Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-393/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(001)-124/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18.11.2014-cü il tarixli, 040HOME385726 saylı Kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 38.444,72 manat məbləğində əsas, 8.576,01 manat məbləğində faiz, 19.016,61 manat məbləğində cərimə, cəmi 66.037,33 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1i ünvanda yerləşən 0,2042 ha torpaq sahəsinin 0,02 ha torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18.11.2014cü il tarixli, 040HOME385726 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 46.792,43 manat məbləğində əsas, 8.576,01 manat məbləğində faiz, 19.016,61 manat məbləğində cərimə, cəmi 74.385,05 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, girovun hərrac vasitəsi ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, faizlərin vaxtında ödənilmədiyinə görə hesablanmış penyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18.11.2014-cü il tarixli 040HOME385726 saylı kredit limiti müqaviləsinə əsasən 84 ay müddətinə illik 9% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 51341 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə 18.11.2014-cü il tarixli 040HOME385726/ASİ saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 ilə 18.11.2014-cü il tarixli 040HOME385726/G saylı “tikilməkdə olan fərdi yaşayış evinin” girova götürülməsi ilə bağlı Müqavilə imzalanmışdır. Bununla bağlı Cavabdeh2 qızma məxsus 19.11.2014-cü il tarixli ərizəyə əsasən, Cavabdeh2 alqı-satqı və ipoteka müqaviləsinin şərtləri ilə tanış olduğunu, heç bir etirazının olmadığını və borcun ödənmədiyi halda mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 16.04.2015-ci il tarixdə ‘‘Bank Respublika” ASC-yə ərizə ilə müraciət edərək, Kredit müqaviləsinin restrukturizasiyasına dair Razılaşmanın imzalanmasını xahiş etmişdir. 16.04.2015-ci il tarixli Razılaşmaya əsasən İddiaçı ASC, Cavabdeh1 ilə bağlanmış 18.11.2014-cü il tarixli 040HOME385726 saylı kredit limiti müqaviləsi ilə verilmiş kreditin 49557.17 ABŞ dolları əsas borcun qalığını, 334.51 ABŞ dolları hesablanmış faiz məbləğini konvertasiya edərək Mərkəzi bankın restrukturizasiya gününə olan kursu ilə AZN valyutasına konvertasiya etməklə restrukturizasiyasını həyata keçirmişdir. Kredit məbləği 52421 manat müəyyən edilmiş, kredit məbləğinin qaytarılması 116 ay müddətinə illik 9 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. İpoteka predmetinə yönəltmə barədə bildiriş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(001)-124/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014-cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 38.444,72 (otuz səkkiz min dörd yüz qırx dörd manat, yetmiş iki qəpik) manat məbləğində əsas, 5.576,01 (beş min beş yüz yetmiş altı manat, bir qəpik) manat məbləğində faiz, 189,41 (bir yüz səksən doqquz manat, qırx bir qəpik) manat məbləğində cərimə, cəmi 44.210,14 (qırx dörd min iki yüz on manat, on dörd qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh1 tutulması, hərraca çıxarılarkən ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, yəni 38.444,72 manat əsas borcun tutulması və ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, 25.000 manat əsas borcun tutulması, əmlakın satış qiymətinin 150.000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdehin arasında 18.11,2014-cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsi bağlanmış, sonradan aralarında 16.04.2015-ci il tarixdə 18.11,2014-cü il tarixli kredit müqaviləsinin restrukturzasiyasına dair razılaşma bağlanmışdır. Həmin kredit müqaviləsinin tərkib hissəsi olan bu razılaşmaya əsasən kredit müqaviləsi üzrə yaranmış 49.891,68 ABŞ dolları məbləğində borcun Azərbaycan manatına konvertasiya edilməklə restrukturizasiyası həyata keçirilmiş və ümumi borc məbləği 52.421 manat müəyyən edilmiş, illik faiz dərəcəsi dəyişdirilmədən saxlanılmış, ödəniş müddəti isə 13.11,2024-cü il tarixədək uzadılmışdır. İşə baxmış Binəqədi rayon məhkəməsi ondan iddiaçının xeyrinə 38.444,72 manat əsas borcu, 5.576,01 manat faiz borcu, 189,41 manat cərimə, cəmi 44.210,14 manat məbləğində borcunun tutulmasını qət etsə də, həmin məbləğ düzgün müəyyən edilməmişdir. Belə ki, Bankla aralarında bağlanmış kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən əsas və faiz borcunu ödəməyə çalışmış, lakin maddi vəziyyətində yaranmış çətinliklərlə bağlı kreditin ödənilməsini dayandırmışdır. Kredit borcunun ödənilməsi üçün vaxt verilməsi məqsədi ilə Banka müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Kredit müqaviləsi üzrə apardığı ödənişlər Bank tərəfindən ilk əvvəl əsas borca deyil, faiz və cərimə borcunun silinməsinə yönəldilmiş və bu hal onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Bundan əlavə onun ödədiyi pulların hamısı ekspert tərəfindən nəzərə alınmamışdır. Onun banka ödənilməmiş cəmi 25.000 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı Bank öz hüquqlarından sui-istifadə etmişdir. Bu səbəbdən həm əsas, həm də faiz borcunun məbləğindən narazıdır. Lakin işə baxmış Binəqədi Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Bundan başqa, fərdi yaşayış evinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Qeyd olunan məbləğ mənzilin real bazar dəyərini əks etdirmir. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət edərək, ödəniş qəbzlərini əlavə etməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, yəni 38.444,72 manat əsas borcun tutulması və ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək 22.194.60 manat əsas borcun tutulması, əmlakın satış qiymətinin 150.000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş edərək, qətnaməni yalnız əsas borcun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız əsas borcun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 84 ay müddətinə illik 9% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 51.341 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ‘‘Bank Respublika” ASC ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsinin restrukturizasiyasına dair 16.04.2015-ci il tarixli Razılaşmaya əsasən İddiaçı ASC, Cavabdeh1 ilə bağlanmış 18.11.2014-cü il tarixli 040HOME385726 saylı kredit limiti müqaviləsi ilə verilmiş kreditin 49557.17 ABŞ dolları əsas borcun qalığını, 334.51 ABŞ dolları hesablanmış faiz məbləğini konvertasiya edərək Mərkəzi bankın restrukturizasiya gününə olan kursu ilə AZN valyutasına konvertasiya edilməklə restrukturizasiyası həyata keçirilmişdir. Kredit məbləği 52421 manat müəyyən edilmiş, illik faiz dərəcəsi dəyişdirilmədən saxlanılmış, kredit məbləğinin qaytarılması 116 ay müddətinə illik müəyyənləşdirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014cü il tarixli 040HOME385726/ASİ saylı alqı-satqı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 X1 7.000 manata aldığı ünvan 1i ünvanında yerləşən 0,2042 ha torpaq sahəsinin 0,02 ha torpaq sahəsini 18.14.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, Cavabdeh1 18.11.2014-cü il tarixli 040HOME385726/G saylı “həmin torpaq sahəsində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqlarını İddiaçı ASC-nin xeyrinə kredit öhdəliklərinin təminatı olaraq 18.11.2014-cü il tarixli müqavilə ilə girovla yüklü etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi-yaşayış evinin ilkin satış qiyməti müqayisə yanaşması ilə 70.000-75.000 manat təşkil etmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirməsi ilə bağlı qərardad qəbul edilmiş və həmin qərardad əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən fərdi-yaşayış evinin bazar dəyərinin 65.000 manat, likvid qiymətinin isə 58.500 manat təşkil etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğlərə istinad edərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014-cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 38.444,72 manat məbləğində əsas, 5.576,01 manat məbləğində faiz, 189,41 manat məbləğində cərimə, cəmi 44.210,14 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində borc məbləğinin şişirdilməsi ilə bağlı qənaətinin hansı hallarla təsdiq olunduğunu göstərməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, ekspert tərəfindən bütün ödənişlər nəzərə alınmış, qətnamə qəbul edilərkən məhkəmə həmin rəyə istinad etməklə iddia qismən təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləği işin həqiqi hallarına və tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə uyğun olduğundan şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı 20.07.2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş qiymətləndirmə rəyi ilə ipoteka predmetinin bazar dəyəri 70.000-75.000 manat dəyərləndirilmişdir. Apellyasiya instansiyasında icraat zamanı keçirilmiş qiymətləndirmə rəyi ilə ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən fərdi-yaşayış evinin bazar dəyərinin 65.000 manat, likvid qiymətinin isə 58.500 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının qətnaməni ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirməməsini nəzərə alıb hesab edir ki, sonradan müəyyən edilmiş məbləğin ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti kimi nəzərə alınması mülki prosessual qanunvericiliyin tələblərinə zidd olardı. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət cavabdeh tərəfindən verildiyindən, iddiaçı isə həmin qətnamə ilə razılaşdığından məhkəmə kollegiyası həmin rəyə istinad etməklə qətnaməni şikayəti vermiş şəxsin zərərinə dəyişə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, həmin rəy qiymətləndirmə fəaliyyəti haqda qanuna uyğun şəkildə həyata keçirildiyindən və mənzil bazarında olan hazırkı vəziyyəti əks etdirdiyindən, bu rəylə müəyyən edilmiş məbləğ mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı müqayisəli qiymətləndirmədə bir dəlil kimi nəzərə alına bilər. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(001)-124/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-393/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-393/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver