Məhkəmə qərarları › İş №2(103)-3930/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3930/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3930/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı iş üzrə Abşeron İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla, cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-204/2024 nömrəli 02 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov, tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X5 və hal şahidlərinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evində olmuşlar və borclular icra yerinə gəlmədiklərindən evin qapısı açılaraq evə baxış keçirilmiş, borcluya məxsus əşyalar tələbkara saxlanc üçün təhvil verilmişdir. Həmin əşyalardan 2 ədəd divan kreslo dəsti, mətbəx mebeli, 1 ədəd tozsoran, 1 ədəd şkaf, 1 ədəd qonaq otağı şkafı, 3 ədəd yataq çarpayısı, 1 ədəd divar saatı, 1 ədəd meyvə şirəsiçəkən, 1 ədəd fen, 2 ədəd euromax markalı peyk çanaq qurğusu, 1 ədəd ev telefonu tələbkara təhvil verilmişdir. Evin qapısının açarları mütəxəssis tərəfindən yenilənərək tələbkara təhvil verilmişdir. Evə baxış keçirilərkən hər hansı bir qızıl-zinət əşyaları, pul vəsaiti və digər dəyərli əşyalar müəyyən olunmamışdır.

2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehi məktubda qeyd etdiyi əşyaları geri qaytarması, əks təqdirdə müvafiq orqanlara müraciət edəcəyi barədə xəbərdar etmişdir.

3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehi ona dəymiş 11000 manat maddi ziyanı ödəməsi barədə xəbərdar etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iş üzrə Abşeron İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla, cavabdeh «TBC Kredit” BOKT MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC tərəfindən ona dəyən maddi ziyana görə cavabdehdən 11000 min manat alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2013-cü il tarixdə "xxxx" BOKT MMC ilə kredit müqaviləsi imzalayaraq 35000 min manat pul krediti götürmüşdür. Kreditin təminatı kimi həyat yoldaşı X3 məxsus ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə "xxxx" BOKT MMC ilə ipoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyi vaxtı-vaxtında yerinə yetirsə də, sonradan ölkədə baş verən devalvasiyalardan sonra öhdəliyi qismən yerinə yetirə bilmişdir. Lakin buna baxmayaraq "xxxx" BOKT MMC onlara qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 1303/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Məhkəmə tərəfindən BAKUO-327-3902 saylı xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, eyni zamanda BAKUO-327\4882 saylı xx.xx.2015-ci il tarixli razılaşmaya xitam verərək, həmin razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları məbləğində əsas borc, 5605,75 ABŞ dolları məbləğində faiz borcu, 7500 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, bundan başqa tələbin ipoteka ilə yüklü edilmiş və X2 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, şikayət qismən təmin edilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758\2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin təmin olunması məqsədi ilə Abşeron Rayon İcra Şöbəsi sifariş məktubunu hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. Nəticə etibarı ilə hərrac baş tutmuş və xx.xx.2020-ci il tarixli X6 Protokola əsasən ipoteka predmeti olan fərdi yaşayış evi 70125 manat "xxxx" BOKT MMC-yə satılmışdır. Hərracın keçirilən vaxtı pandemiya şəraitində vətandaşların küçəyə çıxmasına məhdudiyyətlər qoyulmuşdur. Ondan əlavə hərracın keçirilməsinə dair hər hansı bir bildiriş verilməmişdir. Bu baxımdan da hərracın keçirilməsindən məlumatı olmamışdır. Lakin bir müddət sonra Abşeron İcra şöbəsinin əməkdaşları mənzilin boşaldılması ilə əlaqədar heç bir təyin etmə ilə əlaqədar bildiriş vermədən xəbərsiz "xxxx" BOKT MMC-nin əməkdaşları ilə birgə evdə olmadığından istifadə edərək, qanunsuz evin qapısını qıraraq, mənzilə daxil olmuşlar. Evdə olan əşyaları qanunsuz olaraq hara apardıqlarını məlumat verməmişlər. Hazırda evə daxil ola bilmir. Evə mühafizəçi qoyublar. Ondan əlavə qanunsuz olaraq evinə daxil olan "xxxx" BOKT MMC-nin əməkdaşları evdəki əşyaları, o cümlədən ailəsinə məxsus qızılzinnət əşyaları kimlərsə tərəfindən götürülmüşdür. Nəticə etibarı ilə ona böyük məbləğdə maddi ziyan dəymişdir.

6. Cavabdehin nümayəndəsi X9 iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, cavabdeh qismində Abşeron Rayon İcra və Probasiya Şöbəsi olmalıdır. Əşyalara iddiaçı özü gəlib baxış keçirmişdir, əşyaları geri götürmür, onların əvəzinə pul tələb edir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-204/2024 nömrəli 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Məhkəmə işi obyektiv araşdırmadan cavabdehin təqdim etdiyi akta əsasən qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmədə vəsatətimə əsasən ekspertiza təyin edilməmişdir. Hazırda cavabdehin saxlancında saxlanılan əşyalarımın hansı vəziyyətdə olmasına dair ekspert təyin olunmalı idi. Çünki mənə məxsus əşyaların çoxu yararsız haldadır. Odur ki, əşyalarımın saxlancda olmasının və hansı vəziyyətdə olmasına dair ekspertin rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən sübütlardan biridir. Ondan əlavə məhkəmə icra zamanı mənzildən çıxarılmaya dair icranı qanunu hesab etmişdir . Hərçənd mənzildən çıxarılmaya dair icra məmuru tərəfindən mənə təyin etmə haqqında heç bir bildiriş göndərilməmişdir. İcra zamanı biz evdə olmamışıq.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh «TBC Kredit” BOKT MMC-nin nümayəndəsi ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirirərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır.

18. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-204/2024 nömrəli 02 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 2013-cü il tarixdə "xxxx" BOKT MMC ilə kredit müqaviləsi imzalayaraq 35000 min manat pul krediti götürmüşdür. Kreditin təminatı kimi həyat yoldaşı X3 məxsus ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə "xxxx" BOKT MMC ilə ipoteka müqaviləsi imzalanmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir.

31. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

32. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tələbinin əsasını sübut edə bilməmişdir. Belə ki, o, iddia ərizəsində onun mənzilinə iddiaçının qanunsuz şəkildə daxil olaraq əşyalarını, həmçinin ailəsinə məxsus qızıl-zinət əşyalarını götürdüyünü iddia etsə də o, bunu sübut edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu isə iddiaçının iddia ərizəsinin dəlilllərinin formal mülahizələrə əsaslandığını göstərir.

33. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində onun mənzilindən əşyaların qanunsuz götürüldüyünü iddia etsə də, o, iddia tələbində 11000 manat pul istəmişdir. Kollegiya hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan aktda iddiaçının evindən hansı əşyaların götürüldüyü və bu prosesdə kimlərin iştirak etdiyi aktı imzalayanların imzası ilə təsdiq edilir. İddiaçı onun ailəsinə məxsus qızıl-zinət əşyalarının da götürdüyünü iddia edir. Lakin aktda belə bir hal aşkar edilməmişdir. Bu hal da həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddiaçının evinə daxil olaraq oradan əşyaların siyahıya alınaraq götürülməsi faktını təsdiq edir. Lakin aktdan da göründüyü kimi mənzilə daxil olma qanunsuz şəkildə baş verməmişdir. Bu proses icra məmurunun iştirakı ilə məhkəmə qərarının icrası məqsədilə olmuşdur.

34. Digər tərəfdən iş materiallarında olan cavabdehin izahatlarından görünür ki, iddiaçının iddia ərizəsində götürüldüyünü qeyd etdiyi əşyalar hal-hazırda saxlancda saxlanılır, lakin iddiaçı özü həmin həmin əşyaları götürmür. Hazırkı iddiasında isə o, əşyaları deyil də onların dəyərini tələb edir. Kollegiya qeyd edir ki, yalnız əşyaların mövcud olmadığı halda iddiaçının iddia tələbi əsaslı ola bilərdi.

35. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, saxlanca verilmiş əşyaların yararsız hala düşməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir, habelə iddianın əsası saxlanca verilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə bağlı olmamışdır. Saxlanca verilmiş əşyaların vəziyyəti ilə bağlı ekspertizanın keçirilməməsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı mübahisənin həlli baxımından bu halın aydınlaşdırılmasının əhəmiyyəti yoxdur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-204/2024 nömrəli 02 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar