Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3896/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(011)-7716/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7293/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşağa 100 manat, cəmi 300 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı xx.xx.2009-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(011)-7293/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat alimentin artırılaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat, ümumilikdə isə 600 (altı yüz) manat pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə Qusar rayonun İHB-nin Avaran kəndi üzrə İcra nümayəndəliyində xx.xx.2004-cü ildə qeydə alınmış rəsmi nikahları Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2021 -ci il tarixli 2(011)-7293/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan üç uşaqları anadan olmuşdur: xx.xx.2009-cı il təvəllüdlü X6; xx.xx.2007-ci il təvəllüdlü X7; xx.xx.2012-cü il təvəllüdlü X9. Xətai Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(011)-7293/2021 saylı qətnaməsi ilə birgə nikahdan anadan olan xx.xx.2009-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşağa 100 manat, cəmi 300 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Üç övladının saxlanması üçün bu məbləğ kifayət etmir. Övladlarının təhsilinin və zehni qabiliyyətinin inkişafı üçün əlavə olaraq xərc tələb olunur və bu xərclər yalnız onun hesabıma həyata keçirilir. Övladları böyüdükcə onların saxlanması üçün əlavə məsrəflər də meydana gəlir və 100 manat, cəmi 300manat aliment məbləği bu xərcləri ödəmir. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(011)-7716/2022 saylı qətnaməsi (sədrlik edən-Sahibə Hacıyeva) ilə iddia qismən təmin edilərək, Bakı şəhəi Xətai Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(011)-7293/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq, 28 noyabr 2007-ci il təvəllüdlü X3, 28 fevral 2009cu il təvəllüdlü X4 və 30 aprel 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 89,48 (səksən doqquz manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. 6.Məhkəmə hesab etmişdir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. 7.Məhkəmə həmçinin hesab etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına əsaslı olsa da, həcminə görə əsaslı deyildir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq, məhkəmə cavabdehdən tutulacaq alimentin məbləğinin hər ay hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməklə, iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. 8.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 75.1, 75.4, 78.1, 78.2-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 9.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmaları üçün saylıq əmək haqqının 50%-i miqdarında alimentin tutulmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, yeni ailə qurmuş və uşağı olacaqdır. Hal-hazırda "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 899 manat təşkil edir. Əmək haqqından bütün tutulmalardan sonra əmək haqqı 800 manat təşkil edir. Onun sübutları nəzərə alınmayıb. İddiaçının özü də, “Azer Estate” Daşınmaz Əmlak Agentliyində işləyir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 12.Məhkmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. O, izahatında qeyd etdi ki, hər uşağa görə 150 manat aliment ödəyə bilər. 13.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qismən qəbul etdi və izahatında bildirdi ki, o, cavabdehin vəziyyətini başa düşür və hər uşağa görə 150 manat aliment ödənilməsinə razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 14.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 15.Maddə 75.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 16.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 17.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 18.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 19.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 20.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 22.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunu: 23.Maddə 9.1.2.Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 24.Maddə 9.4.İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 25.Maddə 8.1.2.İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7293/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşağa 100 manat, cəmi 300 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 29.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 30.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 31.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 32.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatlarının çoxalması və uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı onların maddi tələbatlarını ödəməyin tək qadın olaraq ona çox çətin olmasına, ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. 33.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşaqların saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 34.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7293/2021 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. 2022-ci ildə bu məbləğ 193 manat təşkil edir. 35.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 36.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 37.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşağa görə 193 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Lakin tərəflər məhkəmə iclasında uşaqların saxlanılmaları üçün hər uşağa görə 150 manat alimentin tutulmasına razı olduqlarından, kollegiya hesab edir ki, qətnamə hər uşağa görə tutulacaq alimentin məbləği və cəmi məbləğ hissədə dəyişdirilməli, hər uşağa görə tutulacaq alimentin məbləği 150 manat, cəmi məbləğ 450 manat müəyyən edilməlidir. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(011)-7716/2022 saylı qətnaməsi hər uşağa görə tutulacaq alimentin məbləği və cəmi məbləğ hissədə dəyişdirilsin, hər uşağa görə tutulacaq alimentin məbləği 150 (yüz əlli) manat, cəmi məbləğ 450 (dörd yüz əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov