Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3932/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 2588.25 manat məbləğində icra ödənişi, 1848.75 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 64.37 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Surxaylı (Xəlilova) Gülxanım Faiq qızı etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim-Günay Abidova) ilə iş üzrə icraata xitam verilərək, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 64,37 manat məbləğində pulun ona geri qaytarılması qərara alınmış, iddiaçıya həmin tələblə müvafiq yekun məhkəmə aktının icrası qaydasında icra icraatı çərçivəsində - 8 indeksi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmuş, qərardaddan şikayət vermə müddəti və qaydası göstərilmişdir. Həmin qərardaddan İddiaçı ASC şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə yanlışdır və bankın hüquqlarını pozur. Şikayət təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e- 2(006)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Hazırki iş üzrə hərracın keçirilməsi ilə bağlı bütün xərclər Cavabdeh tərəfindən ödənilməlidir, lakin həmin xərclər İddiaçı ASC tərəfindən ödənilmişdir. Hal-hazırki iddia tələbi məhz həmin ödənilmiş pulun cavabdehdən alınmasından ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 336/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2014-cü il tarixli 125024-CNS-4634 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 32830,88 ABŞ dolları məbləğində əsas borc, 5324,90 ABŞ dolları məbləğində faiz borcu, 263,88 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38419,66 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX60” minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən cavabdehə məxsus **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli 131 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 128 saylı hesab-fakturasında **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar 1566,74 manat məbləğində xidmət haqqı və 282,01 manat məbləğində vergi ödənişi (18 % ƏDV) nəzərdə tutulmuşdur. xx.xx.2022ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına hesabfakturaya əsasən **-UT-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX-60” minik markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 1566,74 manat və həmçinin, bu xidmət üçün X2 hesabına 282,01 manat ƏDV ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixli digər ödəniş tapşırığı ilə məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X2 hesabına 2588,25 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 1848,75 manat məbləğində hərracın keçirilməsi xərci və 2588,25 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkət(lər)i ilə əlaqədar çəkilən hərrac xərc(lər)i borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərclərinin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, tələbkar İddiaçı ASC-nin çəkilən xərcləri Cavabdeh qızndan tələb etmək hüququ yaranmışdır. Hazırki qərardad qanunsuz və əsassız olmaqla, bankın hüquq və qanunla qorunan maraqlarını kobud şəkildə pozur və bankın müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu əsassız olaraq məhdudlaşdırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarındna görünür ki, iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən məbləğ qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası istiqamətində həyata keçirilən icra tədbirləri ilə əlaqədar yaranmış xərclərdir (icra və hərrac xərcləri). Kollegiya qeyd edir ki, iddiaçı bu xərclərin tutulmasını tələb etmək üçün ayrıca iddia ərizəsi ilə müraciət etmək əvəzinə, icra icraatı qaydasında – “8” indeksi ilə ərizə ilə aidiyyəti məhkəməyə müraciət edilməlidir. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hələ icrası başa çatmamış, yəni icra sənədi üzrə icra hərəkətləri davam etdirilən başqa bir məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranmış xərclərin həmin icra sənədi üzrə borcludan tələb edilməsinin təmin (və ya qismən təmin) edilməsi ilə əlaqədar başqa bir məhkəmə qətnaməsinin qəbul edilməsi gələcəkdə məhz həmin qətnamənin də icrası ilə əlaqədar yeni icra xərclərinin yaranması ilə nəticələnə bilər, bu halda isə icra sənədi üzrə borclu əlavə olaraq əsassız yüklənəcəkdir. Nəzərə alınsa ki, icra şöbəsi tərəfindən hazırki iş üzrə cavabdehin, yəni icra sənədi üzrə borclunun iş yerinə məktub göndərilərək, iddiaçı – icra sənədi üzrə tələbkar tərəfindən ödənilmiş icra xərclərinin də cavabdehin əmək haqqından tutulmalar aparılmaqla ödənilməsi tələb olunmuşdur, bu da onu deməyə əsas verir ki, nəticə olaraq icra şöbəsinin əsassız varlanması halı baş verəcəkdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 74-cü maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. 79.1, 79.2, 79.2.1-ci maddələrinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf olunan vəsaitlər aiddir. 81.4-cü maddəsinə əsasən, icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1 və 4.1.4-cü maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: - ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); - bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; - sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; - bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. “İcra haqqında” Qanunun qeyd olunan müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı kollegiya qeyd edir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir. Ona görə də, icra ödənişinin və hərracın keçirilməsi ilə əlaqədar xidmət haqqının icra işi üzrə borcludan tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. İş materiallarından görünür ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilmədiyindən, həmin məsələyə icra icraatı qaydasında baxılmalı olduğundan, tələb üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsini ehtiva edir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3932/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3932/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver