Məhkəmə qərarları › İş №2(103)-3902/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3902/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3902/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4643/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10.530,40 manat məbləğində əsas, 697,30 manat məbləğində faiz, 180,70 manat məbləğində cərimə, 11.408,40 manat məbləğində borcun və ödənilmiş 124,23 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4643/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10.530,40 manat məbləğində əsas, 697,30 manat məbləğində faiz, 180,70 manat məbləğində cərimə, 11.408,40 manat məbləğində borcun və ödənilmiş 124,23 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh apellyasiya şikayəti, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını və apellyasiya şikayətini mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4643/2022 saylı qərardadı ilə Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmiş, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə barədə xəbərinin olmamasını, qətnaməni xx.xx.2023-cü il tarixdə icra şöbəsindən götürdüyünü məhkəməyə bildirsə də məhkəmə bu məlumatı nəzərə almamışdır. Qətnamənin güya ki, onun tərəfindən qəbul edilməsi və apellyasiya şikayətinin üzrsüz səbəbdən vaxtında verilməməsi qənaətinə gəlmişdir. Qətnamənin onun tərəfindən xx.xx.2022-ci il tarixdə alınmasını qeyd etsə də, qəbzin onun tərəfindən imza edilib-edilməməsi araşdırmamışdır. Halbuki, o, həmin imzanın ona məxsus olmadığını bildirmişdir. Lakin məhkəmə buna hər hansı münasibət bildirməyərək, müddəti bərpa etməmiş, imzanın hansı şəxsə məxsus olmasını araşdırmamışdır. Nəticədə onun hüquqları pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4643/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-4643/2022 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4643/2022 saylı qətnaməsinin nəticə hissəsi cavabdehin iştirak etdiyi məhkəmə iclasında elan edilmiş və bundan sonra xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan və Cavabdeh adına yazılımış poçt qəbzinə əsasən (76-cı səhifə) qətnamə xx.xx.2022-ci il tarixdə həmin qəbzə imza etməklə İbrahimov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh qətnaməni almadığını, istinad edilən poçt qəbzini imzalamadığını və qətnaməni rəsmi olaraq xx.xx.2023-cü il tarixdə icra şöbəsindən götürdüyünü bildirir. Lakin birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılarkən bu məsələlər araşdırılmamış, o cümlədən poçt qəbzinə imza edən şəxs (cavabdehlə həmin mənzildə yaşayan şəxslərin dairəsinin dəqiqləşdirilməsi yolu ilə), habelə cavabdehin icra şöbəsində olması tarixi və qətnamənin həqiqətən də şöbədən alıb-almaması müəyyən edilməmişdir. Halbuki, bu məsələlərə aydınlıq gətirilməsi cavabdehin qeyd edilən qətnaməni birbaşa və ya başqa şəxs vasitəsi ilə əldə etməsinin və qətnamə barədə məlumatlı olmasının müəyyən edilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Belə ki, cavabdeh qətnamənin nəticə hissəsinin elan edildiyi məhkəmə iclasında iştirak etmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixdə qətnamənin çıxarılması və onun nəticəsi barədə tam məlumatlı olmuşdur. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşaması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Cavabdeh özü də apellyasiya şikayətində bu ünvanı faktiki yaşayış ünvanı kimi göstərmişdir. Qətnamənin həmin ünvan üzrə bir başa cavabdeh tərəfindən deyil, onunla bu ünvanda yaşayan digər şəxs tərəfindən qəbul edilməsi müddətin bərpası üçün əsas yaratmır. Hər bir halda, bu şəxsin kimliyi və onun cavabdehlə hansı münasibətdə və qohumluq əlaqəsində (atası, qardaşı və sair) olması, qətnamə barədə cavabdehə məlumat verməməsinin səbəbləri araşdırılmalıdır (bununla bağlı suallar verilməli və cavablar alınmalıdır). Digər tərəfdən həmin qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Qüvvədə olan qanunvericilikdə icra sənədinin icraata qəbul edilməsi, könüllü icra barədə bildirişin icra məmurunun qərardadı ilə birlikdə borcluya göndərilməsi, habelə icra sənədinin könüllü və məcburi qaydada icra edilməsi müddətləri konkret müəyyən edilmişdir. Bu müddətlər baxımından 2022-ci ilin dekabr ayının sonunadək borclu icra sənədi barədə məlumatlı olmalı idi. Bu halın mövcudluğu da onun mövqeyinin əsassız olmasını təsdiq etmiş olacaqdır. Bu səbəbdən cavabdehə icra sənədi barədə məlumat verilməsi tarixi, habelə onun hansı tarixdə, hansı qaydada və hansı sənədi (icra vərəqəsi və ya qətnamə) icra şöbəsindən qəbul etməsi müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi isə onun həmin qətnamə ilə razılaşması və apellyasiya şikayətinin verilməsinə olan hüquqi marağının aradan qalxması kimi də qiymətləndirilə bilər. Apellyasiya şikayətinin verilməsi müddətinin real olaraq ötürülüb-ötürülməməsinin müəyyən edilməsi baxımından göstərilən digər hallarla yanaşı, bu halın da araşdırılması zəruridir. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-4643/2022 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4643/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, yəni məhkəmə kollegiyası tərəfindən göstərilən halların araşdırılması təmin edilməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar