Məhkəmə qərarları › İş №2(103)-3896/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3896/2025

19.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3896/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X7 və X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə (Açar sözlər: “maneələrin aradan qaldırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X4 ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1055/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X7 və X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, atası X5 miras qalmış əmlakın – Bakı şəhəri, ünvan 4, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin (tikili və torpaq sahəsinin) mülkiyyət hüquqları ilə adına qeydiyyata alınması üçün ərizə üzrə müvafiq xidməti (daşınmaz əmlakın reyestrinin və kadastrının qeydiyyatının və tanınmasının aparılması) göstərən aidiyyəti orqan tərəfindən – 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən icra edilməli olan hərəkətlərə - həmin ünvanda aparılmalı olan texniki baxış, müayinə, ölçü və inventarlaşdırma işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin müvafiq maneələrin aradan qaldırılması kimi yox, müvafiq maneə və məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1055/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən ünvanda texniki baxış, müayinə, ölçü və inventarlaşdırma işlərinin aparılmasına mane olunması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi qət edilmişdir.

4. Cavabdehlər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər.

5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Dağaltı (indiki Abbasqulubəy Şadlinski) küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi tikilisində və yerləşdiyi ərazidə (sənədlə 1165.1 kv.m, faktiki olaraq 1127.8 kv.m ölçüdə olan torpaq sahəsində) cavabdehlər - Cavabdeh1 və övladları X16 və X17 tərəfindən, eləcə də 3-cü şəxslər (prorab, usta, fəhlə və sair şəxslər) tərəfindən hər hansı söküntü, tikinti, yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinın 16(103)-555/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Dağaltı (indiki Abbasqulubəy Şadlinski) küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evidə və onun yerləşdiyi sahədə (sənədlə 1165.1 kv.m, faktiki olaraq 1127.8 kv.m ölçüdə olan torpaq sahəsində) cavabdehlər - Cavabdeh1, X16 və X17 tərəfindən, eləcə də 3-cü şəxslər tərəfindən hər hansı söküntü, tikinti, yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması qadağan edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdehlər eyni məzmunlu apellyasiya şikayəti verərək, qeyd etmişlər ki, məhkəmə iddia ərizəsini qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və həqiqətin müəyyən edilməsini təmin etməmişdir. İddiaçı tərəf bir alqı-satqı ,bir bağışlama müqaviləsini təqdim etmiş, məhkəmə onları araşdırmadan hansı dövrdə, nə səbəbdən müqavilələrin bağlandığını əsas gətirmədən şəxsi mülahizələrinə istinad edərək qeyriobyektiv qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan halları araşdırmaq əvəzinə hazırlıq mərhələsini dayandırmadan işi baxışa təyin etmiş ,sorğuların cavablarını belə gözləmədən işə etinasız yanaşmışdır.

8. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə etiraz edərək, qeyd etmişdir ki, cavabdehlərin məqsədi vaxt qazanmaq və bununla da ərazidəki Tikinti Şirkətlərinin inşaat işlərini başlamasına qədər işi uzadaraq, onlarla danışığa gedərək əmlakın dəyərini ələ keçirmək istəyirlər. Cavabdehlərin Bakı İnzibati Məhkəməsində iddia qaldırmaqlarında məqsədləri isə iddiaçının qanuni tələblərinin gerçəkləşməsinə mane olmaq və əmlakı qeydiyyata aldırmağa imkan verməməkdir. İddiaçının atasının adına həmin ünvandakı əmlakla bağlı tərtib olunmuş Texniki Pasportun artıq 60-dan çox yaşı vardır. Hal-hazırda qüvvədə olan qanunvericiliyə görə bu sənəd hüquqların qeydiyyatı üçün əsas olan sənədlərdən biri hesab edilir. Bu sənəd 60 ildir ki, heç kim tərəfindən mübahisələndirilməmişdir. Bu isə iddia müddətləri nəzərindən cavabdehlərin iddialarının əsassız və qanunsuz olmasını ifadə və təsdiq edir. Onların, ümumiyyətlə, bu sənədin qanuniliyini mübahisələndirməyə heç subyektiv hüquqları belə yoxdur. Onların, iddianın əsası kimi təqdim etdikləri alqı-satqı müqaviləsinə və bu müqavilə ilə guya 6 sotun “satılması” məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu, sovetlər dönəmində vətəndaşların aidiyyəti dövlət orqanlarının təqibinə tuş gəlməmək üçün Məsimov Hüseyn tərəfindən öz atası ilə qarşılıqlı razılaşma əsasında atılmış addım olmuşdu. Yəni, aidiyyəti orqanları yayındırmaq üçün ,o, 11,56 sot torpaq sahəsinin bir hissəsinin guya atasına keçməsi ilə bağlı bunun 6 sotuna dair onunla bağışlama müqaviləsi bağlamışdır. Lakin bu müqavilə sonradan H.Məsimovun atası tərəfindən qeydiyyata aldırılmamışdır. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq, onun təmin edilməməsini xahiş etdi.

10. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir, cavabdehlərin vəkili ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iddiaçı və onun vəkili vəsatətə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər və bildirdilər ki, cavabdeh tərəf rayon məhkəməsində də işə baxılarkən oxşar vəsatələr verməklə işə baxılmasının uzadılmasına nail olmuşdur, hazırkı vəsatətə qoşulan sənədlərdən də bəlli olur ki, həmin sənədlər arxa tarixə aid olmaqla vəkilin məhkəmədə iştiirakına mane ola bilməz, hətta vəkil gəlmədiyi halda cavabdehlər özləri şəxsən məhkəmə iclasına gəlib iştirak edə bilərdilər.

11. Belə olan halda Məhkəmə kollegiyası gəlmiş tərəfin fikrini dinləyib və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X18 və X6 nikahı haqqında xx.xx.1964-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 787 nömrəli akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra arvada Məsimova soyadı verilmişdir. (Qeyd: xx.xx.1991-ci ildə vəfat etmiş H.K.Məsimovun ölümü xx.xx.1991-ci il tarixdə 364 nömrəli akt qeydi ilə Sabunçu rayonu Bakıxanov qəsəbə icra nümayəndəliyi tərəfindən, xx.xx.2001-ci ildə vəfat etmiş S.Q.Məsimovnanın ölümü xx.xx.2001-ci il tarixdə 1155 nömrəli akt qeydi ilə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır)

13. Sabunçu rayon Bakıxanov qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 686301 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində “ürəyin dayanması” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 364 nömrə ilə qeyd edilmişdir.

14. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 196411 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində “intoksikasiya” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 1155 nömrə ilə qeyd edilmişdir.

15. 16 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1199 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən torpağa və üzərində yerləşən 16 saylı evə dair mərhum X8 adına çıxarışın (forma 37) verilməsi xahiş olunmuşdur.

16. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Podqornaya küçəsi, 16 saylı fərdi yaşayış evinə dair X8 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasport idarənin arxivində mövcuddur.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024- cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yaşayan digər şəxslər tərəfindən texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

18. 15.10.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 4, ev 16 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1165.1 kv.m-dən azalaraq faktiki 1127.8 kv.metr olaraq qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir.

19. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Podqornaya 16 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin sahibi qismində X18 qeyd edilmişdir.

20. Suraxanı RPİ-nin 32-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı Amil Cəfərov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

21. Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında Məsimovlar ailəsi yaşayır. Əvvəllər ev 1962-ci ildə verilmiş texniki pasporta əsasən, X13 məxsus olub. Texniki pasporta əsasən, ev, ümumi sahəsi 37 kv.metr olmaqla 2 yaşayış otağından ibarətdir. X9 özü bu ünvanda qeydiyyatda olmamış, 1991-ci ildə X19 vəfat etmişdir.

22. Azərbaycan SSR Nazirləri Soveti nəzdində Memarlıq işləri üzrə İdarəsi Dövlət memarlıq-tikinti nəzarəti Baş müfəttişliyi tərəfindən verilmiş 813 nömrəli işlərin görülməsinə dair icazə sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Dövlət memarlıq-tikinti nəzarəti müfəttişliyi tərəfindən vətəndaş X1 Baş Müfəttişliyin memarlıq işləri şöbəsinin rəis müavininin baş planda göstərilən tikinti üzrə tikinti, sanitariya və xüsusi işlərin görülməsi üçün texniki sənədlərin təsdiqi haqqında xx.xx.1954-cü il tarixli, CO/16 nömrəli məktubuna əsasən Kaçanoviç rayonu, Kaçanoviç qəsəbəsindəki torpaq sahəsində sahənin abadlaşdırılması ilə 147-2 formada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

23. X3 (Satıcı) və X18 (Alıcı) arasında bağlanmış xx.xx.1961-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən torpaq sahəsində daşdan tikilmiş, birmərtəbəli, 2 otaqlı yaşayış sahəsi 36 kv.metr olan və 1 mətbəx və 1 dəhlizdən ibarət yaşayış evini “Satıcı” satır, “Alıcı” isə alır. Qeyd edilən mülk Qaraçuxur qəsəbə sovetinin xx.xx.1961-ci il tarixli, 1104 saylı arayışına əsasən, “Satıcı”ya şəxsi mülkiyyət hüququ ilə məxsusdur və “Alıcı” tərəfindən “Satıcı”ya 1200 rubl ödənilmişdir.

24. X18 xx.xx.1961-ci il tarixli, notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evini almışdır.

25. 1962-ci ildə həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair Hüseyn Məsimov adına texniki pasport tərtib edilmişdir.

26. 18 fevral 1986-cı il tarixli, Д-1/187 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, X21 ünvan 11 ünvanında yerləşən yaşayış evi X14 vəsiyyət edilmişdir.

27. İddiaçı Elvira X2r. Hüseyn Məsimov 1991-ci ildə, arvadı (iddiaçının anası) Südabə Məsimova isə 2001-ci ildə vəfat etmişdir.

28. X10mış miras əmlaka dair mərhumun qızı İddiaçı müraciəti əsasında Bakı şəhəri 16 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.

29. İddiaçı evin və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların atası Hüseyn Məsimova məxsusluğunu müəyyənləşdirmək üçün ünvanda texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana müraciət etmiş, lakin ünvanda yaşayan şəxslər tərəfindən bu işlərin görülməsinə imkan verilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.

30. Fərdi yaşayış evində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

31. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

33. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

36. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

40. Maddə 10.1. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

41. Maddə 10.2. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:

43. 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;

44. 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi...

45. «İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.»

46. Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur.

47. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətinə əsasən tam yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Hazırkı işin hallarına görə cavabdehlərin yaşadığı Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu X8 adına tərtib edilmişdir. Lakin ev daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, Hüseyn Məsimov isə 1991-ci ildə vəfat etmişdir.

52. Rayon məhkəməsi hesab etmişdir ki, hər nə qədər mərhum Hüseyn Məsimovun daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış olsa da, iş materiallarında olan sənədlər onun mübahisəli evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin “gözlənilən mülkiyyətçi”si olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, sözügedən evin Hüseyn Məsimov tərəfindən alındığını təsdiq edən 1961-ci il tarixli notarial alqı-satqı müqaviləsi, eləcə də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Hüseyn Məsimov adına verilmiş 1962-ci il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə aid” pasport iş materiallarında mövcuddur. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (1.11) da daxil edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə isə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

53. Sözügedən əmlakın X20 miras qalmış əmlak kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələrə keçə bilməsi üçün ilk növbədə bu əmlakın mərhumun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması zəruridir. Elə bu səbəbdən mərhumdan miras qalmış əmlakla bağlı vərəsəlik işinin açıldığı notariat ofisinin notariusu tərəfindən müvafiq çıxarışın verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatı orqanına müraciət edilmişdir. Öz növbəsində İddiaçı da sözügedən əmlakın mərhum atasına məxsus olmasına dair arayışın verilməsi üçün müvafiq orqana müraciət etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən bu müraciətin təmin edilməsindən imtina edilmiş, buna səbəb kimi ünvanda yaşayan şəxslər tərəfindən müvafiq orqanın mütəxəssislərinin ünvanda texniki baxış və inventarlaşdırma işləri aparmasına mane olunması göstərilmişdir.

54. Cavabdehlər sözügedən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına mane olduqlarını inkar etmir, əksinə, bunun onlara qadağan edilməsinə dair iddiaçı tərəfindən qaldırılmış iddianın təmin edilməsinə etiraz edirlər. Cavabdeh1 mövqeyinə görə, həmin ev, eləcə də evin yerləşdiyi torpaq sahəsi ilə bağlı iddiaçının mərhum atasına “qanuni gözlənti” verən bütün sənədlər saxtadır. Lakin cavabdeh istinad etdiyi bu halı təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

57. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

58. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-555/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərradadı ilə iddiaçının ərizəsini təmin edərək, məhkəmə kollegiyası gələcəkdə qətnamənin icrasını çətinləşdirəcək və ona mane olacaq hərəkətlərin - işlərin qarşısını almaq məqsədi ilə cavabdehlər və üçüncü şəxslər tərəfindən mübahisəli ünvanda hər hansı söküntü, tikinti, yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılmasının qadağan edilməsi barədə, mübahisəli əmlakla bağlı cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısını almışdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlakın “gözlənilən mülkiyyətçisi”nin vərəsəsi olan iddiaçı həmin əmlak üzərində texniki baxış, inventarlaşdırma və digər işlərin aparılmasına cavabdehlər tərəfindən maneə törədilməsinin qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının vərəsə kimi həmin əmlak üzərində hüquq əldə edə bilməsi torpaq sahəsi üzərində cavabdehlərin mane olduğu işlərin görülməsindən asılıdır. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərdəndir.

60. Cavabdehlərin tam eyniyyət təşkil edən apellyasiya şikayətlərinin məzmunundan da müəyyən olunur ki, onların əsas dəlili inzibati məhkəməyə müraciətləri ilə bağlı hazırkı mülki iş üzrə icraatın dayandırılmalı olması ilə bağlı olmuşdur.

61. Bunula bağlı Məhkəmə kolegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehləri istinad etdikləri həmin hal öz-özlüyündə hazırkı mülki iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Əvvala ona görə ki, inzibati prosessual qanunvericiliyə əsasən ərizənin məhkəmənin icraatına verilməsi hələ onun mümkünlüyü kimi qəbul edilmir. İnzibati qaydada iddianın mümkünlüyü inzibati məhkəmə tərəfindən tərəflərin dinlənilməsindən sonra ayrıca müzakirə edilməklə müəyyən edilir, bu zaman inzibati məhkəmə iddianın mümkün sayılmaması barədə də qərardad qəbul edir (İPM, maddə 35). İkincisi isə, MPMin 254.1.4-cü maddəsinin tələbinə görə həmin inzibati iddianın baxılması halında belə, o icraat hazırkı işə baxılmasını mümkünsüz edəcək təsirə malik deyildir. Çünki həmin iddianın hansı qaydada həllindən asılı olmayarq mübahisəli evə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərin hazırlanmsı mütləqdir. Demək ki, hazırkı halda iş üzrə icraatın dayandırılmasını məcburi edən qanuni əsaslar mövcud deyildir.

62. Bununla da, kollegiya hesab edir ki cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehlərin apellyasiya şikayətində qeyd etdiyi heç bir maddi, prosessual hüquq norması pozulmamışdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

64. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir.

66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1055/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar