Məhkəmə qərarları › İş №2(103)-3916/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3916/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3916/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1546/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3075/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh qızı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, həmin məhkəmənin 2(001)-5472/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında tutulan alimentin dəyişdirilməsi, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 193 manat olmaqla, cəmi 579 manat miqdarında alimentin tutulması qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı ödənilən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının 193 manatdan hər uşaq üçün 235 manata artırılması və ödənilmiş 57 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, el-adət ənənəsi ilə Cavabdeh ilə ailə qurmuş və nikahlarının bağlanması barədə Binəqədi rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 576 nömrəli ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5472/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Binəqədi rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 576 nömrəli ilə qeyd edilmiş nikah pozularaq uşaqların analarının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər üç uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3075/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5472/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında uşaqların saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında tutulan aliment dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 193 manat olmaqla, cəmi 579 manat miqdarında aliment tutulması qət edilmişdir. Həmin qətnamənin qəbul edildiyi gündən artıq xeyli müddət keçib və bu müddət ərzində bütün dünyada gedən bahalaşma prosesi bütün istehlak mallarının qiymətinin artması ilə müşahidə edilir. Bu isə onu çox ağır maddi problemlərlə üz-üzə qoyur. Cavabdeh hər gün bir bahalı avtomobil alır və aylıq qazancı 1.500-3.000 manat arasında təşkil edir və onun bu gəlirlə hər uşaq üçün 235 manat sabit pul məbləğində alimenti ödəmək iqtidarındadır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, hal-hazırda əmək haqqında heç bir dəyişiklik olmadığı halda alimentin artırılma tələbi qəbul edilməzdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 76.1 və 76.1.3-cü maddəsi pozularaq qazancının (gəlirin) yarısı miqdarından çoxdur. Faktiki olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022 tarixli, 2(001)-3483/2022 saylı qətnaməsinə əsasən 4.000 manat borcu qalmışdır. Bununla bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 147/2023 saylı qərardadına əsasən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1546/2024 nömrəli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, artırılmış alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 104.60 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, uşağı yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir.

8. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.

9. Göründüyü kimi iddiaçı özü işləyir və 359 manat əmək haqqı alır, cavabdeh isə iki müəssisədə işləyərək 1.227 manat əmək haqqı alır. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay hər bir uşağa 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3.1, 27.1, 27.2-ci maddələrinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 19-cu maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.13, 8.14-cü bəndlərinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə, Mülki Poressual Məcəlləsinin 14.2, 77.1, 88, 112.1, 112.1.3, 217.3, 217.4-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.2, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin aylıq əmək haqqı 700 manat təşkil edir. İddiaçının tələbi isə hər bir uşağa 250 manat olmaqla, 750 manatdır. İşin faktiki hallarına nəzər yetirdikdə, müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin edərkən hər bir uşağa görə 193 manat olmaq şərti ilə, cəmi 579 manat aylıq təqaüd məbləği müəyyən etmişdir. Məhkəmənin aliment məbləğinin müəyyən edilməsi zamanı cavabdehin maddi vəziyyəti, yəni onun aylıq məvacibinin 700 manat olması və əlavə gəlirinin olmaması nəzərə alınmamışdır. Belə ki, 700 manat aylıq maaşından 579 manat aliment xərci tutulduqdan sonra cavabdehin aylıq 121 manat pul ilə həyatını idarə etməsinin qeyri-mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində öz maddi durumundan gileylənməyinə baxmayaraq hazırda iki yerdə işləyir və buna görə ölkə ərazisində normal hesab olunan əmək haqqıdan da yüksək əmək haqqı alır. Həmçinin, cavabdeh son bir neçə ildə hər birinin qiyməti əvvəlkindən dəfələrlə yüksək olan bir neçə avtonəqliyyat vasitəsi dəyişmişdir. Həmin avtonəqliyyat vasitələrini o, etibarnamə ilə idarə etməsinə baxmayaraq həmin avtomobillər onun şəxsi mülkiyyəti sayılır. Belə ki, "Elektron Məhkəmə" Sistemi ilə araşdırma aparılsa, Cavabdeh 2020-2024-cü illər ərzində üç avtonəqliyyat vasitəsi dəyişdiyinin şahidi olarsız. Son olaraq isə o, orta bazar qiyməti 30.000-35.000 manat olan “Kia Sorento” markalı avtomobil alaraq etibarnamə əsasında idarə edir. Uşaqlar artıq böyüyüblər və hazırda onların tələbləri dahada artmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə prosesinin iddiaçı tərəfin iştirakı olmadan keçirilərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırki işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şilkayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır.

27. Alimentin təyin olunduğu vaxtdan artıq iki il müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Kollegiya hesab edir ki, hazırda üç uşağa görə alimentin 579 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

28. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, aliment ödəyən valideynin az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Kollegiya onu da qeyd edir ki, tərəflərin uşağı - xx.xx.2007-ci il təvəllüdlü X6 bir neçə aydan sonra yetkinlik yaşına çatmış olacaqdır və cavabdeh onun saxlanılması üçün məhkəmə aktı ilə tutulan aliment öhdəliyindən azad olunacaqdır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1546/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar