Məhkəmə qərarları › İş №2(103)-3928/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3928/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3928/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “təbiətə dəymiş ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12526,36 manat məbləğində təbiətə dəymiş ziyanın alınıb X6 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, 138/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən “Güzdək” əhəngdaşı yatağında istismar işləri aparan fizki şəxs Cavabdeh məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə monitorinq aparılmışdır. Araşdırma zamanı Cavabdeh icarə müqaviləsini təqdim edə bilməmişdir. Həmçinin, daş karxanasının istismarı üçün lazım olan hər hansı zəruri sənəd (torpaqayırma sərəncamı, yerin təkindən istifadəyə dair ekoloji sənədlər- dağ-mədən ayırması aktı, dağ-mədən işlərinin inkişaf planı, ekspertiza rəyi, ekoloji pasport) işçi qrupun üzvlərinə təqdim olunmamışdır. İstismar sahəsində iki ədəd SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan vasitəsilə istismar işləri aparılmışdır. İstehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. İlin sonunda 5GK illik hesabatı X11 üzrə X12 Fonduna təqdim olunmamış, mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf tərəfindən topogeodezik ölçmələr aparılaraq sahənin ölçmələri üzrə 83mx49mx0,4m=1626,8 m3 əhəng daşının istismar edildiyi müəyyən olunmuşdur. Bununla da “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, 21, 46cı maddələrinin tələblərinin pozulması müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Akta görə tərtib edilmiş hesabata və müvafiq normativlərə əsasən cavabdeh tərəfindən təbiətə dəymiş ziyanın məbləği 12526,36 manat müəyyən edilmişdir.

3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fuad Hüseynov) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “dağmədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən yerin təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istfadə imkanlarını qismən və tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə dilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “X11” haqqında Azərbaycan Respublikasının Qanununun 71.2.9-cu maddəsinə əsasən X11 sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək X11 sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüququdur. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən X11 haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79.2ci maddəsinə əsasən X11 haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79.4-cü maddəsinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 2(007)-266/2020 nömrəli qətnamədə xx.xx.2019-cu ildə “Güzdək” yatağında təbiətə vurulmuş ziyana görə yatağın sahibi R.Fezuyev barəsində akt tərtib edildiyi qeyd edilib. Həmin vaxtdan 11 gün sonra isə Ruslan barəsində akt tərtib edilərək yatağın Ruslana məxsus olması göstərilib. Digər ziddiyyətli hal isə ondan ibarətdir ki, xx.xx.2019-cu ildə monitorinq zamanı Faiq Mehdiyev yatağın qardaşı Zahidə məxsus olması barədə çıxarışı əməkdaşlara təqdim etsə də onlar sonradan Ruslanın xəbəri olmadan Ruslan barədə akt tərtib etmişlər. Rövşənin və Faiqin həmin vaxt orada olmaları həmçinin yatağa aid sənədləri əməkdaşlara təqdim etməsi iddiaçının mülki işə əlavə etdiyi Ruslandan gizli olaraq çəkdiyi fotoşəkildən aydın görünür. İddiaçının məhkəməyə təqdim etdiyi Nizami Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinin ikinci səhifəsində Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyində Rövşən Feyziyevin bir il ərzində istehsal olunmuş əhəngdaşı olan dağ kütləsinin ümumi həcmi 11387.6 m3 deyil 1626.8 m3 oldugu göstərilib. İddiaçı da ekspert rəyindəki 1626.8 m3 həcmi Ruslana tərtib etdiyi akta yazmışdır. Guya Ruslan 11 gün ərzində yatağı istismar edərək 1626.8 m3 ərazidə istismar işi aparmışdır. Digər tərəfdən Ekoloji Təhlükəsizlik Xidməti X11 sahəsində dövlət siyasətini həyat keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir struktur bölməsidir. Bu Agentlik bir inzibati orqandır. Onun səlahiyyətlərindən biri də ətraf mühitə vurulmuş ziyana görə izibati tədbirin görülməsidir. Ziyan vurana tətbiq edilmiş inzibati qərardan ziyan vuran razılaşmadıqda həmin qərarı ziyanvuran İnzibati Məhkəmələrdə mübahisələndirə bilər. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi S.Ağabalayev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə təqdim edilmiş etirazın dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

8. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu ərazisində yerləşən əhəngdaşı yataqlarında istismar işləri aparan fiziki və hüquqi şəxslərə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən mişar daşı karxanasının təşkili məqsədi ilə torpaq sahəsi ayrılmamışdır və bu barədə heç bir sənəd verilməmişdir.

9. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X8 və X9 Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Agentlikdə qeydiyyata götürülmüş təhlükə potensiallı qurğu və avadanlıqlara malik fiziki və hüquqi şəxslər barədə məlumat siyahı üzrə təqdim edilmiş, həmin siyahıda Cavabdeh qeydiyyata alınması və ona müvafiq sənəd verilməsi barədə məlumat yoxdur.

10. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Departamentinin işçi qrupu (C.Bəşirov, S.Aliyev, B.Hüseynov) tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 51036 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, 138/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən “Güzdək” əhəng daşı yatağında istismar işləri aparan fizki şəxs Cavabdeh məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə monitorinq araşdırması aparılmışdır. Araşdırma zamanı karxananın rəhbəri fiziki şəxs Cavabdeh karxananın icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyini bildirsə də, icarə müqaviləsini təqdim edə bilməmişdir. Daş karxanasının istismarı üçün lazım olan hər hansı zəruri sənəd (torpaqayırma sərəncamı, yerin təkindən istifadəyə dair ekoloji sənədlər dağ-mədən ayırması aktı, dağ-mədən işlərinin inkişaf planı, ekspertiza rəyi, ekoloji pasport) işçi qrupun üzvlərinə təqdim olunmamışdır. İstismar sahəsində iki ədəd SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan vasitəsilə istismar işləri aparılmışdır. İstehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilmişdir. İlin sonunda 5GK illik hesabatı X11 üzrə X12 Fonduna təqdim olunmamış, mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf tərəfindən topogeodezik ölçmələr aparılaraq sahənin ölçmələri üzrə 83 m x 49 mx0,4 m=1626,8 m3əhəng daşının qeyri-qanuni istismar edildiyi müəyyən olunmuşdur. Bununla da “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, 21, 46-cı maddələrinin, “X11 haqqında” Azərbaycan Respublikasının Qanununun 51, 52-ci maddələrinin, “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Akt yalnız işçi qrupun üzvləri tərəfindən imzlanmışdır.

11. Məsləhətçi müfəttiş C.Bəşirov tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2003-cü il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş normativlərə əsasən hər 1 m3 əhəngdaşının normativ qiymətinin müvafiq olaraq 7,7 manat olduğu nəzərə alınaraq, fiziki şəxs Cavabdeh tərəfindən Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında qanunsuz olaraq istismar işlərinin aparılması ilə əlaqədar təbiətə 1626,8 m3 x 7,7 manat =12526,36 manat məbləğində ziyan vurulmuşdur.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X4 xeyrinə yüklü edilmişdir.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-266/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin cavabdeh X7 qarşı təbiətə dəymiş ziyana görə 87684 manat məbləğində pul tələbi barədə iddiasının qismən təmin edilməsi, X5 5010,54 manat maddi ziyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin xeyrinə tutulması qət edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 2(102)-631/2022 nömrəli Qərarının surətindən görünür ki, inzibati orqan olan iddiaçı normativ hüquqi aktlara əsasən ona verilmiş səlahiyyətlərə istinad edərək və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanına, həmin Xidmətin Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli Fərmanına, “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli, 119 nömrəli Qərarına istinad etmişdir. Göründüyü kimi, iş üzrə iddia tələbi yer təkindən düzgün istifadə edilməmə (yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi) nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. “Yerin təki haqqında” Qanunun 46-cı maddəsinə əsasən Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Hazırkı işdə ilk növbədə müəyyən edilməli məsələ qanunun tələblərinin pozulmasına görə şəxslər tələfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. “Yerin təki haqqında” Qanunun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir. Bununla yanaşı, X16 X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik digər faəliyyətlə yanaşı, yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, o cümlədən yerin təkindən istifadə sahəsində tənzimlənməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, Nizamnamənin 3.1.25-ci bəndinə əsasən yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. Nizamnamənin 3.2.10-cu bəndinə əsasən isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Agentliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətləridir. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yararan hüquq münasibətlərində Agentlik "İnzibati icraat haqqında" Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə, həmçinin öz Nizamnaməsinin 3.1.25 və 3.2.10-cu bəndlərinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir. Bundan başqa, "İnzibati icraat haqqında" Qanunun 82-ci maddəsinə və "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə, inzibati orqanlara pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. İnzibati akt isə inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində qəbul edilir. "İnzibati icraat haqqında" Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat-fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydaları daxilində həyata keçirilən fəaliyyətdir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz ede bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın "İnzibati icraat haqqında" Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. "Yerin təki haqqında" Qanunun 47 və 48-ci maddələrinin yuxarıda qeyd edilən müddəaların tələbləri ilə birgə təhlili nəticəsində isə qeyd edilməlidir ki, yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümükünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin akti və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur. Beləliklə, "Yerin təki haqqında" Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə "Yerin təki haqqında" Qanunun 47-ci maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. İnzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliklərinə qiymət verilməsi isə mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir (maddə 262.3). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki: 15.4. ...inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır." Bu baxımdan əgər iddia ərizəsinin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü barədə məsələ mövcuddursa işə baxan məhkəmə ilk növbədə həmin məsələyə hüquqi qiymət verməli və əgər iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

16. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun:

20. 47-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

21. 48-ci maddəsinə əsasən, yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin Əsasnaməsinin:

22. 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin və təbii ehtiyatların (yerin təki istisna olmaqla), o cümlədən ekoloji baxımdan torpağın münbitliyinin qorunması, bioloji müxtəlifliyin, flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi, atmosfer havasının çirklənməsinin qarşısının alınması və su ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması sahələrində (bundan sonra müvafiq sahə) Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra– Nazirlik) strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş X16 X1 Nizamnaməsinin:

23. 1.1-ci bəndinə əsasən, X16 X2 (bundan sonra Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı hərracların (auksion və ya müsabiqənin) keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra- müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir.

24. 3.1.25-ci bəndinə əsasən, yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək Agentliyin vəzifələrinə aiddir.

25. 3.2.10-cu bəndinə əsasən, isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir. Tətbiq edilən prosessual hüquq normaları:

26. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, qeyd olunan ərazidə məhz cavabdehin istismar fəaliyyətini həyata keçirməsi və bunun nəticəsində göstərilən məbləğdə ziyanın dəyməsi barədə iddiaçı tərəfin dəlilləri, izahatlarla yanaşı, şahidlərin ifadələri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın surəti, Nizami Rayon Məhkəməsinin 2(007)-266/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin surəti, həmçinin xx.xx.2019-cu il tarixli aktın karxananın kimə məxsusluğu dəqiq araşdırılmadan, maraqlı şəxslər cəlb olunmadan, baxışda iştirak edən şəxslər tanış edilmədən birtərəfli qaydada tərtib edilməsi ilə təkzib olunur.

41. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-631/2022 nömrəli Qərarı ilə hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçı tərəfindən təbiətə dəymiş ziyanın tələb edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydalara əməl edilmədiyindən, hazırki iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli, 2(102)-631/2022 nömrəli Qərara əsasən, "Yerin təki haqqında" Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə "Yerin təki haqqında" Qanunun 47-ci maddəsinə əsasən, inzibati və ya inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər.

42. Məhkəmə kollegiyası hazırkı işə ümumi məhkəmədə baxılması barədə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının olmasını nəzərə alır.

43. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Nəticə:

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar