Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3914/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” 2(010)-628/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi barədə” iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28.01.2014cü il təvəllüdlü X3, 09.10.2015-ci il təvəllüdlü X1 və 21.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(001)-7791/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması və hər ay anaları Cavabdeh hər bir uşağa görə 193 manat olmaqla, cəmi 579 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 24 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 28.01.2014-cii il tarixdə X8, 09.10.2015-ci il tarixdə X4 və 21.02.201 7-ci il tarixdə X6 adlı övladları doğulmuşdur. Aralarındakı nikah Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(001)-344/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək onun yanında saxlanması qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(001)- 7791/2019 saylı qətnaməsi ilə 28.01.2014-cii il təvəllüdlü X3, 09.10.2015-ci il təvəllüdlü X1 və 21.02.2017-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa görə 80 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Birgə nikahdan doğulmuş uşaqların inkişafı üçün hərtərəfli şəraitin yaradılması onun olduğu kimi cavabdehin də borcudur. Hal-hazırda ölkə ərazisində yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edildiyindən birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə alimentin təyin edilməsini xahiş edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli,qətnaməsinə əsasən Cavabdeh 28.01.2014-cü il təvəllüdlü X3, 09.10.2015-ci il təvəllüdlü X1 və 21.02.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin işsiz olması, heç bir yerdən gəlirinin olmaması nəzərə alınmamışdır. Belə ki, təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyinin 3 saylı Bakı “Dost” Mərkəzinin arayışından görünür ki, Cavabdeh (FİN 2FKHNH) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnormasiya sisteminin “X7” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi isə təyin edilmiş 240 manat alimenti ödəyə bilməməyini, həmçinin ödəyə bilmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilməyini, həmçinin alimenti ödəyə bilmədiyi üçün ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmasını belə nəzərə alınmamışdır. Cavabdehin başa düşdüyü budur ki, onun bir valideyn kimi ancaq aliment ödəmək vəzifəsi var. Valideynlik hüququndan məhrum edilməməyinə baxmayaraq nə uşaqlarını görə bilir, nə onlarla ünsiyyətdə ola bilir, hətta məhkəmə qərarı ilə onun razılığı olmadan onların ölkədən çıxışına icazə verilmişdir. Əvvəlki aliment borcunu tam olaraq ödəyə bilmədiyi halda yeni təyin edilmiş məbləğlə ödəmək onun üçün daha çətindir. Yuxarıda da qeyd etdiyi kimi cavabdeh işləmir, ailədə yeganə işləyən şəxs isə anasıdır ki, o da tibb bacısıdır. Ölkədə tibb bacısının aldığı maaş da hamıya məlumdur. İşləyə bilməməyinin səbəbi də elə iddiaçının qanunsuz hərəkətləridir ki, onun diplomu və sair sənədləri iddiaçıdadır, onları vermədiyinə görə, həmçinin məhkəmə işləri çox olduğu üçün məhkəmədə iştirak edə bilmək də iş tapmağını çətinləşdirir. Hətta işləmiş olsa belə, ölkə ərazisi üçün tibbi bacısının aldığı məvacibi nəzərə alsaq, həmin məvacib nə onun yol xərclərini, nə də ki təyin edilmiş alimenti ödəməyinə yetmir. Həmçinin, iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən kobud maddi hüquq pozuntusuna yol verilmiş və aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən etmişdir. Hesab edir ki, həmin qətnamə uşaqların hüququnu, eləcə də qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Alimentin məbləği Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununun 1.0.2ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Cavabdeh valideynlik hüquqlarından suiistifadə edərək bu günədək azyaşlı uşaqlarına vətəndaşlıqlarını təsdiq edən (şəxsiyyət vəsiqəsi pasport və.s) sənədlərin müvafiq orqanlardan alınması üçün imza etməkdən qərəzli olaraq boyun qaçırır. Bu səbəbdən də azyaşlı uşaqların məktəbəqədər təhsil müəsissələrində (uşaq baxçaları və.s) və uşaq poliklinikalarında qeydiyyata alınması mümkün olmamışdır, onların gələcəkdə şəxsiyyət kimi formalaşmalarına və səhhətlərinə mənfi təsir göstərməklə, iddiaçıya əlavə maddi çətinlik yaratmışdır. Apellyasiya baxışı zamanı cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdə olan olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(001)-344/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 28.01.2014-cii il təvəllüdlü X8, 09.10.2015-ci il təvəllüdlü X4 və 21.02.2017-ci il təvəllüdlü X6 adlı uşaqlarının yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılmaları qət edilmişdir. İşdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(001)- 7791/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş 28.01.2014-cü il təvəllüdlü X8, 09.10.2015-ci il təvəllüdlü X5 və 21.02.2017-ci il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyinin 3 saylı Bakı “Dost” Mərkəzinin 13.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh adına (FİN 2FKHNH) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnormasiya sisteminin “X7” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, hazırki iş üzrə tərəflərin ailə və maddi vəziyyətində diqqətəlayiq olan hər hansı hallar aşkar edilmədiyi üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasına zərurət yoxdur. Belə ki, iddiaçı bu hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir, digər tərəfdən cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi həmin şəxs hal-hazırda işsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında qeyd edilmişdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4.) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli, 2(010)-628/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3914/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3914/2022
31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver