Məhkəmə qərarları › İş №2(103)-3898/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3898/2022

27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3898/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh3 MMC-nin nümayəndəsi Kamran Qafarlının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlə bağlıdır. Birinci instansiya məhkəməsi müəyyən edib ki, 22.03.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi baş verib. Hadisə “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün – Cavabdeh2 təqsiri üzündən, yəni onun yol hərəkəti qaydasını pozması nəticəsində baş verib, hadisə nəticəsində iddiaçıya məxsus olan “Hyundai Sonata” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnib. Təqsirkar sürücünün idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsusdur. Cavabdeh1 MMC (lizinq verən) ilə Elşən Novruzovun (lizinq alan) arasında həmin avtomobilə dair 06.02.2018-ci il tarixli lizinq müqaviləsi bağlanıb. Daha sonra lizinq müqaviləsi üzrə Elşən Novruzovun (lizinq alanın) öhdəlikləri 14.06.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh3 MMC-yə ötürülüb. 14.06.2019-cu il tarixli təhvil-təslim aktına əsasən Elşən Novruzov avtomobili Cavabdeh3 MMC-yə təhvil verib. Daha sonra avtomobil Cavabdeh3 MMC tərəflərin Cavabdeh2 icarəyə verilib. Onların arasında bu barədə 26.02.2021-ci il tarixli icarə müqaviləsi bağlanıb. Bu tarixdən 26 gün sonra, 22.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verib. Tələb və onun həlli: İddia ərizəsində göstərilən məbləğlərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələb olunub: 1) yol-nəqliyyat hadisəsində zədələnmiş avtomobilin bərpası üçün çəkilməli olan xərcin əvəzi kimi 2.980 manat; 2) avtomobil zədələndiyinə görə taksidən istifadəyə görə çəkilmiş xərcin əvəzi kimi 1.600 manat; 3) zədələnmiş avtomobilin duracaqda saxlanılmasına görə ödənilmiş haqqın əvəzi kimi 38 manat. Bundan başqa, iddia ərizəsində göstərilən məhkəmə xərclərinin əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələb olunub: 1) iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat; 2) vəkilin göstərdiyi xidmətə görə ödənilməş haqqın əvəzi kimi 500 manat. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, avtomobilin bərpası üçün çəkilməli olan xərcə görə 2.980 manat, avtomobilin duracaqda saxlanılmasına görə ödənilmiş haqqın əvəzi kimi 38 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, vəkilin göstərdiyi xidmətə görə ödənilməş haqqın əvəzi kimi 500 manat, cəmi 3.548 manat cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 mütərək qaydada tutularaq iddiaçıya ödənilsin. İddianın qalan hissəsi rədd olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə cavabdeh "xxxx" MMC-yə aid hissədə ləğv olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi Kamran Qafarlı apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – Cavabdeh3 MMC-yə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və Cavabdeh3 MMC-yə qarşı yönəlmiş tələb rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh3 MMC vurulmuş zərərə görə məsuliyyət daşımır. Belə ki, nəqliyyat vasitəsindən istifadə - ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət hesab olunur və Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə belə fəaliyyət nəticəsində vurulmuş zərərə görə məsuliyyəti yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs daşıyır. Təqsirkar sürücü Cavabdeh2 “Ravon Nexia R3” markalı avtomobili etibarnamə olmadan idarə edib, lakin onun adına icarə müqaviləsi olub. Mülki Məcəllənin 1108.1-ci maddəsində “icarə hüququ” yüksək təhlükə mənbəyinə sahibliyin əsaslarından biri kimi müəyyən edilib. Bu tip mübahisələr həll edilərkən inzibati və mülki hüququn tənzim etdiyi məsələlər eyniləşdirilməli deyil. İnzibati hüquq etibarnamə olmadan avtomobilin başqa şəxs tərəfindən idarə edilməsini qadağan etsə də (X1, maddə 332.1), mülki hüquq avtomobilin icarə müqaviləsi əsasında başqa şəxsin sahibliyinə verilməsinə icazə verir (Mülki Məcəllə, maddə 700). Hazırkı mübahisə mülki hüququn tənzimetmə predmetidir, yəni mülki hüquq normalarına əsasən həll olunur. Həmçinin nəzərə alınmalıdır ki, idarə etmə və sahiblik etmə ayrı-ayrı anlayışlardır. İnzibati hüquq etibarnamə olmadan sahiblik etməni deyil, idarə etməni qadağan edir. 1108-ci maddədə isə “sahiblik edən şəxs” ifadəsindən istifadə olunur. İcarə müqaviləsi mübahisələndirilmədiyinə görə hesab olunur ki, o, etibarlıdır. Etibarlı icarə müqaviləsi sahiblik hüququ yaradır. Odur ki, təqsirkar sürücü Cavabdeh2 yüksək təhlükə mənbəyinə (avtomobilə) mülki-hüquqi müstəvidə qanuni əsasla sahiblik edən şəxs sayılıb. Mülki Məcəllənin 1108.2-ci maddəsində qeyd olunub ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bu maddədə istifadə olunan “yiyələnmə” sözü “sahiblənmə” sözünün sinonimidir, yəni “yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxs” deyiləndə sahiblik səlahiyyətinin olmaması nəzərdə tutur. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında icarə müqaviləsi olduğuna görə hesab olunur ki, sürücü Cavabdeh2 avtomobilə hüquq zidd yiyələnmiş şəxs sayılmıır, yəni yüksək təhlükə mənbəyi Cavabdeh3 MMC-nin sahibliyindən hüquqa zidd götürülməyib. Beləliklə, Cavabdeh3 MMC zərərə görə məsuliyyət daşımır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli qətnaməsi Cavabdeh3 MMC-yə aid hissədə ləğv edilsin. İddiaçı tərəfindən Cavabdeh3 MMC-yə qarşı irəli sürülmüş “zərərin əvəzinin ödənilməsi barədə” tələb təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar