Məhkəmə qərarları › İş №2(103)-3897/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3897/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3897/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aliyeva Aidənin cavabdeh X10 qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Alieva Aidanın Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 190/2025 saylı qətnaməsindən iddiaçı Alieva Aida və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19.12.2022 – xx.xx.2022-ci il tarixləri arasında tərtib edilmiş 7 ədəd “maddi ziyanın ödənilməsi haqqında” protokollara əsasən Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 icraatında olan ********* nömrəli cinayət işi üzrə X12 tərəfindən X13 vurulmuş maddi zərərin ödənilməsi məqsədilə ümumilikdə 10.500 manat məbləğində pul vəsaitinin qaytarılması təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)- 633/2023 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, zərəçəkmiş şəxs və mülki iddiaçı X21 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, X13 mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında vermə hüququnun olması izah olunmuşdur. Həmin hökmdən verilmiş apellyasiya və kassasiya şikayəti və protesti müvafiq olaraq Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-853/2024 saylı, xx.xx.2024cü il tarixli qərarları ilə təmin edilməmiş, hökm qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Alieva Aida Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 20.000 manat məbləğində pulun, ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin ortalarında oğlu X23 adlı qızla nişanlamışdır. Həmin ərəfədə qardaşı Nazim Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən ata mənzilini sataraq əldə olunmuş puldan ona düşən payı – 40.000 manat məbləğində pulu ona vermişdir ki, oğlu ilə özünə ayrıca mənzil alıb yaşasın. Həmin vaxt bilmişdir ki, oğlunun nişanlısı Fidanın adına olan mənzili atası Cavabdeh 48.000 manata satışa qoymuşdur. Həmin mənzilə oğlu ilə birlikdə baxaraq bəyənmişlər. Birlikdə Fidangil ilə danışaraq belə bir qərara gəlmişlər ki, həmin mənzili 40.000 manata oğlu Samir üçün alsınlar. Elşən də bildirmişdir ki, qızı üçün 8.000 manatı keçər. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını xatırlamadığı MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 kv.m sahəsi olan iki otaqlı mənzil üçün 2020-ci ilin fevral ayında Elşəngilin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Bakıxanov Residence” yaşayış kompleksindəki mənzildə Elşənin arvadı Gülşənin, qızı Fidanın, oğlu Elxanın, qayınanası Sədaqətin gözü qarşısında 7.000 manat və 33.000 manat olmaqla, 2 dəfəyə cəmi 40.000 manat məbləğində pulu oğlu Samirlə birlikdə sayaraq Elşənə vermişdir. Elşən pulu sayıb təhvil aldıqdan sonra mənzilin sənədlərini onlara göstərmiş, sənədlərin qızı Fidanın, yəni onun gələcək gəlininin adına olmasını, toydan sonra bir ailə olacaqlarını, mənzilə çıxarışı toydan sonra oğlunun adına alacağını razılaşdırdıqlarından mənzilin sənədlərini oğlunun adına keçirməmişdir. Pulu aldıqdan bir müddət sonra Fidan oğlu Samiri bəyənmədiyini yalandan bəhanə gətirərək, oğlunun guya əvvəllər ailəli olması, həmin ailəsindən uşağının olması ilə şərləyərək, nişanı pozmuş, lakin nə vəd verdikləri mənzili, nə də ki, pulu geri qaytarmamışlar. Hələ bu azmış kimi, nişanda Fidana pay apardıqları 5.000 manat dəyərində olan qızıl-zinət əşyalarını da qaytarmamışlar. Hər dəfə pulu onlardan tələb etdikdə bildirmişlər ki, həmin mənzil satışa qoyulub, satılan kimi pulu qaytaracaqlar. Elşəngil ailəlikcə vətəndaşları aldatmaqla məşğul olurlar və onun kimi digər Aygün, Kamil, Ziba adlı şəxsləri də aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişlər. Cavabdeh ondan aldadıb aldığı 40.000 manat pulu qaytarmadığına görə onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Sabunçu RPİ-nin İŞ-də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış, ittiham aktı təsdiq olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh verilmiş ittihamlar üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Hökmdən şikayət və protest verilsə də, apellyasiya və kassasiya instansiya məhkəmələrində də hökm və qərar qüvvədə saxlanılmışdır. Qərarlarla ona bəraət verilsə də, onda 40.000 manat pul vəsaitinin əsassız və qanuni əsaslar olmadan alınması cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır. Qərarlarla mülki qaydada məbləğin alınması üçün iddia qaldırmaq hüququnun olması ona izah edilmişdir. İşin ibtidai istintaq mərhələsində cavabdeh 40.000 manat məbləğində pulun 20.000 manatını qaytarmış və hazırda 20.000 manatı qalmaqdadır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 3862/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra cavabdehin ərizəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3862/2024 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və mülki işə baxılması üçün icraat təzələnmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-190/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13.000 manat məbləğində pulun, 129 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım xərcinin tutularaq iddiaçı Alieva Aidaya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X14).

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi prinsipi baxımından iddiaçının vəzifəsi Cavabdeh 40.000 manat məbləğində pul verdiyini sübut etməkdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)- 633/2023 nömrəli hökmündən görünür ki, məhkəmə tərəfindən iddiaçının cavabdehə məhz 40.000 manat məbləğində pul verdiyi nəticəsinə gəlinməmişdir. Hökmdə yer verilmiş təqsirləndirilən şəxs Cavabdeh ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxs Aidə Əliyevadan yalnız 33.000 manat məbləğində pul aldığını qəbul etmişdir. Cavabdeh ibtidai araşdırma dövründə tərtib edilmiş dindirilmə protokolundan onun 40.000 manat məbləğində pulu aldığını qəbul etdiyi görünsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan Cavabdeh ibtidai istintaq gedişində verdiyi ifadəsinin hazırkı işə baxan məhkəmə üçün heç bir preyudusial əhəmiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin ondan məhz 40.000 manat məbləğində pul aldığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçı öz sübut etmə vəzifəsini qismən – 33.000 manat həcmində yerinə yetirmiş hesab edilir.

7. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, Cavabdeh bu pulu qaytardığını iddia edirsə, bu iddiasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Lakin o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) pulun dolaylı olaraq hissə-hissə qaytarıldığını iddia etməklə kifayətlənmişdir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı Aidə Əliyeva iddia ərizəsində cavabdehə verdiyi 40.000 manatın yarısının qaytarıldığını bildirərək, yalnız qalan yarısını cavabdehdən tələb etdiyindən cavabdehin pulun yarısını qaytarması iddiaçının bu faktı etiraf etməsi əsasında sübuta yetirilmiş hesab edilməlidir. Bütün bu qeyd edilənlərdən görünür ki, Cavabdeh və iddiaçı Aidə Əliyeva arasındakı münasibətlər mənzil alqı-satqısı ilə bağlı olmuşdur. Belə ki, Cavabdeh özünə məxsus mənzili iddiaçı Aidə Əliyevaya satmaq üçün ondan 33.000 manat pul almışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilə olan alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilmiş yazılı müqavilə formasında bağlanmalı idi. Hazırkı iş üzrə tərəflər arasında isə belə bir müqavilə bağlandığı müəyyən edilməmişdir. Belə olan halda qanunla müəyyən edilmiş imperativ forma tələbinə riayət edilmədən bağlanan bu əqd əhəmiyyətiz olmuşdur. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun ortaya qoyulmuş hüquqi mövqeyinə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsaslı iddiadır və əhəmiyyətsiz alqısatqı müqaviləsi üzrə əldə etdiyi 13.000 (33.000-20.000) manat məbləğində pul hesabına əsassız varlanmış Cavabdeh həmin pulu iddiaçı Aidə Əliyevaya qaytarmalıdır

8. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu və göstərilən hüquqi xidmətə görə 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 129 manat məbləğində dövlət rüsumu və vəkilə etdiyi kömək üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cu, 144cü, 329-cu, 337-ci, 351-ci, 386-cı, 1091-1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 88-ci, 107-ci, 119-cu, 217-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı Alieva Aida qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi, habelə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 75 manat dövlət rüsumunun, apelyasiya instansiya məhkəməsində hüquqi yardım üçün ödənilmiş 300 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan Cavabdeh ibtidai istintaq gedişində şübhəli şəxs və təqsirləndirilən şəxs kimi verdiyi ifadələr, dindirmə protokolları, zərərçəkmiş şəxslə üzləşmə protokolu, şahidlərin verdiyi ifadələrlə Cavabdeh ondan 40.000 manat pul aldığı aşkardır. Cavabdeh ibtidai istintaq vaxtı öz müdafiəçisi X5 iştirakı ilə sərbəst ifadə vermiş, ifadənin sonunda ifadənin ucadan oxunması, öz sözləri ilə düz yazılması, əlavəsinin olmamasını öz imzası ilə təsdiq etmişdir. Bu etirafedici ifadə cinayət işinin materiallarından götürülməklə hazırkı işə əlavə edilmişdir. Məhkəmə təqdim edilmiş bu sübutları niyə nəzərə almamalı olduğunu əsaslandıra bilməmişdir. Məhkəməmnin istinad etdiyi MPM-nin 82.4-cü maddəsi hazırkı işdə olan ibtidai istintaq dövründə Cavabdeh verdiyi etiraf yönümlü ifadələrin nəzərə alınmasını istisna etmir. Aydındır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu o demək deyildir ki, Cavabdeh ifadəsi sübut kimi qiymətləndirilməməli və nəzərə alınmamalıdır. Həmin ifadələr və protokollar cinayət işinə baxan məhkəmə tətəfindən sübut qismində qiymətləndirilmiş, onların obyektiv və həqiqiliyini şübhə altına alacaq bir hal müəyyən edilməmiş, sübutlar siyahısından xaric edilməmişdir. İndiki halda isə birinci instansiya məhkəməsi qeyd olunan sübutların qəbuledilənliyini istisna edən halı müəyyən edə bilməmiş, qanunvericilik normaları ilə əsaslandırılmamışdır Bu səbəbdən, ibtidai istintaq dövründə Cavabdeh verdiyi ifadələrindəki sözləri etiraf kimi qəbul edilməlir və iddia tələbim tam təmin edilməlidir. Bununla belə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 75 manat dövlət rüsumu, apelyasiya instansiya məhkəməsində hüquqi yardım üçün ödənilmiş 300 manat cavabdehdən tutularaq ona ödənilməlidir.

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2019-cu ilin ortalarında qızı X24 adlı şəxslə nişanlandığından Samirin anası, hazırkı iş üzrə iddiaçı Aidə Alieva ilə aralarında münasibət yaranmışdır. Həmin ərəfədə Aida özlərinə almaq üçün ev axtarmış, lakin bunun üçün vəsaitləri çatışmadığından, iddiaçı xahiş etmişdir ki, onun qızı Fidanın adına olan, ünvan 1 ünvanında yerləşən yeni tikili binada iki otaqlı mənzili 40.000 manata onlara satsın. O, öz növbəsində qızının da həmin evdə yaşayacağı üçün Aidaya bildirmişdir ki, bu təklifə etiraz etmir, hətta qızına görə evin dəyərindən 8.000 manat azaltmaqla yanaşı, hətta evin təmirini də edəcəyinə söz vermişdir. Bundan sonra 2020-ci ilin fevral ayında Aida Alieva 33.000 manat məbləğində pulu cavabdehin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Bakıxanov Terras” yaşayış kompleksindəki mənzilində ona təqdim etmişdir. Daha sonra Aida Alieva onlara verdiyi puldan 5.000 manat hissəsini oğlu Samirin diplomunun təsdiqi üçün Qurban Məmmədov adlı tanışına verməsini tələb etmiş, o, 5.000 manat vəsaiti Qurban Məmmədova vermişdir. Bununla da X18 diplomunu təsdiqlətməyə nail olmuşdur. Bir müddət sonra Aidanın oğlu Samir onunla əlaqə saxlayaraq polislə bağlı bir neçə probleminin olduğunu bildirmiş və anasının onlara ödədiyi vəsaitin 1.500 manat hissəsini qaytarmasını tələb etmiş, o, da öz növbəsində 1.500 manatı Samirə vermişdir. Daha sonra Aida pula ehtiyacı olduğunu bildirdiyindən onun arvadı Gülşən öz qızıllarını lombarda girov qoyaraq 1.500 manat məbləğində pul götürmüş və Aidaya vermişdir. Sonradan həmin lombarda olan borcunu Aida ödəmədiyindən o, məcbur olub həmin borcu da özü bağlamışdır. Cavabdeh Aidanın ödədiyi vəsaitdən 5.200 manatı isə məcbur olub Aidanın əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Sədrəddin adlı şəxsə vermişdir. Belə ki, həmin Sədrəddin adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, Aidanın verdiyi və Fidanın nişanında barmağına taxılan qızıl üzüyü Aida ondan oğurlamış və buna görə də aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Sədrəddin ondan tələb etmişdir ki, üzüyü ona qaytarsınlar. Həmçinin Sədrəddin əlavə olaraq bildirmişdir ki, Fidanın nişanı üçün Aida tərəfindən gətirilən xonçalarının hamısı Sədrəddinin pulu ilə alındığından, buna görə çəkilən xərclərin qaytarmasını ondan tələb etmişdir. Daha sonra aidiyyəti polis bölməsindən də zəng edilərək onun evində oğurluq qızıl olduğunu bildiriləndə qızının nişan üzüyünü barmağından çıxarıb qaytarmamaq üçün, eləcə də cəmiyyətdə biabır olmamaq üçün məcbur qalıb Sədrəddinin tələbləri ilə razılaşmış və ona ümumilikdə Aidanın ödədiyi vəsaitdən 5.200 manat pulu vermişdir. Beləliklə, Aidanin ona verdiyi 33.000 manat məbləğində puldan cəmi 20.000 manat pul qalmışdır ki, barəsində Aida tərəfindən olunan şikayətə görə aparılan istintaq dövründə Aidaya son borcu olan 20.000 manat vəsaiti ödəmiş və ona hər hansı borcu qalmamışdır. Belə ki, iddiaçı onda 13.000 manatının qaldığını təkzibolunmaz sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə iddianı qismən təmin edərkən yalnız iddiaçının şifahi olaraq bildirdiyi məlumatlara istinad etmiş, onun dəlillərini isə nəzərə almamışdır. Belə ki, iddiaçı öz növbəsində onun pulun qaytarmasına dair gətirdiyi dəlilləri də təkzib edə bilməmişdir. Nəzərə alınmalıdır ki, onunla bağlı keçirilən cinayət işi ilə bağlı məhkəmə iclaslarında X7 ifadəsində bildirmişdir ki, o, nişan üzüyünün dəyəri olaraq 4.000 manat və digər xərclərə görə 1.200 manat olmaqla, ümumilikdə 5.200 manat pulu ona ödəmişdir. Sədrəddin Əkbərovla o bir-birilərini yalnız bu hadisəyə görə tanımışlar və nə ondan əvvəl, nə də ondan sonra münasibətləri olmamışdır ki, Sədrəddinin məhkəmədə onun xeyrinə qeyri-obyektiv ifadə verməsi şöbhəsi yaransın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında da iddiaçı Aida Aliyevaya ünvanlanan suala cavab olaraq da təsdiq olunmuşdur ki, Sədrəddinlə onun münasibətləri əvvəllər olmamışdır. Bütün qeyd olunanları məhkəmə nəzərə almamış və pulun həmin hissədə qaytarılmasını təkzib edən hər hansı əsas qətnamədə vurğulanmamışdır. Bütün qeyd olunanlar qətnamənin düzgün əsaslandırılmadığını özündə ehtiva edir, məhkəmə iclasında X3 şahid qismində dindirilməsinin zəruriliyi qeyd olunsa da məhkəmə həmin vəsatəti nəzərə almamışdır. Bu səbəbdən, Sədrəddin Əkbərov şahid qismində məhkəmə iclasına dəvət edilsə, mahiyyəti üzrə fərqli qərar çıxarıla bilərdi. Lakin məhləmə tərəfindən həmin hal nəzərə alınmamış, onun mümkün iştirakı nəzərdə tutulan yalnız 1 baxış iclasını keçirməklə yekun qərar qəbul edilmişdir. Hətta vaxt verilməmişdir ki, X3 məhkəmə iclasında iştirakı onun tərəfindən təmin olunsun. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İştirak etdiyi məhkəmə iclasında iddiaçı Alieva Aida və onun nümayəndəsi və vəkili Vəkil1 Nəsib oğlu ayrı-ayrılıqda tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətlərinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

16. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətləri ilə qətnamə ayrı-ayrılıqda iddianın təmin edilən və edilməyən hissələrində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə də təmin edilməlidir.

24. Məhkəmə kollegiyası iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçının oğlu ilə cavabdehin qızı nişanlı olmuş, bu müddətdə iddiaçı ilə cavabdeh öz aralarında sonuncunun qızına məxsus mənzilin iddiaçının oğluna satılması ilə bağlı razılığa gəlmişdilər və nəticədə cavabdeh evi iddiaçıya satmış, lakin bununla bağlı aralarında hər hansı müqavilə bağlanmamışdır. Hazırda iddiaçı həmin hallara istinad edərək, bu münasibətlər çərçivəsində mənzilin alınması üçün cavabdehə 40.000 manat məbləğində pul verdiyini, sonradan cavabdehin mənzilin onun oğlunun adına rəsmiləşdirmədiyini, nəticədə bu hallarla bağlı onun şikayəti üzrə cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açıldığını, həmin icraat çərçivəsində cavabdehin 20.000 manat məbləğində pulu geri qaytardığını, məhkəmə icraatı zamanı cavabdeh barəsində bəraət hökmünün çıxarıldığını bildirir və ödənilməmiş qalan 20.000 manat məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tam şəkildə, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və apellyasiya instansiyasında da ona göstərilmiş hüquqi yardıma görə ödənilmiş pulun əvəzinin cavabdehdən tutulmasını tələb edir.

25. Cavabdeh iddianı qəbul etmir, qızına məxsus mənzilin iddiaçıya satılması ilə bağlı ondan 40.000 manat deyil, 33.000 manat aldığını, bu məbləğdən 20.000 manatının onun barəsində açılmış cinayət işinin istintaqı zamanı ödənildiyini, 5.200 manat məbləğin iddiaçının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsə qaytarıldığını, 1.500 manat məbləğinin arvadına məxsus qızılların lombarda qoyulması nəticəsində iddiaçıya borc götürülməsi zamanı onun tərəfindən öhdəlik icra olunmadığından lombarda ödənildiyini, 1.500 manat məbləğin iddiaçının oğlu Samirə, 5.000 manat məbləğinin isə Samirin diplomunun təsdiqlətdirilməsi üçün Qurban Məmmədov adlı şəxsə verildiyini bildirir və həmin hallara istinad edərək iddianın rədd edilməsini xahiş edir.

26. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

27. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

28. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

29. Bu baxımdan iddiaçı istinad edilən münasibətlər çərçivəsində cavabdehə 40.000 manat məbləğində pulun verilməsini və həmin pulun 20.000 manat hissəsinin bu günədək ona qaytarılmadığını sübut etməli idi. İddiaçı bununla bağlı cavabdehin barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq dövründə sonuncunun ondan 40.000 manat məbləğində pulun alınmasını etiraf etdiyini bildirir və bunun təsdiqi kimi xx.xx.2022-ci il tarixli üzləşmə protokollarına istinad edir. Belə ki, cavabdeh barəsində başlanmış cinayət işi çərçivəsində cavabdehlə iddiaçı və iddiaçının oğlu X8 arasında xx.xx.2022-ci il tarixdə baş tutmuş üzləşdirmə nəticəsində cavabdeh hər iki halda iddiaçının 40.000 manat məbləğində pulu 2020-ci ilin fevral ayında onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Bakıxanov Terras” yaşayış kompleksindəki mənzilində onlara verdiyini bildirmiş və hər iki protokolun sonunda öz xətti ilə “ifadəmi oxudum mənim sözlərim düz yazılıb başqa əlavəm və sualım yoxdur. Doğruluğunu imzalmla təsdiq edirəm” sözlərini yazmış və imzası ilə təsdiq etmişdir.

30. İstintaq orqanı tərəfindən cavabdehə verilmiş ittihamda da göstərilmişdir ki, cavabdeh iddiaçının 40.000 manat məbləğində pulunu ələ keçirmişdir. Lakin cavabdeh məhkəmə icraatı zamanı izahatını dəyişərək iddiaçıdan 33.000 manat pul aldığını bildirmişdir. Buna baxmayaraq, üzləşmə zamanı verilmiş izahatların sonradan dəyişdirilməsinin əsası ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəfin bu halla bağlı yeganə arqumenti izahatların müstəntiq tərəfindən yazıldığı və onunla tanış olmadığı ilə bağlıdır ki, bu arqumentlərə də məhkəmə kollegiyası 29-cu bənddə göstərilənləri də nəzərə almaqla tənqidi yanaşaraq əsassız hesab edir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, aralarında yaranmış münasibətlər çərçivəsində iddiaçının cavabdehə 40.000 manat məbləğində pul verməsi öz təsdiqini tapır.

31. Həmin məbləğin 20.000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Qalan 20.000 manat məbləğin qaytarılması halını isə cavabdeh sübut edə bilmir. Bu məbləğin 7.000 manat hissəsini ümumiyyətlə qəbul etmir (halbuki, 7.000 manatın da daxil olduğu 20.000 manat pulun iddiaçıya qaytarılmadığı artıq öz təsdiqini tapmışdır). Bu məbləğin qalan 13.000 manat hissəsinin isə qeyd etdiyi şəxslərə verilməsi, verildiyi təqdirdə isə bu məbləğlərin məhz iddiaçının tapşırığı üzrə, habelə onun iddiaçıya qaytarılmalı olduğu məbləğ hesabına verilməsi də öz təsdiqini tapmır.

32. Belə ki, cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə icraatı zamanı şahid kimi dindirilmiş X7 cavabdeh tərəfindən ona 5.200 manat (üzüyün dəyəri olan 4.000 manat və iddiaçının oğlunun borcunun əvəzi olaraq 1.200 manat) məbləğində pulun verildiyini bildirmişdir. Lakin bu məbləğin nəinki iddiaçının tapşırığı əsasında ödənildiyi, ümumiyyətlə iddiaçıya hər hansı aidiyyətinin olduğu öz təsdiqini tapmır. Ümumiyyətlə iddiaçının oğlunun borcunun cavabdeh tərəfindən bu şəxsə ödənilməsi anlaşılmazdır. Cavabdeh tərəfindən bu şəxsə belə bir ödəniş aparılmışdırsa da, həmin ödənişin onun iddiaçıya olan borcundan silinməsi üçün hər hansı əsas müəyyən edilmir.

33. Şahid qismində dindirilmiş X6 iddiaçının oğluna diplom düzəltməsini və bu işin görülməsi üçün cavabdeh tərəfindən ona 5.000 manat məbləğində pulun verilməsini qəbul etməmiş, lombarda sahiblik edən X15 isə şahid qismində verdiyi ifadəsində nəinki iddiaçının borcunu ödəmək üçün cavabdehin ona 1.500 manat pul vermədiyini, ümumiyyətlə iddiaçını tanımadığını bildirmişdir. İddiaçının oğlunun polis orqanlarında yaranmış problemini həll etmək məqsədi ilə cavabdehdən 1.500 manat məbləğində pul götürməsi də hər hansı sübutla öz təsdiqini tapmır və yalnız cavabdehin sözlərindən ibarətdir. Bütün bunlar da öz növbəsində cavabdehin dəlillərinin əsassız olduğunu, iddiaçının dəlillərinin isə əsaslı olduğunu göstərir və cavabdehin apellyasiya şikayətinin rədd, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməsini şərtləndirir.

34. Bununla belə, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın (mənzilin) alqısatqısından irəli gələn münasibətlər yaranmış, lakin bu münasibətlər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmiş, bu növ münasibətlər üçün nəzərdə tutulmuş forma və məzmunda tərəflər arasında müqavilə bağlanmamışdır. Bu səbəbdən həmin münasibətlər çərçivəsində onların bağladığı əqd hüquqi nəticə etibarı ilə əhəmiyyətsizdir. Qeyd edilənlər öz növbəsində bu münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə verilmiş 40.000 manat pulun bugünədək qaytarılmayan hissəsinin, yəni 20.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını şərtləndirir.

35. Məhkəmə kollegiyası hazırki qənaətinə uyğun olaraq hesab edir ki, iddianın təmin edilən bu hissəsi üzrə, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Məhkəmə kollegiyası hüquqi yardımın göstərilməsi üçün tutulmalı məbləğə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya instansiya məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədilə hüquqi yardımın göstərilməsi üçün 300 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə də təmin edilməli, Cavabdeh 7.000 manat (cəmi 20.000 manat) məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 21 manat hissəsinin əvəzi (cəmi 150 manat) tutularaq iddiaçı Alieva Aidaya ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat və hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul da eyni qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Alieva Aidanın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-190/2025 saylı qətnaməsi qismən - iddianın rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat (cəmi 20.000 (iyirmi min) manat) məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsinin əvəzi (cəmi 150 (bir yüz əlli) manat) tutularaq iddiaçı Alieva Aidaya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat və hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh iddiaçı Alieva Aidanın xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar