Məhkəmə qərarları › İş №2(103)-3942/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3942/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3942/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-2468/2020 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Miray çarpayı, dolab, termo, tumba, Uretan döşək üçün 904 manat ödənilməmiş hissə, 90 manat cərimə, cəmi 994 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 06.02.2017-ci il tarixli müqaviləsinə əsasən, Miray çarpayı, dolab, termo, tumba, Uretan döşəkalmış və nəticədə 994 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.02.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3648 manat Miray çarpayı, dolab, termo, tumba, Uretan döşək üçün 994 manat olmaqla ondan, 904 manat ödənilməmiş hissə, 90 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2744 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-2468/2020 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir. Bundan əlavə o, borcunu vaxtı-vaxtında ödəmiş, lakin, COVİD-19 xəstəliyi ilə bağlı son zamanlar borcunu ödəyə bilməmişdir. O, 904 manat olan əsas borcu hissə-hissə ödəməyə razıdır, lakin ona 90 manat hesablanmış cərimə borcu həddindən artıq çoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasını yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 06.02.2017-ci il tarixli K 29321 saylı Müqaviləyə əsasən «xxxx» MMC cavabdehə 24 ay müddətinə hər ay 152 manat olmaqla, cəmi qiyməti 3648 manat olan məişət avadanlığı satmış, Cavabdeh isə onu qəbul edib, məişət avadanlığının qiymətini «xxxx» MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin 05.05.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 904 manat ödənilməmiş məbləğ, 90 manat cərimə borcu olmaqla, cəmi 994 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış 03.01.2020-ci il tarixli məktubdan görünür ki, «xxxx» MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş, buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləği cavabdehdən tutmuşdur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında məişət avadanlıqlarının alıcıya verildikdən sonra 24 aya bərabər hissələrlə ödənilməsi (nisyə satışı) barədə alqısatqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilə üzrə 2744 manat ödəniş etmiş, sonrakı öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə iddiaçıya ödənilməmiş 904 manat borcu və 90 manat cərimə borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində cərimə borcunun düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir; borcun hissə-hissə ödənilməsinə icazə verilməsi məsələsinə isə müvafiq müraciət olduğu təqdirdə səlahiyyətli məhkəmə tərəfindən baxıla bilər. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur – məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbimi təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-2468/2020 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elmira Nağıyeva Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar