Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3929/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1294/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) keçmiş qaynatasıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 213/2024 nömrəli qətnaməsi ilə X3 (iddiaçının qızı) hazırki iş üzrə cavabdehə qarşı “qızılzinət əşyalarının və borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh oğuna qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borc olaraq verilmiş 3.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X6 xx.xx.2019-cu il tarixdə rəsmi nikah əsasında cavabdehlə ailə həyatı qurmuşdur. Yaranmış ailə mühaqişəsi zəminində onlar arasında olan nikah pozulmuşdur. Bundan sonra qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, toy vaxtı ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarını və ya oların dəyəri olan cəmi 1.500 manat pulun və valideynləri tərəfindən borc olaraq verilmiş 4.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, iddiaçının nümayəndəsi İddiaçı izahat verərək, cavabdehǝ 3.000 manat pulu borc olaraq verdiyini bildirmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi (atası) İddiaçı, iddiaçının özü və vəkilinin izahatları, eləcə də cavabdehə məxsus səs yazısından aydın olduğu kimi həmin borc məbləği cavabdehə iddiaçı tərəfindən deyil, iddiaçının valideyni tərəfindən verilmişdir. Bu səbəbdən də iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. 3000 manat borc verilməsi ilə bağlı sübut kimi təqdim etdiyi diskdə olan, "WhatsApp" sosial platforması vasitəsilə əldə edilmiş, Cavabdeh məxsus səs yazısında "anan 3000 manat pul verdi, Melisa üçün borc götürmüşdü, ondan 1.000 manatını yiyəsinə qaytardı, yerdə qaldı 2.000 manat, sosialı da bağlatdırdınız, orda da elə 3000 manatdan çox pul idi. Nəyin pulunu verim, cibimdəki 10 qəpiyi verim? Gedin məhkəməyə ərizə verin, aliment nədir onu verəcəm" səsləndirilir. Həmin yazışmalar və səs yazısı birbaşa mübahisənin tərəfləri arasında və mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1294/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək, bildirmişdir ki, iddia ərizəsi əsassız və mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığından rədd edilməlidir. Belə ki, eyni tələb üzrə bir dəfə iddia qaldırılmışdır və buna dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı pul tələbinə dair hər hası iş üzrə mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi o İddiaçı rəsmi olaraq heç bir borc pul almamışdır. Qızı ilə nikahı pozulandan sonra bu ailə artıq dördüncü dəfədir ki, əsassız yerə ona qarşı məhkəmələrdə iddia qaldırır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 1294/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 3.000 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim X7).
7. Məhkəmə, iş materiallarına əlavə edilmiş diskdə olan “Whatsapp” səs yazısına şahid ifadəsi ilə birlikdə qiymət verərək, işin hallarını nəzərə alıb hesab etmişdir ki, iddiaçı cavabdehə 3.000 manat məbləğində pul vəsaitini verməsini təsdiq etməklə bağlı üzərinə düşən sübutetmə yükünü icra etmişdir. Borc müqaviləsinin lazımı forma və qaydasına riayət olunmadığı üçün cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalı, yəni etibarsız əqd üzrə əsassız varlanma qaydaları tətbiq edilməklə iddia təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və 3.000 manat məbləğində pul üçün 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğundan bu məbləğ cavabdehdən tutularaq, dövlət büdcəsində köçürülməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 439.4-cü, 739-cu, 1091.1-ci, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 76.1-ci, 77.1-ci, 106.1-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, 9.4-cü və 9.1.20-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tək “Whatsapp” proqram təminatı vasitəsi ilə həyata keçirilmiş səs yazısını və şahid Kifayət Muradovanın yalan ifadəsini əsas götürərək, qanunsuz qətnamə qəbul etmişdir. Eyni zamanda, şəxsin səsinin yazılması qanuna zidd hərəkətdir və səs yazısı subut kimi qiymətləndirilə bilməz. Ondan əlavə səs yazısında belə İddiaçı onun borc almağına dair hər hansı bir fakt yoxdur. Odur ki, məhkəməyə onun iddiaçıdan 3.000 manat pul vəsaitini borc almağına dair hər hansı rəsmi subut təqdim edilməmişdir. Məhkəmə hətta qanunsuz qətnamə qəbul edərkən borcun hansı tarixdə verilməsini belə müəyyənləşdirməmişdir. Bu da onu göstərir ki ,iddiaçı heç bir vaxt ona 3.000 min manat borc pul verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı olan keçmiş qaynatası ona 3 000 manat məbləğində pulu maşın alması üçün borc vermiş, lakin ailədə yaranan problemlər nəticəsində o, həmin məbləği uşağın müalicəsi üçün xərcləmişdir. Qeyd olunanların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə onun qızının birgə nikahından doğulmuş uşaq səhhəti ilə bağlı müalicə olunmuş, lakin həmin müalicənin dəyəri onun tərəfindən ödənilmişdir. Bu hal onda olan xeyli sayda ödəniş qəbzləri ilə də təsdiq edilir. Lakin cavabdeh öz mövqeyinə uyğun hər hansı belə qəbz təqdim edə bilmir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; əvvəlki redaksiyada 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; əvvəlki redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
22. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
23. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
24. Bu baxımdan iddiaçı keçmiş kürəni olan cavabdehə 3.000 manat məbləğində pulu borc verməsini sübut etməli idi. İddiaçı da bu halın təsdiqi üçün səs yazısına və şahid ifadəsinə istinad edir. Lakin cavabdeh iddiaçının ona 3.000 manat məbləğində borc pul verdiyini etiraf etməklə iddiaçını qeyd edilən halı sübutetmə yükündən azad edir. Bununla belə, cavabdeh 3.000 manat məbləğində pulun keçmiş qaynatası tərəfindən maşın alması üçün ona borc kimi verildiyini qəbul etsə də, sonradan həmin məbləğin iddiaçının qızı ilə birgə nikahından doğulmuş uşağın müalicəsi üçün xərcləndiyini və bu səbəbdən də borc məbləğini qaytarmalı olmadığı mövqeyindən çıxış edir.
25. Məhkəmə kollegiyası bu istiqamətdə xüsusilə o halı da qeyd edir ki, hazırki iddiadan əvvəl iddiaçının qızı cavabdehə qarşı qızıl-ziynət əşyalarının və valideynləri tərəfindən verilmiş 4.000 manat məbləğində borc pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olmuş 2(002)- 213/2024 nömrəli iş üzrə cavabdeh izahatında 3.000 manat məbləğində pulun ona deyil, iddiaçı tərəfindən qızına verildiyini və nəticədə ailə ehtiyacları üçün xərcləndiyini qeyd etmişdir. Həmin işə baxan birinci instansiya məhkəməsi də borc məbləğinin cavabdehə iddiaçı tərəfindən deyil, iddiaçının valideyni (hazırki iddiaçı) tərəfindən verildiyini müəyyən etmiş və iddiaçının qeyd edilən məbləği tələb etmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə həmin iddianı rədd etmişdir.
26. Başqa sözlə, iddia üzrə tələb edilən məbləğin cavabdehə iddiaçı tərəfindən verilməsi artıq müəyyən edilmişdir. Cavabdehin özü də nəticə etibarı ilə 3.000 manat məbləğində pulun iddiaçı tərəfindən ona verilməsini qəbul edir. Bu baxımdan mövqeyinə uyğun olaraq həmin məbləğin məhz ailəyə sərf edilməsini sübuta yetirilməsi yükü onun üzərinə düşür. Lakin cavabdeh bu məbləğin ailəyə, xüsusilə də uşağın müalicəsinə xərclənməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmir.
27. Məhkəmə kollegiyası səs yazısının sübut kimi qəbul olunmasının qaunvericiliyə zidd olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin Plenum qərarında sərgilənmiş hüquqi mövqeyə görə birbaşa tərəflər arasında baş tutan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi şəxsi toxunulmazlıq hüququnun pozulması mənasını daşımır. Hazırki halda da iddiaçı tərəfindən təqdim edilmiş audioyazı birbaşa iddiaçı ilə cavabdeh arasında keçən danışığı əks etdirir. Həmin danışıqlar zamanı da cavabdehin təzyiq altında və ya məcburiyyət qarşısında söhbətləri apardığı müəyyən edilmir. Həmin audioyazıdan birmənalı şəkildə belə qənaətə gəlmək olur ki, biri-biri ilə yaxşı münasibətdə olan iki şəxs tam sərbəst şəkildə öz aralarında verilmiş pulun məbləği ilə bağlı haqq-hesab aparır və pulun qaytarılması barədə danışıqlar aparır.
28. Bununla belə, məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatını, şahid ifadəsini, habelə digər sübutları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında şifahi borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 2023-cü ildə 3.000 manat məbləğində pulu borc vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almış, lakin bu məbləğin qaytarılması barədə vəd versə də bugünədək qaytarmamış və bununla da həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hüquqi nəticə etibarı ilə müqavilələrin şərtlərini pozmuşdur. Tərəflər pulun qaytarılması müddətini öz aralarında razılaşdırmasalar da, iddiaçının bu məbləği cavabdehdən tələb etməsi, artıq bu məbləğin qaytarılmasını şərtləndirir. Lakin iddiaçının pulu ondan tələb etməsi də bir nəticə veməmişdir. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 3.000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, bu məbləğə uyğun olaraq, 50 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə 3.000 manat məbləğində pul, dövlət büdcəsinin xeyrinə isə 50 manat məbləgində dövlət rüsumunun əvəzini tutmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Məhkəmə kollegiyası o halı da qeyd edir iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1294/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.