Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3918/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4694/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 91200 ABŞ dolları məbləğində borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 91200 ABŞ dolları məbləğində pul vermişdir. Bununla əlaqədar 17 iyul 2017-ci il tarixdə Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən verilmiş borc ən geci 17 iyul 2020-ci il tarixə qədər hissə-hissə qaytarılmalı olmuşdur. Lakin cavabdeh qeyd olunan müqavilənin və aralarında olan verilmiş pulun hissə-hissə qaytarılması barədə razılaşmanın tələblərini pozmuş və borclu olduğu 91200 ABŞ dolları məbləğində pulu bu günədək iddiaçıya qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı tərəfindən cavabdehə edilən müraciətlər nəticəsiz qalmış və sonuncu borcunu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən günün məzənnəsinə uyğun olaraq 91200 ABŞ dolları borc vəsaitinin və 5100 (3000 ABŞ dolları) manat mənəvi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4694/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh günün məzənnəsinə uyğun olaraq 91200 (doxsan bir min iki yüz) ABŞ dolları məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4694/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 17 iyul 2017-ci il tarixdə borc müqaviləsi bağlanılıb. Əslində bu müqavilə bağlandığı andan ehtibarsız olub. Lakin bu müqaviləyə istinad edərək qərar qəbul edən hakim cavabdehin dediklərinin heç birini nəzərə almayıb. Qeyd edilən müqavilə bağlandığı andan etibarsız müqavilə olub. Qorxu və təhdid altında, cavabdehin düşdüyü çıxılmaz vəziyyətdən istifadə edilərək bu müqaviləyə imza atmağa məcbur edilmişdir. Həmçinin, müqavilə bağlanarkən iddiaçı cavabdehə müqavilədə qeyd edilən borcu verməyib. Belə ki, cavabdeh məndən müxtəlif dövrlərdə polis orqanlarına şikayətlər edib. 20. 07.2017- ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu PB-də onun şikayətinin rədd edilməsinə dair qərar qəbul edilib. Həmin qərarın 2-ci abzasında yazılır ki, "Araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh 1999- cu ildən tanıyır, sonuncu 2013-cü ildə ona Dubay şəhərində birliyant gətirib Azərbaycanda satmasını təklif etmiş, özü isə həmin vaxt Moskva ünivermağında qızıl - zinət əşyaları satmaqla məşğul olmuş və onda 68.500 ABŞ əlində pul olmuşdur. Azad ona həmin pulu verib Dubaydan birliyant gətirib satmasını təklif etmiş, onunla razılaşaraq 2014-cü ilin əvvəlinə kimi hər ay onunla Dubay şəhərinə gedib birliyant daşlar gətirmişlər. Azad birliyantı Moskva ünivermağında satmışdır. Ondan hər dəfə qazanc barədə soruşduqda sonuncu 10 000 ABŞ dolları qazanc olduğunu bildirmişdir. 2014-cü ildə Azad yenə 30 - 40 min ABŞ dolları pul lazım olduğunu deyərək o, bununla bağlı dostu Qoşqar adlı şəxsə müraciət etmiş sonuncu nəğd pulu olmadığına görə ona həmin məbləğdə qızıl əşyaları vermiş, o da qızıl əşyaları Azada vermişdir. Qoşqar həmin qızıl əşyalarını ona 33. 500 ABŞ dollarına vermişdir. Bir müddətdən sonra Azad yenə pul lazım olduğunu deyərək əmisi oğlu Valehdən 23. 000 ABŞ dolları alıb Azada vermişdir. Onların hesabına görə Azada verdiyi 125 000 ABŞ dollarından 170-180 min ABŞ dolları qazanc olmuşdur. Həmin qazancın yarısı ona çatmalı idi. 2014-cü ilin sentyabr ayında Azad ona verəcəyi pulu olmadığını bildirmiş, ondan səbəbini soruşduqda sonuncu guya Türkmənistan Respublikasına 70 000 ABŞ dolları göndərdiyini, həmin pulu ala bilmədiyini demişdir. Sonradan öyrənmişdir ki, türkmənlər ondan cəmi 20 000 ABŞ dolları dəyərində qızıl əşyaları götürmüşlər. Bundan sonra Azad pulun qaytaracağına söz versə də qaytarmamışdır." Həmin qərarın 3-cü abzasında cavabdehin izahatında yazılır: "İzahatı alınmış Cavabdeh bildirmişdir ki, o, Ehtiyarı 1999-cu ildən tanıyır. Belə ki, Moskva üniverməğında qızıl, birliyant alveri ilə məşğu olarkən təsadüfən Ehtiyarı tanımışdır. 2013-cü ildə Ehtiyarla birlikdə birliyyant alveri ilə məşğul olmaq qərarına gəlmişlər. Atasına məxsus evi 57. 500 ABŞ dollarına satmış. Ehtiyar isə 2013-cü ilin mart aprel aylarında Moskva üniverməğında ona 58 000 ABŞ dolları birilyant alveri ilə məşğul olmaq üçün pul vermiş. Ehtiyarla birlikdə Dubay şəhərinə gedib oradan 117 000 ABŞ dolları dəyərində birliyant alıb Bakı şəhərinə gətirib satışını təşkil etmişlər. Hər dəfə malları gətirib satarkən məhsulların bir hissəsinin pulu nisyə qalmış, bu səbəbdən birliyant alveri ilə məşğul olmaq üçün əlavə pul lazım olmuşdur. Bu səbəbdən 2014- cü ilin fevral ayında Elyar əlavə 53 000 ABŞ dollarını Dubay şəhərinə göndərmişdir ki, birliyant gətirsin. Dubaydan gətirdiyi malların çox hissəsini Türkmənistan vətəndaşlarına nisyə şəkildə satmış və hazırda türkmənlərin ona 85 000 ABŞ dolları borcu vardır. Sonradan Ehtiyara məxsus 50000 ABŞ dolları dəyərində malları aparıb Ehtiyara vernmiş, sonuncu 50000 dollar dəyə'ində malları 32. 000 ABŞ dollarına qiymətləndirərək borcundan silmişdir. Daha sonra Ehtiyar iş yerinə gələrək ondan 70 000 ABŞ dolları dəyərində qızıl - zinət əşyalarını götürüb özü ilə aparmışdır.. Ehtiyar ona həmin 70000 ABŞ dolları dəyərində qızıl əşyalardan 33 000 ABŞ dollarına satdığını demiş və hazırda ona borcu yoxdur. Ehtiyarın ona dedikləri yalan və böhtandır." Buradan aydın olur ki, tərəflər arasında 2013-cü ildən münasibət yaranıb. Bir yerdə pul qoyub alver etmişlər. Bu qərar göründüyü kimi 20.07.2017-ci il tarixdə qəbul edilib. Tərəflər arasındakı borc müqaviləsi isə bundan 3 gün əvvəl - 17 iyul 2017-ci il tarixində bağlanıb. Guya iddiaçı cavabdehə həmin gün 91. 200 manat (1 ABŞ dolları 1.70 manat ekvavalentinə) olmaqla 155040 manat borc pul vermişdir. Bütün bunların hamısı yalandır. Sənədləşdirmə işləri də doğru - düzgün aparılmayıb. Verilən borc pul heç bir banka oturulmayıb. Notarius bu müqaviləni qanuna müvafiq təsdiqləməyib. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili N.Quliyeva cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Beləki, iş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş17 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 91200 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh 91200 ABŞ dolları pulu 17 iyul 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş və ya hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə“əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq 17.07.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməməklə tərəflər arasında olan müqavilənin və Mülki Məcəllənin tələblərini pozmuşdur. Cavabdeh apellyasiya şikayətində həmin müqavilənin etibarsız olmasına, müqavilənin hədə və təhdid altında imzalamağa məcbur edilməsi hallarına istinad etsə də, həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən hallara və sadalanan hüquq normlarına əsasən, kollegiya hesab edir ki, 91200 (doxsan bir min iki yüz) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunmuşdur. Lakin apellyasiya şikayətinin məzmununda cavabdeh iddia tələbinin təmin olunmayan 5100 manat mənəvi zərərlə bağlı hissədə mübahisələndirilməmişdir. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə, yəni 91.200 ABŞ dolları borcun ödənilməsi hissəsində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4694/2020 saylı, 06.10.2020ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3918/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3918/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver