Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3940/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X5 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(008)-1469/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 09 fevral 2017-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)- 9420/2017 nömrəli 22 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 09 fevral 2017-ci il təvəllüdlü X3 iddiaçının yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda əldə edilmiş məlumata əsasən cavabdeh "xxxx" KB ASC-də işləyir. Ona görə də alimenti cavabdehin əmək haqqının 1/4 hissəsi miqdarında tələb edir. 5.İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6-7291 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. 6.“Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" KB ASCdə daxili auditor vəzifəsində işləyir və aylıq əmək haqqı 5400 manat təşkil edir. 7.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 fevral 2023-cü il tarixli, 2(003)-1469/2023 saylı qətnaməsi (sədrlik edən-Şəbnur Qədirova) ilə iddia təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 fevral 2017-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 133,2 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. 8.Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 09 fevral 2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı X4 anası İddiaçı yanında qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)- 9420/2017 nömrəli 22 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 09 fevral 2017-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. 9.Məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4, 14.2, 88, 112.1.3, 119.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilərək Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 fevral 2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun əmək haqqı vergilər və digər tutulmalar çıxıldıqdan sonra 4739 manat təşkil etsə də, kredit və borc öhdəliklərinin həddindən artıq çox olması iddiaçının tələb etdiyi alimentin ödənilməsini demək olar ki, mümkünsüz edir. Onun atası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmiş, xx.xx.2022-ci ildə vəfat etmişdir. O, atasının müalicələrini həyata keçirmiş, buna görə də, böyük məbləğdə borc öhdəliyi yaranmışdır. Hazırda cavabdehin banklara və başqa şəxslərə borcları vardır. Bundan əlavə cavabdeh 2020-ci ildən etibarən “Qeyri-spesifik xoralı kolit” xəstəliyindən əziyyət çəkir. Onun aylıq dərman xərcləri 380 manat təşkil edir. Onun əmək haqqında dəyişiklik olduqca, fərqini 5 gün ərzində iddiaçının kartına köçürmüşdür. O, uşağın saxlanılması üçün 400 manat ödənişdən əlavə ay ərzində iki dəfə olmaqla övladının normal qidalanması üçün 150-200 manat məbləğində bazarlıq da iddiaçıya təhvil verib. İddiaçı onun uşaqla ünsiyyətinə maneələr yaratmışdır. İddiaçı yüksək məbləğdə aliment almaqla, həyatını xaricdə davam etdirmək istəyir. İddiaçı “Fchain” maliyyə şirkətində işləyir və kifayət qədər yüksək əmək haqqı alır. O, qeyd olunanlarla bağlı sübutları təqdim etsə də, öz hüquqlarını bilmədiyindən, məhkəmə qəbul etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməsinə baxmayaraq, məhkəmə həmin sənədləri qəbul etməmişdir. O, öz hüquqlarını yaxşı bilmədiyindən, sənədləri elektron qaydada göndərməmişdir. 15.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. 16.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edib, heç bir sübut təqdim etməyib. Uşaq artıq böyüyüb, onun tələbatları da artmışdır. Əvvəlki alimentin məbləği ilə uşağı saxlamaq mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 17.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 18.Maddə 75.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 19.Maddə 76.1.1.Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 22.Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 23.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 25.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Maddə 112.1.3.İddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 27.Maddə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Maddə 119.2.İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 29.Maddə 372.2.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 30.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli, 22 dekabr 2017ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 09 fevral 2017-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 34.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 35.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 36.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 37.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı onların maddi tələbatlarını ödəməyin tək qadın olaraq ona çox çətin olmasına, ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına, cavabdehin yüksək əmək haqqı almasına əsaslanmaqla tələb etmişdir. 38.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaq iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, cavabdeh işləməkdə, 5400 manat miqdarında əmək haqqı alır. İddiaçının özü də işləməklə 1355,43 manat əmək haqqı alır. 39.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən uşağa görə 150 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə, cavabdeh yüksək məbləğdə əmək haqqı alır. 40.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, cavabdehin yüksək əmək haqqı alması, uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 41.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 42.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin miqdarının uşağa görə 1/4 hissə ilə müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 43.Kollegiya cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi xəstəliyi ilə bağlı sənədlərə münasibətdə qeyd edir ki, qeyd olunan sənədlər Prosessual Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə ki, cavabdehin müraciəti əsasında birinci instansiya məhkəməsi 27 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasını 06 fevral 2022-ci il tarixə təxirə salmış, 06 fevral 2022-ci il tarixdə cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş, sübutlar “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Buna görə də, kollegiya hesab edir ki, cavabdeh sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən, həmin sənədlərə qiymət verilməsinə zərurət qalmır (bəndlər 20-21, 23, 28) 44.Hətta kollegiya cavabdehin atasının xəstəliyi ilə bağlı çəkdiyi xərclərə görə borca düşməsi, özünün xəstəliyi kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar onu öz uşağını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 45.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 46.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(008)-1469/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3940/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3940/2023
21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver