. onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda işə baxılması təxirə salınır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh 1-ci instansiya məhkəməsinin qətnaməsini cərimə və faiz borcu hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrinə görə, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Teyyub oğlu arasında bağlanmış 06 mart 2015-ci il tarixli İKM 117 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 18 ay müddətinə aylıq 30 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Teyyub oğlu arasında 06 mart 2015-ci il tarixli İKM 117 saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Qeyd olunan sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borclu Banka olan borcunu 06.04.2015-ci il tarixdən başlayaraq, hər ay 139.34 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 23.08.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Teyyub oğlunun 06 mart 2015-ci il tarixli İKM 117 saylı kredit müqaviləsi üzrə X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1102.98 manat məbləğində əsas borc, 245.04 manat məbləğində faiz borcu, 1011.74 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 159 manat faiz məbləği, ümumilikdə 2518.76 manat məbləğində borcu vardır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Teyyub oğlunun X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısındakı öhdəliyi digər borclu olan Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06 mart 2015-ci il tarixli İKM 117 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Teyyub oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 digər Cavabdeh1 Teyyub oğlu ilə birgə bank qarşısında məsuliyyət daşıyırlar. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bank qarşısında öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 3.1.2. bəndində göstərilir ki, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, məhkəmə kollegiyası, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, hazırkı müqavilə üzrə cərimənin məbləği tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən 100 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətindəfaiz və cərimə borcunun düzgün hesablanmadığını qeyd etsə də bununla bağlı əsaslı dəlillər göstərməmişdir. Beləliklə məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1102.98 manat məbləğində əsas borc, 245.04 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 159 manat faiz məbləği, ümumilikdə 1607.02 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 19 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(003)-3630/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3894/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3894/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver