Məhkəmə qərarları › İş №2(103)-3918/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3918/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3918/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və qeyrilərinin cavabdehlər AR Cavabdeh2nə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3918/2025 (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi və dəymiş mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və qeyrilərinə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinə 11 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat İddiaçı2, 3000 manatı İddiaçı3, 3000 manatı İddiaçı1 ödənilməklə ümumilikdə 10000 manat miqdarında mənəvi zərər və ödənilmiş 160 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul qəbul olunmasını xahiş etmişlər.

2. İddiaçılar ərizələrini onunla əsaslandırmışlar ki, artıq onlar dəfələrlə aidiyyəti orqanlara, cavabdehlər TƏBİB və Abşeron Rayon Mərkəzi Xəstəxanası şikayətlər ünvanlasa da, şikayətlərinə məhəl qoymamışlar və onların özbaşınalıqları hələ də davam etməkdədir. Belə ki, əvvəllər Qobu Ailə Sağlamlıq Mərkəzinin həkimi Cavabdeh1 onun gəlininin bir neçə həftləlik hamiləliyinin tələf olmasına və ailə üzvlərinin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmuşdur. 17 sentyabr 2022-ci il tarixdə saat 11:00-da oğlu İddiaçı1 qida zəhərlənməsi ilə bağlı “Qobu ASM”-ə çağırış verdikdən sonra onlara gec reaksiya vermişlər. Üstündən təxminən 3 saat keçdikdən sonra həmin xəstəxananın terapevti Cavabdeh1 gəlmiş, oğlunun pis vəziyyətdə olmasına baxmayaraq, ilkin yardım göstərməyərək evi tərk etmişdir. Bununla bağlı dəfələrlə müvafiq yuxarı orqanlara şikayət verilmişdir. Bundan sonra Cavabdeh1 ilə onların ailəsi arasında mübahisələr başlamışdır. O, bir neçə dəfə çağırış əsasında onların evinə gələrək guya onu yoxlayırmış kimi uyğunsuz vəziyyətdə yəni o, yatılı vəziyyətdə olarkən onun videoçəkilişini etmişdir. Bundan sonra onlar “TƏBİB''ə şikayət edərək, həkimdə onun şəxsi həyatına aid olan səs yazıları və video yazıların olmasını bildirdikdən sonra onlar yalan-doğru belə bir halın olmadığını bildirmişdilər. “TƏBİB”-in bir işçisi onlara bildirəndə ki, onda o çəkilişlər var, həmin işçinin əmək müqaviləsinə xitam verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılova müraciət edərək Cavabdeh1 qanunsuz əməlləri barədə məlumat vermişdir. Nəticə olaraq həmin həkim bir müddət “Qobu ASM” dən kənarlaşdırıldı. 27 mart 2023-cü ildə yazılı məlumat verilmişdir ki, o həkim artıq burda fəaliyyət göstərmir. Lakin aprelin 1-də onu yenidən öz işinə qaytarmışlar. Oğlu “TƏBİB”ə gedərək bu özbaşınalıqlar barədə məlumat versə də, ona bildirmişlər ki, yalnız ailədə ölüm hadisəsi olarsa, həkim işdən çıxarılacaqdır. Oğlu “TƏBİB”- in əməkdaşına bildirmişdir ki, o özünü öldürsə. həkim işdən çıxacaqmı? sualına o, bəli cavabını verərək get özünü öldür ondan sonra o işdən azad olunacadır deyə bildirmişdir. Buna görə də oğlu intihar etmək qərarına gəlmişdir. İntiharın səbəbi cavabdehlərdir. Onun həkim peşəsinə sığmayan etinasız və kobud rəftarı ucbatından gəlininin bir neçə həftəlik körpə övladı tələf olmuşdur. Dəfələrlə oğlu onun qəbulunda olarkən və onlara gələrkən onu şantaj etmişdir, oğlunu təhqir etmişdir. Oğlu onun kabinetində olarkən o, oğlunu hədələyərək onun tibbi kitabçasını oğlunun üzərinə təhqiramiz formada ataraq, otağından nalayiq ifadələrlə qovmuşdur. Bu zaman həmçinin oğlunun telefonu əlindən düşmüş və o ayağı ilə telefonu vuraraq sındırmışdır. Həkim Cavabdeh1 bu cür davranışları ucbatından oğlunda psixi pozuntular yaranmışdır. Bunun nəticəsi olaraq oğlu özünü intihar səviyyəsinə çatmışdır. Bununla bağlı da Abşeron rayon Prokurorluğunda araşdırma gedir. Onun evlərinə gələrək dəfələrlə münaqişə yaratması yeni əməliyyat olmuş azyaşlı nəvəsi Mirzəyeva Fatimənin əqli inkişafında əhəmiyyətli dərəcədə pozuntular yaranmasına səbəb olmuşdur. Onun bu hərəkətləri ilə nəvəsi Fatimənin əqli inkişafında ciddi probləmlər əmələ gəlmişdir. Axrıncı dəfə onu evə normal qaydada dəvət edərək, onunla məsələləri qaydasına qoymaq istəsələr də, o bir daha gələrək, nalayiq formada “uşaq-uşaq danışma, sənin oğlun özünü öldürəcək deyə mən nəyə görə işimi itirməliyəm” deyərək qapını üzünə çırparaq əsəbi formada evi tərk etmişdir. Həkim Cavabdeh1 bu cür etinasız və qeyri-etik davranışları nəticəsində ailə üzvlərinin səhhətində yaranmış xəstəliklərlə bağlı öz şikayətlərini TƏBİB-ə və Abşeron RMX dəfələrlə bildirsə də, onun şikayət məktubuna baxmayaraq heç bir tədbir görülməmişdir. Artıq 4 ildən çoxdur ki, o və ailə üzvləri Cavabdeh1 bu cür həkim peşəsinə sığmayan səhlənkar və kobud rəftarı ucbatından təngə gəlmişdir. Bu cür haqsızlıqlara dözə bilmədiyindən oğlu İddiaçı1 2 dəfə intihar etmişdir. Onun səhhətində uzunmüddətli psixi pozuntular yaranmışdır. Oğlunun əqli fəaliyyətinin pozulması ilə bağlı həkim rəyininin surətini öz şikayət ərizənə əlavə etmişdir. Həmin həkimin bu cür qanunsuz əməllərinə görə onun barəsində Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmışdır. Lakin hələ də Abşeron Rayon Mərkəzi Xəstəxanası və TƏBİB onun işdən azad edilməsi üçün heç bir tədbir görmür və digər vətəndaşların da həyat və sağlamlığı hələ də təhlükə altındadır. Hesab etmişlər ki, onun bu cür qanunsuz özbaşına əməllərini ört basdır edən şəxslər Abşeron Rayon Mərkəzi Xəstəxanasının sədri X4 və “TƏBİB”in direktoru Vüqar Qurbanovdur. Göstərilənlərlə bağlı məsul şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələ aydınlaşdırılmalı və əgər bu təsdiq edilərsə, onlar barədə xüsusi qərar çıxarılaraq cinayət işinin başlanması üçün istintaq orqanına göndərilməlidir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə, Mülki Məcəllənin 23.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli 7№-li qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, istinad edərək əsaslandırmışdır.

Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

5. Qətnamədən iddiaçılar ayrı-ayrılıqda apelyasiya şikayətləri vermiş və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətlərini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışlar.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

6. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası 13 Maddə 46. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

27. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

28. Belə ki, hazırki iş üzrə iddiaçıların tələbi və əsasları ondan ibarətdir ki: 1) Cavabdeh1 İddiaçı1 özünə öldürmə həddinə çatdırdığından və onun psixologiyasına mənfi təsir göstərdiyindən mənəvi ziyanın ödənilməsi; 2) Cavabdeh1 təqsiri ucbatından İddiaçı3 hamiləliyi pozulduğundan mənəvi ziyanın ödənilməsi; 3) Cavabdeh1 tərəfindən İddiaçı2 icazəsiz onun videolarını çəkməsi ilə bağlı mənəvi ziyanın ödənilməsi; 4) Cavabdeh1 tərəfindən cavabdehlərin şərəf və ləyaqətlərinin alçaldılması nəticəsində dəymiş zərərin ödənilməsi. Qeyd edilən tələblərin əsaslılığı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

29. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara ətraflı hüquqi qiymət vermişdir. Belə ki, ilk növbədə İddiaçı1 cavabdehin hərəkətləri nəticəsində özünə öldürmə həddinə çatdırması və onun psixologiyasının mənfi təsirlərə məruz qalması ilə bağlı hissəyə münasibət bildirən kollegiya bildirir ki, iş materiallarında olan Abşeron Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı1 intihara cəhd etməsi, İddiaçı3 və İddiaçı2 ərizələri əsasında Qobu ASM-in həkimi Cavabdeh1 qanunsu hərəkətləri barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı3 Abşeron rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmiş, həmin qərar qanuni qüvvəyə minmişdir.

30. O cümlədən iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı1 fərdipsixi xüsusiyyətlərini tədqiq edərkən əqli-intellektual imkanlarının (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğun olduğu aşkar olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik; xarakterik xüsusiyyətlərində inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, diqqəti öz üzərinə çəkməyə meyillilik, hiss və yaşantılarını dramatik tərzdə ətrafdakılara çatdırmaq, nümayişkaranəlik, öz maraqlarına uyğun davranmaq, subyektvizm aşkar olunmaqla xasiyyətin isterik tipli psixopatik cizgiləri müəyyən edilir. İddiaçı1 ekstremal psixi vəziyyət (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) aşkar olunmur. İddiaçı1 əqliintellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Lakin onda müəyyən edilən xasiyyətin isterik tipli psixopatik cizgiləri ilə əlaqədar öz marağına uyğun davranmaqla subyektiv mövqedə danışa bilər. İddiaçı1 başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən olunmadı. İddiaçı1 özündən uydurmağa patoloji meyillilik aşkar olunmadı. Lakin onda müəyyən edilən xasiyyətin isterik tipli psixopatik cizgiləri ilə əlaqədar konflikt-situasiya yarada, həmin situasiyada öz marağına uyğun davranmaqla yaranmış situasiyanı qabardıb danışa bilər. İddiaçı1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli psixopatik cizgiləri müəyyən edilir.

31. Yuxarıda göstərilən tədqiqat materiallarından görünür ki, İddiaçı1 cavabdeh tərəfindən özünü öldürmə həddinə çatdırması ilə bağlı cinayət işinin başlanması rədd olunmuş, nəticə etibarilə göstərilən arqument bu və ya digər hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində psixologiyasının pozulması ilə bağlı mövqenin əsaslılığının yoxlanılması məqsədilə keçirilmiş ekspertiza tədqiqatından da onun hər hansı xüsusi psixoloji narahatlığının olması aşkar edilməmiş, əksinə, iddiaçının öz xarakterinin xüsusiyyətlərindən irəli gələrək ətrafdakılardan həddən artıq hörmət tələb etməsi və hadisələrə sırf öz aspektindən baxaraq konflikt yaratmağa meyilli olması müəyyən edilmişdir.

32. Göründüyü kimi iddia tələblərinin İddiaçı1 münasibətdə olan hissəsi iş materiallarında olan hansısa mötəbər sübutla öz təsdiqini tapmamışdır.

33. Məhkəmə iddia tələbinin cavabdehin əməlləri nəticəsində İddiaçı3 hamiləliyinin pozulmasına dair olan hissəsinə münasibətdə ilk növbədə qeyd edir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı3 hamiləliyinin pozulması müxtəlif səbəblərdən ola bilər. Göründüyü kimi, aparılan ekspertiza nəticəsində İddiaçı3 hamiləliyinin pozulmasının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi konkret müəyyən olunmamış, bu halın bir sıra səbəblərə söykənə biləcəyi qeyd edilmişdir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi Abşeron Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə sadəcə İddiaçı1 intihara cəhd etməsi ilə bağlı deyil, həm də İddiaçı3 və İddiaçı2 ərizələri əsasında araşdırma aparılmış və hər 3 müraciət üzrə cinayət işinin başlanması rədd edilmişdir.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə istinadən iddia tələbinin cavabdehin əməlləri nəticəsində İddiaçı3 hamiləliyinin pozulmasına dair olan hissəsi də öz təsdiqini hər hansı dəlillə tapmamışdır.

35. Məhkəmə şərəf və ləyaqətin alçaldılması ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbinə dair aşağıdakıları qeyd edir.

36. Hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir.

37. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

38. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

39. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

40. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

42. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində qeyd edilmişdir ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir.

43. Qeyd olunan Qərarda “Şərəf” dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. “Ləyaqət” isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir.

44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

45. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, ...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. ... Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

46. Qanunvericiliyin də tələblərinə əsasən hazırki iş üzrə iddia tələbinin əsaslılığı ilə bağlı 3 məsələyə aydınlıq gətirmək lazımdır: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.

46. Həmçinin qeyd olunmalıdır ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.

47. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara ətraflı hüquqi qiymət vermişdir. Belə ki, iddiaçılar şərəf və ləyaqətin müdafiəsinə dair iddia tələbi irəli sürərkən onun əsasının nədən ibarət olmasını, daha dəqiq desək, Cavabdeh1 konkret hansı hərəkətlərinin şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirdiklərini göstərə bilməmiş, o cümlədən belə hərəkətlərə dair də hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişlər.

48. Həmçinin apelyator İddiaçı2 fotoşəkillərinin əsassız şəkildə yayılması ilə şərəf və ləyaqətinə vurulmuş zərərin tələb edilməsinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

49. Hazırki iş üzrə iddiaçılar tərəfindən qeyd edilən halların mövcudluğunun sübut olunması üçün ilk növbədə müvafiq fotoşəkillərin varlığı və yayılmasını təsdiq mötəbər dəlil olmalı, daha sonra isə ilk hissədə qeyd olunan hallar əsaslı olduqda, cavabdehin hərəkətləri ilə irəli sürülən fakt arasında səbəbli əlaqə müəyyən edilməli, o cümlədən bu hallar biri digərini təsdiq edən mötəbər sübutlara söykənməlidir. Lakin yuxarıda da göstərildiyi kimi adı çəkilən halları təsdiq edən hər hansı foto və ya videoçəkiliş məhkəməyə təqdim olunmamışdır.

50. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

51. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

53. Hazırki işdə iddiaçı tərəfindən irəli sürülən hallar yalnız onun şəxsi mülahizələrindən ibarət olduğundan apelyasiya şikayəti bu hissədə də təmin edilmədən saxlanılmalıdır.

54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

56. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəyən şəxslərə aid olunmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1335/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları məbləği onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar