Məhkəmə qərarları › İş №2(103)-3894/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3894/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3894/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(003)- 1306/2017 saylı, qətnaməsinə əsasən istifadə hüququ yaranmış paylı mülkiyyət hüququ ilə 1/2 hissədə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi ev 44 A nömrəli mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə maneələrin cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 10000(on min) manat kompensasiya verilməklə onun və 02 mart 2010-cu il təvəllüdlü X2 və 28 may 2011- ci il təvəllüdlü X3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin ½ hissəsindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la 2008-ci il tarixdə faktiki nikaha daxil olmuş, birgə nikahdan iki 2010-cu il təvəllüdlü Fatimə və və 2011-ci il təvəllüdlü İsa adlı uşaqları vardır. Nikahlarını 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Hazırda nikah məhkəmənin 01.03.2021-ci il tarixli, 2(003)-168/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Ailə qurduqdan sonra Mərdəkan qəsəbəsi, S.İsgəndərov küçəsi ev 44 A ünvanına gəlin gəlmiş, 2016-cı ilin avqust ayınadək həmin mənzildə yaşamışdır. Qeyd edilən mənzil cavabdehlərə məxsus olmuşdur. Sonradan cavabdehlərin yaratdığı mübahisə nəticəsində evdən qovulmuşdur. Məcburən 2017-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş və Xəzər Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(003)- 1306/2017 saylı, qətnaməsi ilə o, qızı və oğlunun paylı mülkiyyət hüququ ilə ½ hissədə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi ev 44 A nömrəli yaşayış evinə köçürülməsi və həmin yaşayış evinə istifadə hüququ tanınmışdır. Qətnamə icra olunmasına baxmayaraq, cavabdehlərin yaratdığı mübahisə nəticəsində qeyd edilən mənzildə yaşamaq mümkün olmamışdır. Hazırda başqa yaşayış yeri yoxdur, istifadə hüququnun tanındığı mənzildən istifadə qaydasının müəyyən edilməsi və maneələrin aradan qaldırılması zərurəti vardır. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(003)-1306/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiasının qismən təmin edilərək, uşaqları - 02 mart 2010-cu il təvəllüdlü X2 və 28 may 2011-ci il təvəllüdlü X4 ilə birlikdə paylı mülkiyyət hüququ üzrə ½ hissədə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinə köçürülmələri və onların həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qət edilmişdir. Lakin qətnamənin qəbul edilməsindən 4 ildən artıq müddətin keçməsinə baxmayaraq, İddiaçı bu müddət ərzində həmin fərdi yaşayış evində bir gün də yaşamamışdır. Belə ki, iddiaçı uşaqları ilə birlikdə valideynlərinə məxsus ünvan 1 ünvanında yaşayır, uşaqları da həmin rayonun ərazisində yerləşən təhsil müəssisəsində oxuyur. Göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evinə ehtiyacı yoxdur. Digər tərəfdən, yuxarıda qeyd etdiyi kimi, İddiaçı bu müddət ərzində mübahisəli fərdi yaşayış evində yaşamadığı halda, onun və digər Cavabdeh2 həmin evdən istifadə edilməsinə maneə törətməyini və evdən istifadə qaydalarının müəyyən edilməsini iddia etməsi tamamilə absurddur. Ona görə də hesab edir ki, ilkin iddia tələbi rədd edilməlidir. İddiaçı, 02 mart 2010-cu il təvəllüdlü X2 və 28 may 2011-ci il təvəllüdlü X4 mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri ilə bağlı qətnamə qəbul edildikdən sonra bir gün belə həmin evdə yaşamamış, bununla da sonuncular, cavabdehin toxunulmaz və dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququnu pozaraq, əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırmışlar. Ona görə də, İddiaçı (02 mart 2010-cu il təvəllüdlü X1 və 28 may 2011-ci il təvəllüdlü X3) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin 1/2 hissəsindən istifadə hüquqlarına 10000(on min) manat kompensasiya verilməsi yolu ilə xitam verilməli və onlar həmin evdən çıxarılmalıdırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 10000 manat məbləğində pul (kompensasiya) alınaraq İddiaçı verilməsi, İddiaçı, uşaqları 02 mart 2010-cu il təvəllüdlü X2 və 28 may 2011-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 44A nömrəli fərdi yaşayış evinin ½ hissəsindən istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi; Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (Adı: "xxxx" MMC, VÖENİ: **********, hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, SWİFT kodu: UBAZAZ22, H/h: AZ46NABZ********************) ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilkin iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh1 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına; Mülki Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad edərək qənaətini əsaslandırmışdır. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməyən, qarşılıqı iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İlkin iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından; qarşılıqlı iddanın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq 10000(on min) manat müəyyən edilməsi və qarşılıqlı iddiaçı bu məbləğlə razılaşaraq ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 10000(on min) manat olmasını təklif etmiş və buna etiraz etməmişdir. Hazırki qarşılıqlı iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmənin müəyyən edilmiş və qarşılıqlı iddiaçının bununla razılaşaraq təklif etdiyi 10000 (on min) manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edilir. Məhz bu məbləğ qarşılıqlı iddia üzrə cavabdehə ½ hissədə payı olan mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. İkincisi, ilk iddiaçının 6 ilə yaxın müddətdə yaşamadığı, lakin istifadə qaydalarının müəyyən edilməsi və mənzildən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsini tələb etməsi isə, sonuncuların mülkiyyətinə hər hansı bir hüquqi əsas olmadan müdaxilə kimi qiymətləndirilir ki, bu da yol verilməzdir. Çünki, ilkin iddiaçı məhkəmə qətnaməsinə əsasən istifadə hüququnun tanındığı fərdi yaşayış evində 6 ilə yaxın müddətdə yaşamır və yaşamaq istəyi və arzusu da yoxdur. Əgər belə olmasaydı bu dövrdə ən azından köçürüldüyü və istifadə hüququnun tanındğı məhkəmə qətnaməsinin icrasını tələb edərdi. Etmirsə, demək bu yaşayış sahəsinə ehtiyacı da yoxdur yaxud bu ehtiyac aradan qalxmışdır. Buna baxmayaraq qarşılıqlı iddiaçı ½ hissədə paylı mülkiyyətə sahib olduğu həmin fərdi yaşayış evinə görə üstəlik 10000(on min) manat kompensasiya təklif etməklə ilk iddiaçının bu hüququna xitam verilməsini istəmiş, məhkəmə də haqlı olaraq qarşılıqlı iddianı təmin etmişdir. Üçüncüsü, kompensasiya institutu ilkin iddiaçıya mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də məhkəmənin müəyyən etdiyi və qarşılıqlı iddiaçının təklif etdiyi kompensasiya məbləği işin hallarına uyğundur. Evin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğunluğunun yoxlanılması məqsədilə evin yerləşdiyi ərazi, sahəsi, şəraiti, yerləşdiyi torpaq sahəsinin ölçüsü, qarşılıqlı iddiaçının həmin evə olan mülkiyyət payının həcmi nəzərə alındıqda qiymətləndirici rəyində göstərilən bir aylıq kirayə haqqının məbləği demək olar ki, bəlkə də artıq müəyyən olunmuşdur. Göründüyü kimi, bütün bu hallar da qarşılıqlı iddiaçının cavabdehin həmin evdən istifadə hüquqlarına xitam verilməsinə nail olmaqda israrlı olduğuna dəlalət edən amillər hesab edilir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar