Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3904/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli, 2(011)-789/2015 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçının Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında 27 iyun 2013-cü il tarixli, 27062013/135641 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə, illik 32 faiz ödəmək şərti ilə , 4400 ABŞ dollar məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 27062013/135641 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 27062013/135641 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3379 ABŞ dollar əsas borcu, 1296 ABŞ dolları faiz borcu, 700 ABŞ dollar cərimə olmaqla, cəmi 5375 ABŞ dollar pul vəsaitinin, ödınilmiş 30 manat dövlət rüsumuun iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmişdir. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən 27062013/135641 saylı kredit müqaviləsi üzrə öhdıliklərin tam həcmdə yerinə yetirilməsinə məsuliyyəti öz üzərinə götürür.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 yanvar 2015-ci il tarixli, 2(011)-789/2015 saylı qətnaməsi ilə (hakim Əhmədov Rauf) iddia tələbi qismən təmin edilmiş, ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 3379 ABŞ dollarə əsas borc, 1296 ABŞ dolları faiz borcu, 100 ABŞ dooları cərimə olmaqla, cəmi 4775 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, o, şəhid anası olmaqla 1-ci qrup əlildir və xərçəng xəstəliyindən əziyyət çəkir. Ödəniş etməyə imkanı yoxdur. Zaminlik müqaviləsinin ləğv edilməsi ilə bağlı banka müraciət etmişdir lakin nəzərə alınmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
14. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
15. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 16.Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh tərəfindən qətnamə ona aid hissədə mübahisələndirilməklə ləğv edilməsi xahiş edildiyindən qətnamə ona aid hissədə yoxlanılır. .
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
29. İşdən müəyyən edilir ki, Vusal Muradovla bank arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Əsas borclu borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu Cavabdeh1 cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda iddiaçı tətəfindən də kredit müqaviləsi üzrə öhdəliyə əsasən yaranmış borc məbləği haqlı olaraq apellyatordan da tələb edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən zaminliyə xitam verilməsi əsaslarıda müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən məhz Mülki Məcəllənin 477-ci maddəsinə nəzərdə tutulan müəddətlərə riayət edilməklə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Apellyasiya şikayəti verən şəxsin borcun ödənilməsinə imkanının olmaması da məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlili məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli, 2(011)-789/2015 saylı qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.