Məhkəmə qərarları › İş №2(103)-392/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-392/2022

25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-392/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3887.3 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Əlizadə X5 Bakı X8 Departamentinin abonenti olmaqla Xəzər rayonu, Zirə qəsəbəsində istixanadan istifadə edir. Cavabdehlə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazm alqı-satqısı barədə” müqaviləsinə əsasən 12.05.2020- ci il tarixədək onun istifadə etdiyi təbii qaza görə 3887,30 manat borcu yaranmışdır. Sərfıyyat ona məxsus olan istixanada quraşdırılmış sayğacla aparılmışdır. Aparılmış hesabata görə cavabdehin mütəmadi ödənişi olmadığından mövcud borcun yaranmasına səbəb olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3887.3 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3917.3 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, onun adına hesablanmış , reallığı əks etdirməyən borcun silinməsini və ödənilən dövlət rüsumunun onun tərəfindən ödənilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozaraq onun məhkəmə iclasına gəlməməyini bahanə gətirərək iddiaçının iddiasını təmin etmişdir. O, qətnaməni alandan sonra bilmişdir ki, barəsində Xəzər rayon Məhkəməsində mülki iş gedir. Hesab edir ki, iddia olunan məsələ, yəni onun İddiaçınə 3887,3 manat borcun yaranması həqiqətə uyğun deyil. Həmin borc İddiaçı İB-nin Xəzər rayon Qaz İstismarı idarəsinin əməkdaşları tərəfindən qeyri qanuni, uydurma yaradılmış borcdur. Bu gün hamıya məlumdur ki, qazdan istifadə sayğac əsasında hesablanır və ödənilir. Bildirir ki, bir ay sayğaca görə yaranmış borc ödənilmədikdə qazın istismarı dayandırılır. Necə olur ki, bu qədər borcu olan abonentin qazı bu günə kimi kəsilməyib? Qeyd edir ki, iddiaçının iddia etdiyi abonentin, yəni onun heç bir vaxt istixanası olmayıb. Həyətində 30-40 ilin ağacları var. İddiaçı hansı istixanaya sayğac qoyub ki, həmin borcu 7 il ərzində ortaya çıxarıb. Yalan məlumatlar verməyə görə məsuliyyət daşıyırlar. Hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsi dəyişdirilməli və ədalətli qətnamə qəbul edilməlidir. Ona görə ki, onun göstərdikləri faktlar, dəlil sübutlar şahid ifadələri onun iddiasının düzgün və qanuni olduğunu göstərir. Onun və ailəsinin nümunəvi Azərbaycan Respublikasının vətəndaşları olduqlarını, istifadə etdikləri bütün kommunal xərcləri vaxtında ödədiklərini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-952/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X8 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə 27.10.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. Həmin müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən, qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.1 manat məbləğində müəyyən edilmiş və hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istahlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh oğluna verilən qaz xətti üzrə **********30000 sayla qeydiyyata alınmış abonent koduna 2016-cı il tarixə 3887.3 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli 10/7211 nömrəli rəyinin məzmunundan görünür ki, ekspertizaya mülki iş materialları ilə təqdim edilmiş abonent Cavabdeh (abonent kodu **********30000) «Abonent saldosu»nda və 27 oktyabr 2014-cü il tarixli 25 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı barədə müqavilə»də göstərilmiş «Bakı, Xəzər, 10 Bakı-03, Xəzər-211 Zirə. Nadir Hüseynov küç.- 0103-0000» ünvanda hər hansı bir evin, yaxud obyektin olması baxış zamanı müəyyən edilməmişdir. Baxış zamanı cavabdeh X3 ünvan 2 ünvanında fərdi yaşayış evinin yerləşdiyi və baxış keçirilərəkən həmin ünvanda evin həyətyanı sahəsində istixanaya aid hər hansı bir tikili və qurğuların olması müəyyən edilməmişdir. Bundan başqa, həmin ünvanda 27 oktyabr 2014-cü il tarixli 25 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə» göstərilmiş G6 markalı 28025050 nömrəli qaz sayğacı yox, G4 mark 1702AZ**********9 seriya nömrəli qaz sayğacın quraşdırıldığı müəyyən edilmişdir. Baxış zamanı həmin sayğacdan kənar qaz xəttinin çəkilməsi müəyyən edilməmişdir. Əvvəl sayğacdan kənar qaz xəttinin mövcüd olubolmaması məhkəmə tərəfindən araşdırma aparılmaqla həll edilə bilər; baxış zamanı cavabdeh X4 məxsus ünvan 2 ünvanında fərdi yaşayış evinin həyətyanı sahəsində istilikxana aşkar edilmədiyindən və həmin ünvanda qoyulmuş qaz sayğacından kənar xətt vasitəsi ilə qoşulmanın olması müəyyən edilmədiyindən vurulmuş ziyanın məbləği üzrə tədqiqat aparılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli 9/9368 nömrəli rəyinin məzmunundan görünür ki, ekspertizaya mülki iş materialları ilə təqdim edilmiş abonent Cavabdeh (abonent kodu **********30000) «Abonent saldosu»nda və 27 oktyabr 2014-cü il tarixli 25 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə»də göstərilmiş «Bakı, Xəzər, 10 Bakı-03, Xəzər-211 Zirə, Nadir Hüseynov küç.- 0103-0000» ünvanda hər hansı bir evin, yaxud obyektin olması baxış zamanı müəyyən edilməmişdir. Baxış zamanı Cavabdeh ünvan 2 ünvanında fərdi yaşayış evinin yerləşdiyi və baxış keçirilərəkən həmin ünvanda evin həyətyanı sahəsində istixanaya aid hər hansı bir tikili və qurğuların olması müəyyən edilməmişdir. Bundan başqa, həmin ünvanda 21 oktyabr 2014-cü il tarixli 25 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə»də göstərilmiş G6 markalı 28025050 nömrəli qaz sayğacı yox, G4 markalı 1702AZ**********9 seriya nömrəli qaz sayğacın quraşdırıldığı müəyyən edilmişdir. Baxış zamanı həmin sayğacdan kənar qaz xəttinin çəkilməsi müəyyən edilməmişdir. Əvvəllə sayğacdan kənar qaz xəttinin mövcüd olub-olmaması məhkəmə tərəfindən araşdırma həll edilə bilər; baxış zamanı Cavabdeh məxsus ünvan 2 ünvanında fərdi yaşayış evinin həyətyanı sahəsində istilikxana aşkar edilmədiyindən və həmin ünvanda qoyulmuş qaz sayğacından kənar xətt vasitəsi ilə qoşulmanın olması müəyyən edilmədiyindən vurulmuş ziyanın məbləği üzrə tədqiqat aparılmır. Yuxarıda göstərilənləri nəzərə alaraq, yəni kənar müdaxilənin müəyyən olunmamasını nəzərə alaraq hazırki ekspert tədqiqatı zamanı mühasib-ekspertin gəldiyi nəticə aşağıdakı kimidir: İddiaçı X2 təqdim olunmuş “abonentin saldosu” cədvəlində 2016-cı ilin may ayına 3887,30 manat məbləğində borc qalığı göstərilmişdir. İddiaçı X2 məhkəməyə təqdim olunmuş Abonentin saldosu cədvəlində abonent Cavabdeh təbii qazdan istifadəyə görə 3887,30 manat məbləğində borc qalığının mövcud olduğu göstərilmişdir. İddiaçı X2 Cavabdeh məxsus istilikxananda qaz sərfiyyatına görə yazılmış 3887,30 manat məbləğində borcun düzgün hesablanmasının müəyyən edilməsi hazırki ekspertizanın predmetinə aid deyildir. Ekspert tərəfindən abonentin borc qalığı abonentin saldosu cədvəlində göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğunluğu müəyyən edilir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı X2 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində abonent Cavabdeh məxsus istilikxanada təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ki, “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır(maddə 385.1). Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sayğacdan kənar qaz xəttinin mövcüd olması, ya da istilikxana üçün qaz sərfiyyatının hesablanması təsdiq edilmir.Belə ki, ekspertiza baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus ünvan 2 ünvanında fərdi yaşayış evinin həyətyanı sahəsində istilikxana aşkar edilməmiş və həmin ünvanda qoyulmuş qaz sayğacından kənar xətt vasitəsi ilə qoşulmanın olması müəyyən edilməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iddia rədd olunmalıdır. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühəndistexniki ekspertizalarının xərci olaraq 300 (üç yüz) manat məbləğində pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizalarının xərci olaraq 300 (üç yüz) manat məbləğində pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar