Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3910/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 24.000 manat məbləğində pulun və 162 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, həmin iş üzrə xx.xx.2023-cü il tarixə, saat 16:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və məhkəmə iclasının yaxın günlərə təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, məhkləmənin hazırlıq iclası 03 may 2023-cü il tarixə saat 16:00-a təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına onun iştirakı olmadan baxılması haqqında elektron məhkəmə informasiya sistemi vasitəsi ilə mətn formasında müraciət etmişdir. Həmin müraciətin qeyd edilən iş üzrə elektron məhkəmə sistemində təhvil alındığı yazılmış və həmin gün saat 13:06-da onun EElektron ünvan email ünvanına ərizənin təqdim edilməsi barədə təsdiq məktubu gəlmişdir. Lakin 13.16-da onun iştirakı olmadan baxılması haqqında ərizəni qəbul etməsinə baxmayaraq, hakim iddianı baxılmamış saxlamışdır ki, iddiaçı guya onun iştirakı olmadan baxılmasını xahiş etməyibdir. Məhkəmə iddiaçı tərəfin işə onun iştirakı olmadan baxılması barədə ərizəni 03 may 2023-cü il tarixdə, saat 13:16-da qəbul etməsinə baxmayaraq, həmin ərizənin mətnini ümumiyyətlə oxumamış və belə qənaətə gəlmişdir ki, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş və məhkəmədə iştirak etməmişdir. İddiaçı tərəfin gəlməməsi və işə onların iştirakı olmadan baxılmasını xahiş etməməsi işin halları ilə tam təkzib olunur. Yuxarıda qeyd olunanlardan və elektron məhkəmə sistemindəki məlumatlardan məlum olur ki, məhkəmənin arqumenti açıq-aşkar təkzib edilir və qərardad qanunsuzdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı və 259.0.6-cı maddələrini səhv tətbiq etmişdir. Məhkəmə iclası başlamazdan ən azı üç saat əvvəl ərizə qəbul etdiyi halda, Mülki Prosessual Məcəllənin 186.6-cı və 259.0.6cı maddələrini tətbiq edə bilməzdi. Göstərilənlərin nəzərə alınması və şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət, qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılmışdır. Qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə yenidən həmin qərardaddan şikayət vermiş və onun şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixl qərardadı ilə təmin edilməyərək, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6cı və 259.0.7-ci maddələri tətbiq edilir; 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Həmin Qərarın 9.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokoluna bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə ilk növbədə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericilikdə iddiaçının iştirakı olmadan işə baxılmasının mümkünlüyü təsbit edilmiş, eyni zamanda, bu vəziyyətin iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olduğu hallar dəqiqləşdirilmişdir. Belə ki, iddiaçının işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və belə bir məzmunlu ərizə ilə məhkəməyə müraciət etməsi, hüquqi baxımdan mübahisəyə mahiyəti üzrə baxılmasını mümkün edir. Lakin bu barədə müraciətin olmaması da iddia ərizəsinin dərhal baxılmamış saxlanılması üçün əsas yaratmır. Belə bir əsas yalnız eyni hal təkrarlandıqda, yəni işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmə iclasına təkrar gəlmədikdə yaranır. Daha geniş və sadə izaha əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı ən azı iki məhkəmə iclasında iştirak etməməlidir ki, onun iddia ərizəsi bu əsasla baxılmamış saxlanılsın. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı iddiası ilə bağlı mülki iş üzrə məhkəmənin ilk hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 16:00-a təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin gün məhkəmə iclasından əvvəl elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmin ərizə iş materiallarının 57-ci səhifəsində, bu tarixə təyin edilmiş məhkəmə iclasının protokolundan əvvəl yer almışdır. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin bu barədə ərizəsini, habelə iş üzrə ilk məhkəmə hazırlıq iclasının keçirildiyini nəzərə almamış, nəticə etibarı ilə Mülki Prossesual Məcəllənin 185.4-cü maddəsinin tələblərini diqqətdən kənar qoyaraq və 259.0.6-cı maddəsini səhv tətbiq edərək, iddia ərizəsini baxılmamış saxlamışdır. Ərizəni verən şəxs iddiaçının vəkili olmaqla yanaşı, həm də onun nümayəndəsidir və bu baxımdan onun adından məhkəmədə hərəkət etməyə tam səlahiyyətlidir. Bu səbəbdən onun tərəfindən verilmiş ərizə məhz iddiaçının mövqeyini əks etdirir. Başqa sözlə, məhz iddiaçı xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, qərardadda Mülki Prosessual Məcəllənin 50.1-ci və 185.6-cı maddələrinə istinadən bu ərizəyə münasibətdə prosesdə tərəflərin iddiaçı və cavabdeh hesab edilməsi, nümayəndənin, yaxud vəkilin məhkəmə iclasına gəlməməsinin işə baxılmasına mane olmaması, hazırki iş üzrə tərəflərin məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsi və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməməsi barədə fikirlərin qeyd edilməsi ümumiyyətlə anlaşılmazdır. Vəkilin, eyni zamanda iddiaçının etibarnamə üzrə nümayəndəsi olması və qeyd edilən ərizə ilə məhkəməyə müraciət etməsi iddia ərizəsinin baxılmamış saxlanılmasını konkret olaraq istisna edir. Bu da öz növbəsində şikayətin qərardadın ləğv edilməsi hissəsində əsaslı olmasını təsdiq edir. Eyni zamanda, iş üzrə məhkəmə iclasının yaxın günlərə təyin edilməsinin məhkəmə kollegiyasının səlahiyyətlərinə aid olmaması şikayətin bu hissədə rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Bu səbəbdən şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3910/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3910/2023
09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver