Məhkəmə qərarları › İş №2(103)-3941/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3941/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3941/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-983/2020 saylı, 18.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: Kreditor İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 3407,77 ABŞ dolları məbləğində əsas borcun, 3696,53 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 7104,3 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 04.08.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24,33 % olmaqla 3983,08 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə bank arasında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-983/2020 saylı, 18.06.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 04.08.2015-c il tarixli kredit müqaviləsi üzrə yaranmış 3407,77 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti bitən tarixə - 04.08.2018-ci il tarixə yaranmış 2773,61 ABŞ dolları məbləğində faiz borcu, cəmi 6181,38 (altı min yüz səksən bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şahin Abdullayev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-983/2020 saylı, 18.06.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddianın həm də Cavabdeh2 münasibətdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında kredit sazişi 04.08.2015-ci il tarixdə 36 ay müddətinə (04.08.2018-ci il tarixədək) bağlanmışdır. “xxxx” ASC olaraq Cavabdeh1 və Cavabdeh2 qarşı hələ 04.01.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə də həmin tarixdən iddia müddətinin axımı kəsilmişdir. Lakin məhkəmə gedişi zamanı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı olduğundan 19.03.2019cu il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Fərman üzrə problemli kredit müqavilələrinin restrukturizasiya edilməsi üçün ayrılmış müddətcu il tarixdə başa çatmışdır. Bu müddət başa çatdıqdan sonra İddiaçı 25.02.2020-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcuetirafetməsinigöstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi müqavilə üzrə öhdəliyin icrası vaxtının çatdığı gün 04.08.2018-ci il tarixdir. İddiaçı isə məhkəməyə 04.01.2019-cu il tarixdə müraciət etmişdir. Yəni öhdəliyin icrası vaxtının çatdığı gündən təqribən 3 ay sonra. Bununla da qanunvericilikdə nəzərdə tutan hər hansı iddia müddəti ötürülməmişdir. Digər tərəfdən "İddiaçı” ASC ilə cavabdehlər arasında bağlanmış 04.08.2015-ci il tarixli kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan İddiaçı-nin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 9-cu maddəsinə əsasən "Xidmət Şərtlər’i tərəflər arasında gələcəkdə bağlanacaq Kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu şərtləri imzalamaqla onlarla tanış olduğunu və gələcəkdə bağlanacaq kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu “Şərtlərdə müəyyən edildiyini qəbul edir. “Xidmət şərtlər”i istehlak kreditləri sahəsində tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri-müəyyən müddətdə qüvvədədir. Kredit Sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hiiqııqi qüvvəyə minir və öhdəlik iizrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. “Xidməti Şərtlər”ə əsasən verilmə müddəti öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduqdan sonra qurtarır. Eyni zamanda, məhkəmənin qətnamədə Cavabdeh2 zamin kimi öhdəliyinin müddəti göstərilmədiyindən, həmin müqavilə zaminlik müddəti təyin edilməyən müqavilə kimi hesab etməsi qənaətinə gəlməsi də yanlışdır. 04.08.2015-ci il tarixli kredit sazişi özündə həm kredit müqaviləsini, həm də zaminlik müqaviləsini ehtiva etdiyindən öhdəliyin icra vaxtının başladığı və başa çatdığı gün həmin sazişdə göstərilmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.İsmayılov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavadehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlərə kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş üzrə İddiaçı ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanılmış 04 avqust 2015-ci il tarixli RP/73014/52/9 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24,33%-lə 3983,08 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borc alan Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25.02.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı-yə 3407,77 ABŞ dolları əsas, 3696,53 ABŞ dolları faiz və 0 ABŞ dolları məbləğində cərimə borcu vardır. İş üzrə İddiaçı tərəfindən verilmiş 18.06.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 04.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 04.08.2018-ci il tarixə 3907,05 ABŞ dolları əsas, 2773,61 ABŞ dolları faiz,127.77 ABŞ dolları cərimə borcu vardır. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın tam deyil, iddianın rədd olunan hissədə ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Belə ki, iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun müştərək qaydada borcludan və zamindən tutulması hissəsi üzrə kollegiya hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan və Cavabdeh2 zamin kimi imzaladığı 04.08.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilədə zaminin öhdəliyinin hansı müddət ərzində qüvvədə olması göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Kollegiya qeyd edir ki, kredit müqaviləsində Cavabdeh2 zamin kimi öhdəliyinin müddəti göstərilmədiyindən, həmin müqavilə zaminlik müddəti təyin edilməyən müqavilə kimi hesab edilməlidir. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 04.08.2018-ci il tarixdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün (kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi 04.03.2020-ci il tarixdə məhkəməyə verilmişdir), hazırda zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Əvvəllər hazırki cavabdehlərə qarşı eyni kredit müqaviləsi üzrə yaranmış öhdəliklə bağlı məhkəməyə müraciət olunduğunu, lakin mahiyyəti üzrə işə baxılmamasını və ərizələrinin baxılmamış saxlanılmasını, bununla da müddət axımının dayanmasını və bu səbəbdən hazırki tələb üzrə cavabdehliyi zaminin də daşımalı olması barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya hesab edir ki, qanunun yuxarıda qeyd edilən tələbində göstərilən bir illik müddət iddia müddəti deyil, kəsici müddətdir və belə olan halda həmin müddətin axımı kəsilmir. Digər tərəfdən, ərizənin baxılmamış saxlanılması ümumiyyətlə həmin tələbə mahiyyəti üzrə baxılmamasını ehtiva edir və həmin hal hər hansı müddətin axımının kəsilməsinə səbəb ola bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, iddia tələbinin zamin Cavabdeh2 münasibətdə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-983/2020 saylı, 18.06.2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar