Məhkəmə qərarları › İş №2(103)-3897/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3897/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3897/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(009)-2074/2023 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18134,6 manat məbləğində əsas borc, 1209,12 manat məbləğində faiz borcu, 55,46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19399.18 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 148.2 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(009)- 2074/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və borcun yenidən ədalətli şəkildə hesablayaraq yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, borc məbləğlərinin dəqiqləşdirilmədiyi, məhkəmənin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, banka 16513 manat borcunun qaldığı arqumentləri ilə əsaslandırmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(103)-1326/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2074/2023 saylı iş üzrə 27 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni “21 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18 134,6 manat əsas, 1209,12 manat faiz, 55,46 manat cərimə borcu olmaqla, ümumilikdə 19 399,18 manat borcun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 148,2 manat dövlət rüsumunun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

5. Bundan sonra Cavabdeh2 ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(103)-1326/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək istədiyini, lakin maddi imkanının vəkllə müqavilə bağlamaq üçün yetərsiz olduğunu bildirmiş, buna görə də dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(103)-1326/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə Cavabdeh2 ərizəsi geri qaytarılmışdır.

7. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmamış, beləliklə də apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmamışdır; bu isə o deməkdir ki, ərizəçinin vəkillə təmin olunması üçün əsas mövcud deyildir.

8. Bundan sonra Cavabdeh2 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(009)-2074/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək ləğv edilməsi və borcun yenidən ədalətli şəkildə hesablayaraq yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, borc məbləğlərinin dəqiqləşdirilmədiyi, məhkəmənin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, banka 16513 manat borcunun qaldığı arqumentləri ilə əsaslandırmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2(103)-3897/2024 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.

10. İşə apellyasiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 apellyasiya şikayətinin əsasları Cavabdeh1 apellyasiya şikayətinin əsasları ilə eyniyyət təşkil edir, hətta şikayətlər eyni cümlələrlə əsaslandırılmışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər;

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarında qeyd olunmuşdur ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd edilir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apelyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apelyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir.

16. Şikayətin predmeti dedikdə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.

17. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.

18. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, eyni iş üzrə Cavabdeh1 şikayəti əsasında eyni hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfi Cavabdeh2 apellyasiya şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, şikayətə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.

19. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul edilməsi müəyyən olunduğundan icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.

20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2(103)-3897/2024 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar