Məhkəmə qərarları › İş №2(103)-3934/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3934/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3934/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(010)-3099/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/94022/78/1 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 21% olmaqla 6000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və İddiaçı ASCnin xeyrinə 5598,38 manat məbləğində əsas borcun, 582,01 manat məbləğində faiz borcunun olmaqla, cəmi 6180,39 manat borcun və 82 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən Bank borcluya illik 21% olmaqla 36 ay müddətinə 6000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Hazırda cavabdeh həmin borcu və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə Kredit sazişinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(010)- 3099/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli CP/94022/78/1 saylı Kredit saziş üzrə 5488,07 manat məbləğində əsas borc, 406,60 manat məbləğində faiz borcu olmaqla, cəmi 5894,67 (beş min səkkiz yüz doxsan dörd manat, altmış yeddi qəpik) manat və 82 (səksən iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış CP/94022/78/1 saylı, xx.xx.2021-ci il tarixli kredit sazişinin ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 739.1 və 739.2-ci maddələri ilə əsaslandıraraq iddiaçının müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etdiyinin, lakin qarşı tərəfin müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmədiyi qənaətinə gəlmiş və iddianı qismən təmin etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən faiz borcu hissədə ləğv edilərək əsas borcla bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə rəsmi qaydada məlumat verilmədiyindən o, məhkəmə proseslərində iştirak edə bilməmiş, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Belə ki, ödənişdə geçikmə ilə bağlı bank ona heç bir məktub göndərilməmiş və o, ödənişləri bu gün də həyata keçirir. Müqavilənin bitməsinə 1 ilə yaxın vaxt qalır. O, krediti müqavilədə göstərilən tarixdə ödəyib bitirəcəkdir. Onun məlumatı və xəbəri olmadan məhkəmə keçirilmişdir. Bu da AR MPM-nin norma və tələblərinə ziddir. İcra şöbəsindən ona məlumat verildikdən sonra xx.xx.2023-cü il tarixində rəsmi müraciət etməklə qəbzə imza edərək qətnaməni rəsmi qaydada əldə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının rəyində faiz borcu əsas borcdan çox olmuşdur. Bu da öz növbəsində ekspert tərəfindən tam araşdırılma aparılmadığına dəlalət edir. O, məhkəmədə iştirak etmədiyindən özündə olan qəbzləri də məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə mühasibatlıq ekspertizası həmin qəbzlərsiz keçirilmişdir. Ona görə də apellyasiya insatansiyası məhkəməsində təkrar ekspertiza keçirilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni əsas və faiz borcu hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı Mülki Məcəllə

385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissədində dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, CP/94022/78/1 saylı xx.xx.2021-ci il tarixli Kredit sazişinə əsasən bank Cavabdeh 36 ay müddətinə illik 21 % olmaqla 6000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 5598,38 manat məbləğində əsas borc, 582,01 manat məbləğində faiz borcu vardır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-3099/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5624 nömrəli rəyi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli CP/94022/78/1 saylı kredit müqaviləsi üzrə borcu xx.xx.2022-ci il tarixə 5488,07 manat əsas, 406,60 manat faiz borcu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsinin əsası kimi iş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Cavabdehin apellyasiya şikayətində kredit müqaviləsinin mövcudluğu mübahisələndirilməmiş, faiz borcunun ləğv edilməsi, əsas borc hissəsində təkrar ekspertiza keçirilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3934/2023 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixdə 9/5425 saylı rəy vermişdir. Həmin rəydən görünür ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ***-*******MK051218- 01 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə-borcla bağlı bildirişin göndərilmə tarixinə əsas borc üzrə 5504,14 manat və faiz borcu üzrə 346,06 manat, xx.xx.2022-ci il-maliyyə arayışı verilən tarixə əsas borc üzrə 5504,14 manat və faiz borcu üzrə 394,23 manat, xx.xx.2022-ci il-iddia ərizəsi verilən tarixə əsas borc üzrə 5504,14 manat və faiz borcu üzrə 403,86 manat, xx.xx.2022-ci il tarixə qətnamə çıxarılan tarixə əsas borc üzrə 5504,14 manat və faiz borcu üzrə 801,99 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək hesab edir ki, məhkəmə cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu tutulmalı olması barədə qənaəti düzgün olmuşdur. Belə ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin kredit müqaviləsi üzrə faiz borcu ekspertiza rəyində-bildiriş göndərilən tarixə (Konstitusiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına uyğun olaraq) göstərilən məbləğdə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası əsas borca münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin banka olan əsas borcu 5598,38 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə uyğun olaraq əsas borcun məbləği 5488,07 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırki məhkəmə kollegiyasına təqdim olunmuş rəyə əsasən əsas borc 5504,14 manat təşkil edir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməmiş və 5488,07 manat məbləğdə əsas borcla razılaşmışdır. Hazırki halda ekspert tərəfindən müəyyən olunmuş 5504,14 manat əsas borc məbləğinin cavabdehdən tutulması hüquqmüəyyənlik prinsipinə ziddir. Bu səbəbdən əsas borc hissəsində kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya həmçinin hesab edir ki, iddiaçının təqdim etdiyi faiz borcu məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 346,06 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, iş materiallarına əsasən cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı ilə baxmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(010)- 3099/2022 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək faiz borcunun məbləği 346,06 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar