Məhkəmə qərarları › İş №e-2(006)-1470/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1470/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1470/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC saytının nümayəndəsi X4, Cavabdeh5 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və "xxxx" MMC rəsmi xəbər saytlarına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 MMC, X5 və Cavabdeh5 MMC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Musavat.com rəsmi xəbər saytları, həmçinin "xxxx" MMC xəbər agentlyinin redaktoru X5 və «baku.ws» xəbər agentliyinin redaktoru Azad Əliyevdən hər birinin üzərinə ona dəymiş olan 5.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 MMC, «BakuWS» və "xxxx" MMC rəsmi xəbər saytlarının hər birinin üzərinə ona dəymiş olan 5.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə «Elektron Məhkəmə» sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində və iddia ərizəsinə dəqiqləşmə barədə ərizədə texniki səhv olaraq X5 "xxxx" MMC-nin redaktoru kimi qeyd olunmuşdur. X5 «Sumqayıtxeber»in redaktorudur. Halhazırki iddia tələbi üzrə həmin şəxs cavabdeh deyildir. Odur ki, iddia ərizəsinə dəqiqləşmədə iddia tələbinə cavabdeh olaraq Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və "xxxx" MMC rəsmi xəbər saytlarını müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 iyun 2024-cü il tarixdə yaşadığı ünvanda az miqdarda spirtli içki qəbul etmişdir. Bundan sonra halında narahatçılıq yarandığından Sumqayıt şəhər X10 Mərkəzinə, oradan da Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparılmışdır. Həkimlərin müayinə və müalicəsindən sonra vəziyyəti yaxşılaşdığından evə buraxılmışdır. Qeyd etmək istəyir ki, 21 iyun 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək xəstəxanada qalmışdır. Səhhətinin yaxşılaşması səbəbindən həkimlər evə buraxmağa qərar vermişlər. Evə gəldikdən sonra müalicəsini evdə davam etdirmişdir. 22 iyul 2024-cü il tarixdə Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 MMC rəsmi xəbər saytları, həmçinin "xxxx" MMC, «baku.ws», Sumqayıt xəbər agentliyinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onun spirtli içkidən öldüyü başlığı ilə yalan xəbərlər paylaşılmışdır. Dəfələrlə həmin paylaşımlar adı çəkilən saytlar tərəfindən paylaşılmış, həmin paylaşımların şərh bölməsində tanımadığı şəxslər tərəfindən ona təhqiramiz ifadələr yazılmış, həyat tərzi ilə bağlı şər, böhtan xarakterli sözlər yazılmışdır. Ölüm xəbərini eşidən bütün dost-tanışlar təşvişə düşərək kimisi zəng edərək, kimisi isə evə gələrək sözdə yas mərasiminə gəlmişlər. Bacısı bu xəbəri eşidən zaman canına qəsd etmək istəmiş, lakin qohumlarının təkidi sayəsində bu fikrindən daşınmışdır. O isə, həmin vaxtlarda hava qəbul etmək üçün Sumqayıt Bulvarına gəzintiyə çıxmışdır. Evə isə, təxminən saat 21:00 radələrində qayıtmışdır. Görmüşdür ki, hamı onu «ağlayır». Bu hadisəni görüb halı daha da pisləşərək gərginləşmiş və yenidən ona təcili tibbi yardım çağırmışlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 saytının nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi, məhkəməyə təqdim etdiyi yazılı etirazı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 22 iyun 2024-cü il tarixdə Cavabdeh1 saytında spirtli içkidən ölməsi ilə bağlı xəbər paylaşıldığını iddia etmiş və buna görə Cavabdeh1 və digər cavadehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçı ərizəsində «21 iyun 2024-cü il tarixdə yaşadığı ünvanda az miqdarda spirtli içki qəbul etdiyini» bildirmişdir. Bundan sonra o, halında narahatçılıq yarandığına görə Sumqayıt şəhər X10 Mərkəzinə, oradan da Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparıldığını bildirmişdir. İddiaçının sözlərinə görə 21 iyun 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək xəstəxanada qalmışdır. Səhhətinin yaxşılaşması səbəbindən həkimlər iddiaçının evə buraxılmasına qərar vermişlər. Daha sonra iddiaçı 22 iyul (ərizədə məhz bu tarix göstərilmişdir) 2024-cü il tarixdə Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 MMC rəsmi xəbər saytları, həmçinin "xxxx" MMC, «baku.ws», Sumqayıt xəbər agentliyinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onun spirtli içkidən ölməsi başlığı ilə xəbərlər paylaşıldığını bildirmişdir. İddiaçının iddiasına görə, dəfələrlə həmin paylaşımlar adı çəkilən saytlar tərəfindən paylaşılmış, həmin paylaşımların şərh bölməsində tanımadığı şəxslər tərəfindən ona təhqiramiz ifadələr yazılmış, həyat tərzi ilə bağlı şər, böhtan xarakterli sözlər yazılmışdır. İddiaçı buna görə cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 MMC rəsmi xəbər saytları, həmçinin "xxxx" MMC xəbər agentlyinin redaktoru X5 və «baku.ws» xəbər agentliyinin redaktoru Azad Əliyevdən hər birinin üzərinə ona dəymiş olan 5.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Qeyd edir ki, iddaçının iddia etdiyi kimi Cavabdeh1 saytında guya onun spirtli içkidən ölməsi ilə bağlı heç bir xəbər getməmişdir. Maraqlıdır ki, iddiaçı bununla bağlı konkret olaraq Cavabdeh1 saytında xəbər getdiyinə dair məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. İddiaçı saytla bağlı öz iddiasını təsdiq edəcək hər hansı xəbərin linkini belə göstərməmişdir. Bundan başqa, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə guya haqqında çıxan həmin xəbərlə bağlı redaksiyaya pretenziya məktubu daxil olmuşdur. Həmin məktibda da iddiaçı heç bir əsas olmadan 22 iyun (məktubda 22 iyul olaraq göstərilmişdir) tarixdə Cavabdeh1 MMC saytında onun sprtli içidən ölməsi ilə bağlı xəbər paylaşıldığını iddia etmişdir. Lakin öz iddiasını təsdiq edəcək hər hansı əsas və ya xəbərin linkini belə göstərməmişdir. Üstəlik iddiaçı həmin məktubda özünü məhkəmə yerinə qoyaraq saytdan 5.000 manat pul da tələb etmişdir. Bir daha bildirir ki, hər hansı bir tarixdə İddiaçı «spirtli içkidən ölməsi» ilə bağlı saytda heç bir məlumat getməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Sumqayıtda kişinin spirtli içkidən ölməsi iddiaları ilə bağlı rəsmi açıqlama (https://musavat.com/news/sumqayitda-kisininspirtli-ickiden-olmesi-iddialari-ile-bagliresmiaciqlama_1079840.html) başlıqlı yazıda, X1 rəsmi məlumatı yayımlanmış, orada da «ölüm və ya qida zəhərlənməsi olması xəbəri öz təsdiqini tapmadığı» qeyd olunmuşdur. Xəbərdə deyilir ki, «Mediada Sumqayıt şəhər sakininin qəbul etdiyi spirtli içkidən vəfat etməsi ilə bağlı yayılan məlumat əsasında X1 (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılıb. Agentlikdən Musavat.com-a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, iyunun 22-də saat 01.40 radələrində normadan artıq spirtli içki ilə birgə enerji içkisi qəbul etdikdən sonra Sumqayıt şəhər Xəstəxanasına hospitalizə olunan İddiaçı həkimlər tərəfindən alkoqollu sərxoşluq diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Həmin şəxslə telefonla əlaqə saxlanılıb və vəziyyəti qənaətbəxşdir. Bununla da hadisə zamanı ölüm və ya qida zəhərlənməsi olması xəbəri öz təsdiqini tapmayıb». Nəzərə çatdırır ki, iddiaçının özü iddia ərizəsində Sumqayıt şəhər X10 Mərkəzinə, oradan da Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparıldığını təsdiq edir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar içində də sadəcə «manşet.az» saytından çıxarış olduğu görünür. İşin hüquqi tərəflərinə gəlincə, aşağıdakılara görə iddia əsassızdır və təmin edilməməlidir. 1). Belə ki, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 saylı qərarının 3-cü bəndində göstərilir ki, «Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması». Beləliklə «Şərəf və ləyaqətin müdafiəsi» barədə işlərə dair iddia o halda əsaslı sayıla və təmin edilə bilər ki, göstərilən 3 halın hamısı mövcud olsun. Bu məsələ Azərbaycan hüquq doktrinasında da təsbit edilmişdir. Prof. S.S.Allahverdiyev («Şərəf, ləyaqət və işgüzar nüfuzun mülki-hüquqi müdafiəsi üsullarla müdafiəsi») «Mülki Məcəllənin 23-cü maddəsinin elmi-praktiki kommentariyası» adlı elmi monoqrafiyasında göstərir: «Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç əsas şərtdən ibarətdir. Hüquq ədəbiyyatı səhifələrində həmin şərtlər şərəf və ləyaqətin müdafiə şərtləri adlanır. Həmin şərtlərə daxildir: 1. şəxs (iddiaçı) barədə məlumatlar yayılması; 2. yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi; 3. yayılmış məlumatların həqiqətə uyğun (doğru) olmaması. Məhz bu şərtlərin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə məhkəmə iddiası təmin edilir. Həmin şərtlər məhkəmə plenumu qərarlarında da göstərilmişdir. Onlardan biri olmazsa iddia təmin olunmur. (gös. əsər. səh 51-52). Bir daha qeyd etməyi lazım bilir ki, İddiaçı 22 iyun 2024-cü il tarixdə Cavabdeh1 saytında «spirlti içkidən ölməsi» ilə bağlı hər hansı məlumat getməmişdir. Buna görə də, iddiaçının saytdan hər hansı mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi əsassızdır. Bu səbəbdən, İddiaçı Cavabdeh1 MMC-yə şərəf və ləyaqətin alçaldılması nəticəsində mənəvi və maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Cavabdeh1a qarşı iddiasının əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Cavabdeh5 MMC-nin nümayəndəsi Vəkil3 məhkəmə iclasında iddianı qəbul etmədi, sözügedən paylaşımın olmadığını, rəhbərliyin məlumatına əsasən nə vaxtsa olsa da, artıq silindiyini və mübahisənin aradan qalxdığını, “Media haqqında” qanunun 77.2.2-ci maddəsinə əsasən cavabdehin məsuliyyət daşımadığını, belə ki paylaşım edilsə belə hansısa agentliyə istinad edildiyini, həmçinin iddiaçının tələbində qeyd etdiyi 5000 manat məbləğinə mənəvi zərərə dair əsaslı dəlillərin təqdim edilmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı qəbul etmədi, məhkəməyə təqdim olunmuş iddiaya etirazı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh4 MMC-yə qarşı 5000 manat mənəvi ziyanın ödənilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh4 informasiya portalında «Sumqayıt sakini spirtli içkidən öldü» başlığı ilə yalan xəbər paylaşılmışdır. Xəbər paylaşılmasından sonra saytların komment bölmələrində iddiaçının ünvanına oxucular tərəfindən şərəf və ləyaqəti alçaldan ifadələr istifadə edilmiş, nəticədə iddiaçı mənəvi iztirab və sarsıntı yaşamışdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, xəbər həqiqətə uyğun olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Xəbər Cavabdeh4 MMC informasiya portalında «Sumqayıt sakini spirtli içkidən öldü» başlığı ilə deyil, «Sumqayıt sakini spirtli içkidən xəstəxanaya yerləşdirildi» başlığı ilə dərc edilmişdir. Fotoşəkilləri etiraza əlavə etmişdir. Bu xəbər isə iddiaçının iddia ərizəsində təsvir etdiyi hadisələr ilə heç bir ziddiyyət təşkil etmir. Belə ki, iddiaçı iddia ərizəsində həqiqətən də spirtli içkidən səhhətində nasazlıq yarandığını və bununla əlaqədar olaraq xəstəxanaya yerləşdirildiyini qeyd etmişdir. Göründüyü kimi, xəbər həqiqətə uyğun olmuşdur və yalan deyildir. Xəbər həqiqətə uyğun olmasaydı belə, cavabdeh buna görə məsuliyyət daşımayacaqdı. Digər tərəfdən isə qeyd edilməlidir ki, xəbər həqiqətə uyğun olmasaydı belə cavabdeh buna görə məsuliyyət daşımayacaqdı. Belə ki, mülki iş materiallarından görünür ki, xəbər digər media subyektinin ("xxxx" MMC) informasiyasından istifadə edilməklə yayımlanmışdır. Belə olan halda isə cavabdeh xəbərin həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımır. Belə ki, «Media haqqında» Qanunun 77.2.2-ci maddəsinə əsasən mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist həmin məlumat informasiya agentliklərinin mətbuat xidmətləri tərəfindən yayılmışdırsa, məsuliyyət daşımır. Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli 2(102)-2561/2008 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən də məqalədəki fikirlər məzmunu təhrif edilmədən məlumat verən şəxsin sözləri ilə yazıldığı halda məqalədə qeyd olunan məlumatların həqiqətə uyğun olduğunu sübuta yetirməməsinə görə məqaləni qələmə alan və ya qəzetin redaktoru məsuliyyət daşıya bilməz. Həmçinin, kollegiya tərəfindən qeyd edilmişdir ki, cavabdehin (qəzetin redaksiyası) üzərinə o halda məsuliyyət qoyula bilər ki, məqalədə olan fikirlər jurnalist tərəfindən təhrif edilmiş olsun. Qərarı etiraza əlavə etmişlər. Odur ki, xəbər digər media subyektinin informasiyasına istinad edilərək paylaşıldığından və informasiyada olan fikirlər redaktor tərəfindən təhrif edilmədiyindən xəbərə görə heç bir halda redaksiya və ya jurnalist məsuliyyət daşıya bilməz. İddia tələbi bu baxımdan da əsassız və qanunsuz olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən onun şərəf və ləyaqətinin alçaldılması o cümlədən işgüzar nüfuzunun ləkələnməsi sübuta yetirilməmişdir. Digər bir tərəfdən isə qeyd edilməlidir ki, iddiaçı yayılan xəbərin onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələdiyini sübuta yetirməli idi. Çünki Miilki Məcəllənin 23.1-ci maddələrinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Yəni, istənilən həqiqətə uyğun olmayan məlumatların deyil, yalnız şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini tələb etməkdə fiziki şəxs haqlıdır. İddiaçı isə yayılan məlumatın həqiqətən də «şərəf və ləyaqəti alçaldan, həmçinin işgüzar nüfuzu ləkələyən» ifadələr olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki yayılmış məlumatların həqiqətən də iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdiyini sübut etmək vəzifəsi onun öz üzərinə düşür. İddiaçı 5.000 manat məbləğində hansı mənəvi zərərə məruz qaldığını sübut etməmişdir. İddiaçı yayılmış xəbərə görə ona, ailəsinə və yaxınlarına mənəvi zərər vurulduğunu göstərsə də, mənəvi sarsıntı və iztirabının nədə ifadə olunmasını və bu zərərə əsasən 5.000 manat məbləğdə xərc çəkilməli olduğunu sübut etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 21 və 23-cü maddələrinin sərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərər fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Ali Məhkəmə Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını və bunun nədə ifadə olunmasını sübut etməmişdir. Halbuki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddiaçı hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını və bunun nədə ifadə olunmasını, habelə mənəvi sarsıntı və iztiraba görə çəkdiyi xərclərin 5.000 manat məbləğdə olmasını sübut etmədiyindən iddia rədd edilməlidir. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, cavabdehlər Cavabdeh1 MMC saytının və Cavabdeh5 MMCnin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş smartfon (planşet, kompüter və s. bənzər cihazlar) ekran görüntülərinin şəkillərindən görünür ki, müxtəlif portallarda, yaxud teleqram və s. sosial şəbəkə hesablarında iddiaçının spirtli içki qəbulundan zəhərləndiyi, lakin həyatını qurtarmağın mümkün olmadığı məzmunlu xəbərlər getmiş, xəbərin ilk mənbəyinin ümumi şəkildə media olduğu qeyd olunmuş, həmin xəbər X2 tərəfindən aidiyyəti qurumlarla birlikdə araşdırılaraq, ölkə ictimaiyyəti rəsmi şəkildə bilgiləndirilmiş, spirtli içki qəbulu, bununla bağlı tibb ocağına müraciət faktı təsdiqlənsə də, vətəndaşın sağ olduğu, ölüm halının baş vermədiyi, vətəndaşın ilk tibbi yardım göstərilərək evə buraxıldığı, vəziyyətinin qənaətbəxş olması bildirilmiş, həmin rəsmi xəbər informasiya resurslarında və sosial şəbəkələrdə yerləşdirilmişdir. İddiaçı qeyd edilən şəkillərdə göstərilən paylaşımların aktiv linklərini iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa, iddiaçı öncələr dərc edilməsini qeyd etdiyi, silinməsini ehtimal etdiyi xəbərlərin rəqəmsal izini özündə əks etdirən yönləndiriciləri (linkləri) iddia ərizəsinə əlavə etməmişdir. Eləcə də, xəbərin ilk mənbəyi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli 4 №-li Plenum qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallarda da vətəndaşın bu məlumata dair cavabla həmin kütləvi informasiya vasitəsində çıxış etmək hüququ vardır. Kütləvi informasiya vasitəsinin redaksiyası vətəndaşın tələbini təmin etmədikdə, bundan qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət etmək olar. «Media haqqında» Azərbaycan Respublikası Qanununun 77.2-ci maddəsinə əsasən mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır: həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa; həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa; həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müəssisə, təşkilat və qeyrihökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birincisi, Respublikanın ərazisində gün ərzində müxtəlif səbəblərdən (bədbəxt hadisə, ehtiyatsızlıq, xəstəlik və s.) insanlar vəfat edir. Kütləvi informasiya vasitələri öz peşə fəaliyyətlərini həyata keçirərək, bu cür məlumatları paylaşırlar. Həmin məlumatlar yayılmamışdan öncə mümkün qədər xəbəri dəqiqləşdirməyə çalışırlar ki, xəbər mümkün qədər doğru, dürüst, həqiqətə uyğun olsun. Bu, yəni, düzgün və operativ məlumatların yayılması ilk növbədə KİV-in özünün mənafeyinə cavab verir. Belə ki, yanlış, doğru olmayan, açıq-aşkar yalan xəbər yayımçılığı ilə məşğul olan KİV özünü dəyərdən salır, oxucuların gözündən düşür, «sarı mətbuat» kateqoriyasına yuvarlanır və oxucu kütləsini itirir. Digər tərəfdən, KİV bü cür məlumatları yoxlayarkən, peşə borc və vəzifəsini yerinə yetirir, vətəndaşların, qurumların, vəzifəli şəxslərin mənafeyini və hüquqlarını qorumağa çalışır. Hazırki iddia tələbində qeyd edilən hal da ümumi qaydalardan, media sahəsində təşəkkül tapmış mühitdən istisna deyil. Məhkəməyə məlum olmayan ilk xəbər mənbəyi iddiaçı barəsində tam şəkildə dəqiqləşdirilməmiş məlumat vermişdir. Həmin məlumatın bir hissəsi tam şəkildə reallığı əks etdirmiş, iddiaçının spirtli içki qəbul etməsi nəticəsində narahatçılıq keçirməsi və tibb müəssisəsinə müraciət etməsi kimi xüsusatlar dəqiq bildirilmişdir. Lakin iddiaçının həyatını xilas etməməklə bağlı xüsusat həqiqətə uyğun olmamışdır. Xəbərin özünə birbaşa linklər (aktiv yönləndiricilər) mövcud olmasa da, bəzi resurslar və sosial şəbəkələrdə bu xəbər ilk mənbənin təqdim etdiyi, yaxud yaydığı şəkildə verilmiş, bununla bağlı AQTA və digər dövlət qurumları hərəkətə keçmiş, məlumat dəqiqləşdirilərək ictimaiyyət reallıqda baş verən hadisə və vətəndaşın (iddiaçının) müqəddəratı barədə ətraflı məlumatlandırılmışdır. Həmin rəsmi məlumat «Müsavat.com» və digər resurslar tərəfindən olduğu kimi paylaşılmışdır (aktiv linklər mövcuddur, məhkəməyə təqdim edilmiş etirazlara əlavə olunmuşdur). KİV-in ictimaiyyəti bu cür bilgiləndirməsi ilk verilmiş xəbərin yenilənməsi, dəqiqləşdirilməsi və eyni zamanda təkzib xarakteri daşıyır ki, bu da, KİV-in xəbər yayımçılığı işinə ciddi yanaşdığını göstərir. Göründüyü kimi, rəsmi məlumatı yaymış cavabdehlər «Media haqqında» Azərbaycan Respublikası Qanununun 77.2-ci maddəsinə əsasən hər hansı məsuliyyət daşımırlar. İddiaçının vəfat etməsi ilə bağlı xəbər paylaşılmışdırsa belə (aktiv linklər mövcud deyil, iddiaçının təqdim etdiyi ekran görüntüsü şəkillərinə istinadən), həmin xəbər gün ərzində xəbər resurslarında paylaşılan xəbərlərdən fərqli deyil, həmin xəbərdə şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən məqam yoxdur. KİV iddiaçının ölməsi xəbərini sensasiyalı xəbər kimi yaymamış, baxış sayının (kliklərin) artırılması üçün dramatikləşdirməmiş, ilk xəbər mənbəyinin (məhkəməyə məlum olmayan, bu, informator da ola bilər, sosial şəbəkədə yaşadığı ərazidə gün ərzində baş verən hadisələrdən xəbəri olan və paylaşımlar edən şəxs də ola bilər və s.) təqdim etdiyi / paylaşdığı məlumatı paylaşmış, xəbərlə bağlı məsuliyyət nümayiş etdirərək, AQTA-nın verdiyi rəsmi məlumat ictimaiyyətin diqqətinə çatdırılmış, ilk verilən xəbərin həqiqətə uyğun olmayan hissəsi rəsmi bilgiləndirmənin paylaşılması yolu ilə təkzib edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İkincisi, iddiaçı yuxarıda qeyd edilən xəbərin onun barəsində yanlış təəssürat yaratdığını bildirsə də, həmin təəssüratın nədə ifadə olunmasını, özünü nədə biruzə verməsini, həyatının gündəlik axarına necə sirayət etməsini izah etməmiş; onun ölüm xəbərini eşidən ailə üzvünün özünə qəsd etmək istədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qeyd olunan paylaşımları gördükdən sonra xəbəri paylaşan KİV-lərə birbaşa müraciət edərək (telefon, qaynar xətt, faks, elektron poçt və s. üsullarla) məlumatın onun mənafeyinə toxunduğunu bildirməmiş, bu məlumata dair cavabla həmin kütləvi informasiya vasitələrində çıxış etməmişdir. İddiaçının müraciəti olmadan belə, AQTA və digər qurumlar tərəfindən araşdırma aparılaraq, operativ və rəsmi məlumat verilmiş, bu məlumat əksər KİV-lərdə paylaşılmış, iddiaçı barəsində dolğun və düzgün məlumat verilərək ölkə ictimaiyyəti vaxtında bilgiləndirilmiş, xəbərin həqiqətə olmayan hissəsi ilə bağlı yaranan durum aradan qalxmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilə bilməz. İş materiallarına əlavə olunmuş: - 24.09.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 70 manat dövlət rüsumu ödənilmişdir. - 07.03.2025-ci il tarixli 1-823302812 saylı ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən əlavə olaraq 110 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu və iddianın qaldırılması ilə bağlı digər xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 və "xxxx" MMC rəsmi xəbər saytlarına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Dövlət rüsumu və iddianın qaldırılması ilə bağlı digər xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və "xxxx" MMC rəsmi xəbər saytlarına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu və iddianın qaldırılması ilə bağlı digər xərclər iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar