Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3939/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC, Cavabdeh1 və Elvin Traverdiyevdən onun xeyrinə 05.09.2017- ci il tarixli **********01944103 saylı kredit müqaviləsi üzrə 1401,44 manat əsas, 631,16 manat faiz, cəmi 2032,60 manat borcun; Cavabdeh1 və Cavabdeh3 08.01.2018-cu il tarixli 111GTKR180080001 saylı kredit müqaviləsi üzrə 3628,56 manat əsas, 618,06 manat faiz, cəmi 4246,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, borc düzgün hesablanmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. İşə baxılarkan cavbdehlərin iştirakı təmin edilməmişdir. Onlar məhkəməyə sübutlarını təqdim edə bilməmişlər. Borc məbləği hesablanarkən, iddiaçı tərəfindən şişirdilmiş faizlər müəyyənləşdirilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2017-ci il tarixli, **********01944103 saylı Bir kart xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 1000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 05.09.2017-ci il tarixli, Z**********01944103 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2018-cu il tarixli, 111GTKR180080001 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 48 ay müddətinə illik 29.34 faiz dərəcəsi ilə 5200 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 08.01.2018-ci il tarixli, Z111GTKR180080001 saylı zaminlik müqaviləsi bağlanmışdır. 08.01.2018-ci tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən aylıq 185,28 manat ödəməyi Cavabdeh1 öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. 30.01.2020-ci il tarixli bildirişə əsasən, kredit müqavilə üzrə 22.01.2020-ci il tarixinə 4015,12 manat məbləğində ümumi borcu, gecikmə günü 75 gün olmaqla 641,99 manat gecikmə yaranmış, öhdəliyin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. 11.09.2020-ci il tarixli 135000/970 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 04.09.2020-ci il tarixə 08.01.2018-cu il tarixli kredit müqaviləsi üzrə 3628.56 AZN əsas; 618.06 AZN faiz; cəmi 4246.62 AZN borcu və 05.09.2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə 1401.44 AZN əsas; 631.16 AZN faiz; cəmi 2032.60 AZN borcu vardır. Qeyd olunanlar iddia ərizəsi, mülki iş üzrə elektron uçot- qeydiyyat kartoçkasına əlavə olunmuş sənədlər və işdə olan digər sənədlərlə təsdiq olunur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, Cavabdeh1 işə onun iştirakı təmin olunmadan baxıldığını bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasılarının yeri və vaxtı barədə cavabdehə iddia ərizəsində qeyd olunan qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş bildiriş ünvan üzrə çatdıırlmış, eyni zamanda sms xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, məhkəmə cavabdehin məlumatlandırılması üçün bütün lazımi tədbirləri görmüşdür. Kollegiya, onu da qeyd edir ki, cavabdeh, apelyasiya şikayətində də yeni ünvan göstərməmiş və eyni telefon nömrəsini qeyd etmişdir. Buna görə də, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ona qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş və sms xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, cavabdeh işin apelyasiya baxışında da iştirak etməmiş və məhkəməyə bununla bağlı hər hansı üzrlü səbəb bildirməmişdir. Cavabdeh1, apelyasiya şikayətində, həmçinin, tərəfindən ödənilmiş məbləğlərin nəzərə alınmadığını və borcun düzgün hesablanmadığını bildirsədə, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsaslı saymır, ona görə ki, bankın əsas borcu və müqavilə müddəti daxilində razılaşdırılmış faiz məbləğini müştəridən tələb etmək hüququ vardır. Hazırkı işdə məhkəmə tərəfindən tutulan Cavabdeh1 və Cavabdeh3 tutulan 3628,56 manat əsas, 618,06 manat faiz borcu 08.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 və Elvin Traverdiyevdən 1401,44 manat əsas, 631,16 faiz borcu 05.09.2017ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış məbləğlərdir. Apelyator isə, həmin məbləğlərin düzgünlüyünə şübhə yaradan hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, birinci instansiya məhkəməsi, iddianı təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5053/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3939/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3939/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver