Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3900/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(007)-1581/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə, bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 manat xx.xx.2023-cü ildən hesablanıb verilməsi, 10.1992-ci il tarixdə təqaüdə çıxanda ona ödənilməli olan bir dəfəlik müavinət pulunun hesablanıb verilməsi, mediasıya prosesi üçün ödədiyi 50 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1581/2025 nömrəli 14 mart 2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair verilmiş iddia ərizəsi ilə bağlı yekun məhkəmə aktı mövcuddur və həmin akt qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə iddiaçı əvvəlki məhkəmə aktı ilə ona ödənilməli olan pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməməsi səbəbindən yenidən məhkəməyə müraicət etmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1581/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsini və tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəməyə iddia ərizəsi verərək göstərmişdir ki, o, xx.xx.1950-ci ildə Zərdab rayonunda doğulmuş, 1966-cı ildə peşə məktəbinə daxil olmuş, 1967-ci ildən təyinatla Cavabdeh ASC ilə əmək müqaviləsinə əsasən həmin işə qəbul olunmuşdur. xx.xx.1976-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən ona əmək xəsarəti yetirilib. TSEK-nın keçirdiyi ekspertizasının nəticəsinə əsasən o, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində peşəkar əmək qabiliyyətini 80 faizini itirmiş, 4 il ağır xəstə olduğuna görə xəstəxanada yatmış, işləməyinə icazə verilməmişdir. 1992-ci ilin oktyabr ayının 1-də ona 2-ci qrup əlillik dərəcəsi verilib və ona əmək haqqının 80 faizi hər ay ödənilib. 2020-ci ilin avqust ayına kimi ona ayda 250 manat ödəniş edilib. 2020-ci ilin avqust ayının ödənişi çoxsaylı şikayətlərdən sonra 2021-ci ilin may ayında ödənilib. Həmin andan etibarən müxtəlif bəhanələr gətirilərək, qanuni əsaslarla ona ödənilməli olan məvacib ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh ASC-nin rəhbərliyinin təqdim etdiyi məktubda qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilmə faizinə müvafiq olaraq 2020-ci ilin avqust ayına kimi zərərə görə aylıq ödəncin 2021-ci ilin may ayında ona ödənilmiş, pandemiya ilə əlaqədar olaraq müəyyən müddət fəaliyyət göstərmədiklərindən cəmiyyətdə maliyyə çətinliyi yaranmışdır. Maliyyə vəsaiti əldə edilən kimi aylar üzrə qalan borc ödəniləcək. Lakin ona sonradan heç bir ödəniş edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Cavabdeh ASC-dən onun xeyrinə bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 manat 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hesablanaraq tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4937 saylı qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən - sanatoriya-kurort putyovkaları (yollayışları) xərclərinin ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək o, müvafiq həkim rəyi təqdim etdiyi halda sanatoriya-kurort putyovkaların (yollayışların) xərclərinin cavabdeh "xxxx" ASC tərəfindən ona ödənilməsi, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2200/2023, xx.xx.2023-cü il tarixli qərarı ilə onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4937 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, onun xeyrinə bədbəxt hadisə nətciəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 manat 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minənədək hesablanaraq tutulması qət edilmişdir. Qeyd olunanlara əsasən ona ödənilməli olan aylıq 250 manat ödənişin 2020-ci ilin avqust ayından Ali Məhkəmənin MKnın 2(102)-2200/2023, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-367/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək hesablanmaqla cavabadeh "xxxx" ASC-dən onun xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2200/2023, xx.xx.2023-cü il tarixli qərarından sonra ona verilməli olan, lakin verilməyən putovkaların cavabdeh tərəfindən ona verilməsi, habelə ona ödənilməli olan birdəfəlik müavinət ödənilməsi barədə qətnamə çıxarılmalıdır Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1581/2025 saylı, 8 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, həmin hissə yenidən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İşin mübahisəli halları kontekstində nəzərə alınmalıdır ki, MPM-nin 153.2.2-ci maddəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməkdən imtina edilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadının olmasını yetərli hesab edir. Məlum olduğu kimi, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və s. kimi tələblərlə eyniləşdirilməməlidir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Yuxarıda sadalanları konkretləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, ayrı-ayrı iddia tələblərinin və ya əsasının fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmeti və əsasının fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli və əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şəkildə qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 367/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 manat 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hesablanaraq tutulması, qalan hissədə iddianın təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4937 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən - sanatoriya-kurort putyovkaları (yollayışları) xərclərinin ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək o, müvafiq həkim rəyi təqdim etdiyi halda sanatoriya-kurort putyovkaların (yollayışların) xərclərinin cavabdeh "xxxx" ASC tərəfindən ona ödənilməsi, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2023-cü il tarixində qanuni qüvvəsini almışdır. Hazırda isə İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə, bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə aylıq 250 manat ödənişin xx.xx.2023-cü ildən hesablanıb verilməsi, 10.1992-ci il tarixdə təqaüdə çıxanda ona ödənilməli olan birdəfəlik müavinət pulunun xeyrinə tutulmasıı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh ASC-yə qarşı olan iddia ərizəsi iki hissədən xx.xx.2023-cü il tarixindən etibarən bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 manat və təqaüdə çıxanda ona ödənilməli olan birdəfəlik müavinət pulunun hesablanıb verilməsindən ibarətdir. İddianın “təqaüdə çıxanda birdəfəlik müavinət pulunun ödənilməsi” hissəsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış bu məsələni eyni predmet və əsasdan ibarət iddia tələbi ilə məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. İddianın digər hissəsi ilə əlaqədar isə kollegiyanın mövqeyi başqadır. Belə ki, iddiaçının bu tələbi xx.xx.2023-cü il tarixində qanuni qüvvəsini almış məhkəmə aktı ilə öz həlini tapmış tələbdən həm predmeti həm də əsası baxımından fərqlənir. Çünki iddiaçının tələbi əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həll olunmuş məsələ məhz hər ay üçün 250 manat olmaqla "xxxx" ASC-dən İddiaçı xeyrinə bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyanın 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hesablanaraq tutulması ilə əlaqədar olmuşdur. Halbuki iddiaçının hazırkı işin nəticəsində nail olmaq istədiyi maddi nemət - bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyanın xx.xx.2023-cü ildən sonra yaranmış məbləğindən ibarətdir. Göründüyü kimi iddiaçının eyni cavabdehə qarşı irəli sürdüyü hazırkı tələb həmin iddiaçı tərəfindən həmin cavabdehə qarşı irəli sürülmüş əvvəlki tələbi ilə mahiyyətcə eyni deyil. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini bu hissədə qəbul etməkdən imtina etməkdə haqlı olmamış, bununla da iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad qismən ləğv olunmalı, iş iddia ərizəsinin “xx.xx.2023cü ildən etibarən bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay üçün 250 manat məbləğində pulun tutulması” hissəsində icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1581/2025 saylı 14 mart 2025-ci il tarixli qərardadı qismən ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin “xx.xx.2023-cü ildən etibarən bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay üçün 250 manat məbləğində pulun tutulması” hissəsində icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Elşən Kazımov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3900/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3900/2025
01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver