Məhkəmə qərarları › İş №2(103)-3926/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3926/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3926/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv Prosesində Olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “kredit borcunun tutulması”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2590/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 5.465,81 manat, faiz borcu üzrə 5.371,14 manat, cərimə borcu üzrə 2.170,99 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 774,44 manat olmaqla, ümumilikdə 13.782,38 manat məbləğində borcun, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 6.000 manat məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən, müqavilə müddətinin sonu xx.xx.2019-cu il müəyyən edilmişdir. Cavabdeh krediti faizləri ilə birlikdə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, lakin, öhdəliklər lazımınca yerinə yetirilmədiyinə görə bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 5.465,81 manat, faiz borcu üzrə 5.371,14 manat, cərimə borcu üzrə 2.170,99 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 774,44 manat olmaqla, ümumilikdə 13.782,38 manat məbləğində borcu yaranmışdır.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 2590/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5.465,81 manat məbləğində əsas, 5.371,14 manat faiz, 382,6 manat dəbbə borcu, 774,44 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 11.993,99 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan LPO "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 114 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq LPO "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

4. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə kollegiyasının iclasında tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Tətbiq edilən hüquq normaları

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Tərəflərin təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: a) Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 1xx/xx/100678/15 saylı kredit müqaviləsi üzrə 5.465,81 manat məbləğində əsas borc; 5.371,14 manat məbləğində faiz borcu, 2.170,99 manat məbləğində cərimə borcu, 774,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13.782 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. b) Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən əsas borcdan 1.000 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. c) Göstərilən əsas borcdan (“a” bəndi) 1.000 manat ödənildikdən sonra əsas borca görə qalan 4.465.81 manat qalıq borcu 12 ay müddətinə, yəni bu saziş təsdiq edildiyi tarixdən etibarən hər ay 372.15 manat bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. ç) İddiaçı göstərilən qaydada ("xxxx" bəndi) borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. d) Tərəflər razılaşırlar ki, göstərilən şərtlər (“a” bəndi) cavabdeh tərəfindən pozulduğu halda “b” bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 13.782 manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. e) Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu "xxxx" bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC "xxxx" KB-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

8. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2590/2022 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: a) Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 1xx/xx/100678/15 saylı kredit müqaviləsi üzrə 5.465,81 manat məbləğində əsas borc; 5.371,14 manat məbləğində faiz borcu, 2.170,99 manat məbləğində cərimə borcu, 774,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13.782 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. b) Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən əsas borcdan 1.000 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. c) Göstərilən əsas borcdan (“a” bəndi) 1.000 manat ödənildikdən sonra əsas borca görə qalan 4.465,81 manat qalıq borcu 12 ay müddətinə, yəni bu saziş təsdiq edildiyi tarixdən etibarən hər ay 372,15 manat bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. ç) İddiaçı göstərilən qaydada ("xxxx" bəndi) borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. d) Tərəflər razılaşırlar ki, göstərilən şərtlər ("xxxx" bəndi) cavabdeh tərəfindən pozulduğu halda “b” bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 13.782 manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. e) Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu "xxxx" bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC "xxxx" KB-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2590/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar