Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3922/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı QSC “Bank Standard” KB-nın (ləğv prosesindədir) nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC “Bank Standard” KB-nın (ləğv prosesindədir) cavabdehlər "xxxx" MMCnə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC “Bank Standard” KB (ləğv prosesindədir) iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, 60000 ABŞ dolları məbləğində əsas borc, 1756.99 ABŞ dolları məbləğində faiz borcu, 28558.08 ABŞ dolları məbləğində cərimə borcu, 8679.86 ABŞ dolları AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 98994.93 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun hesablanmaqla müştərək qaydada, "xxxx" MMC-dən və Cavabdeh2 ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli e-2(004)-69/2020 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı boc tələbinə dair mülki iş üzrə ərazi aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 mart 2015-ci il tarixində "xxxx" MMC Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 200000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. QSC "xxxx" KB onun “Korporativ” filialı vasitəsi ilə, "xxxx" MMC ilə 19 mart 2015-ci il tarixində kredit verilməsi haqqında 170/02/3602/15 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 17 faiz ödənilməsi şərti ilə 3 ay müddətinə 200000 ABŞ dolları məbləğində kreditverilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 19 mart 2015-ci il tarixli 170/02/3602/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 26 noyabr 2018-ci il tarixinə Banka 60000 ABŞ dolları məbləğində əsas borc, 1756.99 ABŞ dolları məbləğində faiz borcu, 28558.08 ABŞ dolları məbləğində cərimə borcu, 8679.86 ABŞ dolları AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 98994.93 ABŞ dolları məbləğində borcu qalmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 47735,78 ABŞ dolları əsas borc, 1756,99 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği 3040,45 ABŞ dolları, ümumilikdə isə 53033,22 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tutularaq Dövlət Büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən - iddia tələblərinin təmin edilməyən hissəsində dəyişdirilməsi və iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin əsassız olaraq ekspert rəyinə əsaslanması və cərimə borcunun azaldılması arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən, həmçinin, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin icra müddəti 19.06.2015-ci il tarixdə bitsə də iddiaçı bank onlara qarşə 16.01.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş və iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi və cavabdeh "xxxx" MMC-dən borcun tutulması hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı və cavabdeh "xxxx" MMC qətnaməni qeyd edilən hissələrdə mübahisələndirmiş, digər cavabdeh isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Kollegiya аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, iddiaçının şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan kredit borcunun məbləğinə aid hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, 19 mart 2015-ci il tarixində "xxxx" MMC QSC "xxxx" KB-yə ərizə ilə müraciət edərək, ona 200.000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. QSC "xxxx" KB onun “Korporativ” filialı vasitəsi ilə "xxxx" MMC ilə 19 mart 2015-ci il tarixində kredit verilməsi haqqında 170/02/3602/15 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 17 faiz ödənilməsi şərti ilə 3 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 19 mart 2015-ci il tarixli 170/02/3602/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 11715 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, “Borcalan” "xxxx" MMC tərəfindən QSC "xxxx" KB-dən istifadə edilmiş kredit vəsaiti üzrə 19 yanvar 2016-cı il tarixədək (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu 55.510,77 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 54.305,49 ABŞ dolları; faiz borcu üzrə 1.205,28 ABŞ dolları. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin cavabdehlərdən tutulmasına qərar verdiyi borc məbləğləri ilə razılaşmır; belə ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2021-ci il tarixli 9/3098 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: ’’Borcalan” "xxxx" MMC tərəfindən QSC "xxxx" КВ-dən istifadə edilmiş kredit vəsaiti üzrə 19 yanvar 2016-cı il tarixədək (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu 55.510,77 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 54.305,49 ABŞ dolları, faiz borcu üzrə 1.205,28 ABŞ dolları. Ekspert qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi "xxxx" MMC tərəfindən 19 yanvar 2016-cı il tarixdən sonrakı dövrdə 10.000,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 6.569,70 ABŞ dolları əsas borcdan, 3.430,30 ABŞ dollarının isə faiz borcundan silinməsi müəyyən edilir. Belə olan halda, yəni 19 yanvar 2016-cı il tarixdən 18.12.2018-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla "xxxx" MMC-nin 19 mart 2015-ci il tarixli, 170/02/3602/15 saylı kredit müqaviləsi üzrə QSC "xxxx" КВ-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: 18.12.2018-ci il tarixə əsas borc üzrə 47.735,78 ABŞ dolları, faiz borcu üzrə 4.999,00 ABŞ dolları. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan əsas, faiz və gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği ilə birlikdə borcunun məbləğləri apellyasiya baxışı zamanı alınmış ekspert rəyinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur. Kollegiya, həmçinin, məhkəmənin cərimə borcunun məbləğinə dair gəldiyi nəticə ilə isə razılmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 47735,78 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 28558,08 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən əsaslıdır və cavabdendən 2300 ABŞ dolları cərimə borcunun tutulması daha ədalətlidir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə qənaətə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından görünür ki, QSC "xxxx" KB onun “Korporativ” filialı vasitəsi ilə "xxxx" MMC ilə 19 mart 2015-ci il tarixində kredit verilməsi haqqında 170/02/3602/15 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 17 faiz ödənilməsi şərti ilə 3 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra tərəflərin razılaşması əsasında bağlanmış 19 iyun 2015-cu il tarixli sazişə əsasən kreditin ödənilməli olan son tarix 19 yanvar 2016-cı il müəyyən olunmuşdur. İddiaçı isə məhkəməyə 16 yanvar 2019-cu ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü ki, iddia müddəti ötürülməmiş iddiaçı məhkəməyə müraciət etmiş və belə olan halda kollegiya hesab edir ki, iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Digər tərəfdən iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC sonuncu ödənişini 14 noyabr 2016-cı il tarixində etmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum məbləği apellyatorların özlərnə aid olunmalı, ekspertiza xərci isə tərəflər arasında bölüşdürülərək onlardan alınmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı QSC “Bank Standard” KB-nın (ləğv prosesindədir) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2020 saylı, 24 noyabr 2020ci il tarixli qətnaməsi cavabdehlər "xxxx" MMC və Cavabdeh2 faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği və cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmalı olan faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləği ilə birlikdə 4999 (dörd min doqquz yüz doxsan doqquz) ABŞ dolları, cərimə borcu isə 2300 (iki min üç yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin; apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı ləğv prosesində olan QSC “Bank Standard” KB-dən, 75 (yetmiş beş) manatı isə "xxxx" MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3922/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3922/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver