Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3986/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1976/2025 saylı, 19 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilib ki, Anara adlı şəxs barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi vasitəsi ilə 21-ci Polis Bölməsinə daxil olmuş müraciətə baxılmışdır. Araşdırma zamanı gələcəkdə bu cür xoşagəlməz halların qarşısının alınması məqsədilə hüquq pozmaya yol verən şəxs ilə profilaktiki-izahedici söhbətlər aparılaraq 21-ci PB-də izahatı alınmışdır. Həmçinin həmin şəxs barədə İXM-in 510-cu maddəsinə müvafiq olaraq protokol tərib edilərək inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur.
2. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Həmzə Babayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1795147 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli MN1502629 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh barəsində İXM-nin 510-cu maddəsinə müvafiq olaraq protokol tərib edilərək inzibati qaydada məsuliyyətə cəlb olunmuş və inzibati xəta tərkibinin törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Həmzə Babayev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş arayışda göstərilib ki, xx.xx.2024-cü il tarixli, HK/2-2374 nömrəli raporta əsasən Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi 16, mənzil 200-də yaşayan X2 DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək, binanın sakini Cavabdeh adlı şəxsin onu təhqir etməsini bildirib. Faktla bağlı gələcəkdə bu cür xoşagəlməz halların qarşısının alınması məqsədilə hüquq pozmaya yol verən şəxs Cavabdeh ilə izahedici-profilaktiki söhbətlər aparılaraq 21-ci PB-də izahatı alınmışdır. Həmçinin, həmin şəxs barədə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə müvafiq olaraq MN № ******* saylı protokol tərtib edilərək 50 manat məbləğində inzibati cərimə tənbehi növü seçilmiş və inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur.
4. İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMMC-də komendant vəzifəsində çalışır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş mənəvi ziyana, şərəf və ləyatəqini alçaldan hərəkətlərə, həmçinin işgüzar nüfuzuna vurulan ziyana görə 3.000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
6. İddiada göstərilib ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov "xxxx" MMMC-nin komendantı vəzifəsində işləyir. Həmin binada Əliyev Əlikişinin sahibi olduğu evdə qalan sakin Cavabdeh onu və ailəsini binanın həyətində blokunda dəfələrlə təhqir etmiş və nalayiq sözlərlə ünvanına söyüşlər yağdıraraq şərəf və ləyaqətini alçaltmışdır. "xxxx" MMMC-nin ofisinə daxil olaraq, bir neçə dəfə anasını və ailəsini təhqir etmiş və ofisin normal şəkildə fəaliyyət göstərməsinə maneəçilik törətmiş, bunların nəticəsində hər dəfə anasının təzyiqi qalxmış və onun hərəkətləri nəticəsində əsəb sistemləri pozulmuşdur. Birinci dəfə yəni xx.xx.2024- cü il tarixdə anası iş başında olarkən xidməti otağına girərək əsassız iddialara görə pis söyüşlərlə təhqir etmişdir. İkinci dəfə xx.xx.2024-cü il tarixdə təkrarən xidmət otağına girərək otağı dağıda-dağıda təhqirlərə məruz qoymuşdur. Məhkəməyə təqdim olunmuş video görüntülərdən müəyyən olunur ki, cavabdeh ona və anasına qarşı sanki mənəvi terror həyata keçirir və bunun nəticəsində o, daima gərgin şəraitdə işləyir, cavabdeh və anası Zemfira Əliyeva da sakinlər arasında ona və anasına qarşı şər və böhtan, həmçinin işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymışdır. Həmçinin binanın həyətində olarkən iki dəfə yanından anası Zenfira Əliyeva ilə keçərək ağır söyüşlərlə onu təhqir etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1976/2025 saylı, 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh iddiaçının anası ilə arasında olan olan mübahisədən irəli gələn hallara əsasən inzibati qaydada tənbeh edilmişdir. Bununla bağlı iddiaçının anası müvafiq olaraq hüquq-mühafizə orqanlarına müraciət etmiş, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Hazırki vəziyyətdə isə iddiaçı qeyd olunan hadisə ilə bağlı onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər gəlməsini bildirərək ona dəymiş mənəvi zərərin əvəzini cavabdehdən tələb edir. Şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılmasının məhkəmə təcrübəsinə əsasən mütləq şərtlər kimi məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması şərtlərinin eyni zamanda mövcudluğu tələb olunur. Lakin işin hallarından da göründüyü kimi tərəflər arasında mübahisə məhz iddiaçının anasının xidməti otağı daxilində və məhz həmin məkanda iki şəxsin (iddiaçının anası və cavabdeh) olduğu vaxtda baş vermişdir. Üstəlik də qeyd edilən hadisə ilə bağlı Anar Bağıyevanın təqsirliliyi Növrəstə Bağırovaya münasibətdə müəyyən edilmişdir. Həmin mübahisə zəminində Cavabdeh N.Bağırovaya münasibətdə qeyri-etik ifadələrə yol verməsi məhz elə Cavabdeh barəsində inzibati xəta haqqında icraat aparılmasına və nəticədə şəxsə qarşı inzibati tənbeh tətbiq edilməsinə əsas vermişdir. İddiaçının anasına qarşı inzibati xətaya yol vermiş şəxsin əməlinə hüquq qiymət verilməsi artıq iddiaçı və onun anasının hüquqlarının bərpasına xidmət etmiş haldır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İddiaçı onun anası ilə cavabdeh arasında baş vermiş münaqişə zəminində onun ünvanına yönəlməsini hesab etdiyi ifadələrin ümumiyyətlə yayılıb-yayılmaması, əgər belə bir yayılma halı baş vermişdirsə, bunun nəticəsində hansı qaydada yayılması, iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hansı qaydada zərər vurulması halını əsaslandıra və ağlabatan və mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, İddiaçı anası Növrəstə Bağırova ilə Cavabdeh arasında olmuş mübahisə zəminində iddiaçının ünvanına qeyri-etik ifadələrin işlədilməsi dəlilini gətirərək onun şərəf və ləyaqətinin, işgüzar nüfuzuna dəymiş zərərə görə əvəz ödənilməsini tələb etməsini əsaslı hesab etmək olmaz. İddiaçının hazırki mülki iş üzrə təqdim edilmiş sübutlar əsasında cavabdeh barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin açılması üçün Nəsimi rayon prokurorluğuna göndərilməsi barədə vəsatəti ilə bağlı bildirilir ki, məhkəmə mülki işin araşdırması zamanı şəxsin əməllərində cinayətin tərkib əlamətlərinə dəlalət edən əsaslar müəyyən etdikdə qeyd edilən məsələnin hüquqi qiymətləndirilməsi məqsədilə aidiyyəti üzrə hüquq mühafizə orqanına göndərilməsi məhkəmənin səlahiyyətindədir, bu halda məhkəmə iddiaçının vəsatəti ilə bağlı deyildir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, qeyd olunan faktlara zəruri hüquqi qiymət verilməmiş, cavabdehin İXM-nin müvafiq maddəsi ilə cərimə olunmasını diqqətə çatdırmışdır. Lakin inzibati cərimə dövlətin tətbiq etdiyi administrativ bir tənbeh növüdür və şəxsin daha sonra qanunazidd əməllər törətməsinin qarşısının alınması istiqamətində atılmış addım, iddiaçıya qarşı qanunsuz hərəkətlərin edilməsi iş materilları ilə birmənalı olaraq sübuta yetir, məhkəmə isə bu xüsusatları araşdırmadan iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
10. Cavabdeh təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazını bununla əsaslandırmışdır ki, ilk növbədə sözügedən binanın “A” girişində yerləşən 67 saylı mənzil (yeni qaydalarla: M11, m3) qardaşı X3 mülkiyyətindədir və bəzi hallarda qardaşının mənzilinə qonaq qismində gəlib-gedir. Digər tərəfdən, iddiaçının istinad etdiyi videogörüntülər onun xəbəri olmadan, gizlincə çəkilib. Ona görə də, sübut kimi istifadə oluna bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 46.1. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Maddə 46.2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası:
Maddə 10.1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Maddə 10.2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li 14 may 1999-cu il tarixli Qərarı: Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İddiaçı onun şərəf və ləyaqətinə toxunan məlumatların cavabdeh tərəfindən yayılması faktını sübut etməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
18. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı: Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
19. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətinin nəticə hissəsində, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
28. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
29. Əvvəla, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən dəyərlərin məcmusudur. Şərəf insana kənardan verilən dəyəri və qiyməti ehtiva edirsə, ləyaqət həmin dəyərləri dərk edən şəxsin özünə qarşı duyduğu hörmət hissidir. Bu mənada insanın şəxsiyyətinə uyğun olmayan, onu alçaldan, nüfuzdan salan və cinayət törətməkdə ittiham edilən ifadələr şəxsin şərəf və ləyaqətini alçatmaqla mənəvi iztirab və sarsıntı keçirməsinə, bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilər.
30. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia da o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi zərərə məruz qalması inandırıcı deyildir. Çünki iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də, iddia üzrə ona qarşı mülki hüquq pozuntusunun törədilməsi öz təsdiqini tapmadığından cavabdehin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün də əsas ola bilməzdi. 31.Cavabdehin inzibati tənbeh tədbirinə məruz qalması iddianı və apellyasiya şikayətini əsaslı etmir. Çünki həmin tənbeh cavabdehin iddiaçıya qarşı deyil, anasına qarşı etdiyi hüquq pozuntusuna görə verilib. İddiaçı isə anasına qarşı baş vermiş həmin inzibati xətaya görə özünə mənəvi zərər tələb edə bilməz.
32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1976/2025 saylı, 19 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1976/2025 saylı, 19 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.