Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3931/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-75/2023 saylı 04 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-22/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə X2 CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
2. Həmin hökmə əsasən zərərçəkmiş şəxs İddiaçı məxsus “X5” markalı avtomobilə dəymiş ziyanın məbləği 5420 manat müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 5420 manat pulun və 100 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Pirallahı rayonu Pirallahi qəsəbəsi S.Vurğun küçəsi ev 56A mənzil 63-də mənzilinin pəncərəsindən onun maşınının üstünə müxtəlif dəmir parçalar ataraq, ona məxsus həmin binanın həyətində dayanmış «JEEP CRAND» markalı **-BL-*** dövlət nömrəli avtomobili qəsdən zədələyərək, avtomobiliə 5420 manat maddi ziyan vurmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2-ci maddəsi ilə təqsirli bilinərək, bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh şəxs onun maşınına dəymiş ziyanını hal-hazıra kimi ödəməmişdir. Avtomobilə dəymiş zinay məhkəmə hökmü ilə müəyyən edilmişdir.
5. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 aprel 2023-cü il tarixli 2(094)-75/2023 saylı qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia tələbi təmin edilmiş, cavabdehdən 5420 manat məbləğində pul və 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yuxarıda adı çəkilən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(094)-22/2021 saylı hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törədilməklə iddiaçıya zərər vurulduğundan, iddiaçı həmin zərərin əvəzini tələb etməklə haqlıdır. Eyni zamanda iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən 5420 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli və bununla da iddia bu hissədə də təmin olunmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1069.1, 1097.1, Cinayət Prosessual Məcəlləsinin 65.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyi ilə razı deyil, məcburiyyət qarşısında, son-zərurət olaraq tələbkardan və onun bacısından özünü müdafiə etmiş, onlar onun evinə hücum çəkərək mənzilin qapısını, evinin şkafını sındıraraq onu təhqir etdiyindən qorxudan onlara ziyan vurmuş, lakin ziyan şişirdilərək 5410 manat qeyd edilmişdir. Əslində dəyən ziyan 500 manatdan çox deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi
18. Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Cavabdeh tərəfindən iddiaçının avtomobilinə maddi zərər vurulması işin mübahisəsiz halıdır.
29. Cinayət işi üzrə zərərin məbləği 5420 manat təşkil etmişdir.
30. Qanunvericiliyin tələbinə əsasən məhkəmə əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(094)-22/2021 saylı hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır.
31. Ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulması müəyyən edildiyindən, iddiaçı vurulmuş ziyanı tələb etməkdə haqlı olmuşdur.
32. Kollegiya hesab edir ki, vurulmuş ziyanın məbləğinin şişirdilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, məhkəmə haqlı olaraq vurulmuş ziyanın dəyəri olaraq 5420 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-75/2023 saylı iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.