Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3943/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-359/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh şəxsi mülkiyyətində olan mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə qaytarılması, döşəmədə hərəkət edərkən gələn normadan artıq səslərin qarşısının alınması və ona dəymiş 7500 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 45 saylı evin, 86 saylı mənzilinə şəxsi mülkiyyət hüququ əsasında malikdir və onun mülkiyyət hüquqlarının Bakı şəhər İH TİMHQİ ÖM seriyalı, 023003 saylı qeydiyyat vəsiqəsi ilə təsdiq olunmuşdur. Mənzilin iki otaqdan ibarətdir və tam tamir olunmuşdur. 2017-ci ilin payızında üst mərtəbədə yerləşən, yəni ünvan 1 ünvanında yerləşən mənzildən onun mənzilinə 5 gün ardı kəsilmədən su axıdıldıqdan sonra onun və ailəsinin öz mənzillərində rahat yaşamaqları mümkünsüz olub. Su axıdılmasından sonar mənzilinin vəziyyətinin kifayət qədər korlanması ilə yanaşı, üst mərtəbə yerləşən 89 saylı mənzilin döşəməsində gəzərkən evdə səsdən nə oturmaq, nə də gecələr yatmaq mümkün deyil. Belə ki, 89 saylı mənzildə atılan hər addım döşəmənin beton arakəsməyə vurduğu zərbədən səs (“şok səs”) yaradır və həmin səs onun 86 saylı mənzilində eşidilir. Aydındır ki, qonşu mənzillərdən bir-birinə səslərin keçməsi mümkündür. Lakin bu mənzildən gələn səs normal qəbul etdikləri səs deyil, qurultu effektli səsdir. Həmin mənzildə döşəmədə sakit gəzərkən onların evdə elə səs yaşanır ki, sanki sanki üst mənzildə döşəmə dağılır. Addımları döşəməyə bir az daha yüksək təzyiqlə vuraraq qəzəndə isə onların mənzildə hansı şəraitin yarandığını yəqin ki, mənzildə rekonstruksiya işləri zamanı döşəmənin yenidən təmiri ilə bağlı müvafiq normaların tələblərinin gözlənilməməsidir. Belə ki, 89 saylı mənzilin mülkiyyətçisi mənzilində yenidənqurma işləri apararaq, ümumi istifadədə olan binanın çardağını öz mənzilinə birləşdirilib və bu səbəblə də mənzilində divarların yerini dəyişdirib və çardığı çıxmaq üçün mənzilində nərdivan tikib. Qonşu mənzildən su axıdılması nəticəsində dəyən ziyan əsas etibarılə aşağıdakılardan ibarətdir: mətbəxin tavanı və kafel ilə örtülməyən yuxarı hissəsi (tavan təqribən 6,2 kv.m. təşkil edir), mətbəxə bitişik olan vanna otağının bir hissəsi, vanna otağına və mətbəxə bitişik olan mənzilin giriş hissəsinin bir hissəsi, vanna otağına və mətbəxə bitişik olan yataq otağında 1-1,5 kv.m. sahə tam yararsız vəziyyətdə düşmüşdür. Su axıntısının mənbəyi kimi cavabdehə məxsus mənzilin vanna otağına və mətbəxin arasında olan divarda yerləşən borudan su sızıntısı olan bilər, bu da ola bilsin qonşuların divarları söküb onların konstruksiyasını dəyişməsilə bağlı ola bilər. Bütün bunlardan əlavə mənzilə onun layihəsində nəzərdə tutulmayan sanitar qovşaq əlavə edilib, mənzilə su axıntısı nəticəsində döşəmənin parket hissəsində əyintilər və yerindən boşalmalar yaranmışdır ki, evdə hərəkət zamanı döşəmə səsi udmaq əvəzinə onu da daha da gücləndirir və bu da onun dəvət etdiyi mütəxəssis tərəfindən təsdiq edilmişdir. Mənzilin yenidən qurulması zamanı qüvvədə olan normalara əməl edilməsi, yükdaşıyıcı divarların sökülməməsi böyük şübhə yaradır ki, bu da nəinki onun üçün, elə cavabdeh üçün də və binanın sakinləri üçün də təhlükə yaradır. Mənzildə yenidənqurma işlərinin aparılmasının yalnız müvafiq səlahiyyətli dövlət qurumların qərarları əsasında və təhlükəsizlik, texniki və s. Normaların tələblərinə riayət edilməklə aparılmasını tələb edir. Qanunvericiliyin normalarına əsasən yenidənqurma işlərinin qonşuların hüquqlarının və müvafiq texniki və s. normaları pozduqda və qonşuların və s.həyatı üçün təhlükə yaratdıqda, yenidənqurma işlərinin aparılmasına icazə verilmir. O, dəfələrlə cavabdehə bu barədə bildirmişdir ki, rəsmi məktub da yazmışdır, lakin heç bir nəticəsi olmamışdır, cavabdeh bütün bu işləri görəcəyini söz versə də, heç bir addım atmamışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-359/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı Fərhat oğlunun xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 621 (altı yüz iyirmi bir) manat məbləğində pul tutulması, Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə tibbi-texniki ekspertizası xərcinin əvəzi olan 150 (yüz əlli) manat məbləğində pulun tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv olunması və dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin əvəzi kimi 150 (yüz əlli) manat pul vəsaitinin və apellyasiya şikayəti verməyi ilə əlaqədar cavabdeh tərəfindən ödənilmiş 15 (on beş ) manat dövlət rüsumunun iddiaçıdan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh birinci instaniya məhkəməsi zamanı verdiyi izahat zamanı da bildirmişdir ki, iddiaçının indi irəli sürdüyü iddia tələbi ilə əlaqədar olaraq, 2017-ci ilin payızında qonşuluq münasibətlərinin pozulmaması və eləcə də adət və ənənələri nəzərə alaraq, onun təqsiri səbəbindən olmasa belə, iddiaçının mənzilinə dəymiş ziyanı qarşılamağa hazırdır. Lakin iddiaçı bu təklifi qəbul etməyərək, belə halların qonşuluqda olmasnı bildirdi və heç bir narahatlığa əsas olmadığını vurğuladı. Halbuki, bununla bağlı öz fikrini ona və yaxudda, hazırda ona aid olan mənzili bağışladığı oğlu Mürsəlov Şahinədə bildirə bilərdi. Digər tərəfdən iş materiallarında və qətnamədə də, qeyd edildiyi kimi, ona məxsus olan mənzildə aparılan rekonstruksiya işləri ondan əvvəlki mülkiyyətçi tərfindən həyata keçirilmişdir və bununla bağlı qanuna müvafiq sənədləşmə işləri aparılmışdır. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 4748 saylı, xx.xx.2020-ci il tarixli rəyindən göründüyü kimi, ona aid mənzildə aparılmış rekonstruksiya işləri tam normalara uyğun olaraq aparılmışdır. Cavabdeh məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, tikinti-texniki ekspertizasının 1-ci sual üzrə gəldiyi qənaət tamamilə yanlışdır. Belə ki, üç il bundan əvvəl baş vermiş su sızmasma görə dəyən zərəri hansı əsas və normalarla məhkəmə tikinti-texniki ekspertizasının hesabladığı kimi, 621 (altı yü iyirmi bir) manat təşkil edir? Əgər bu üç il ərzində cavabdehə məxsus mənzildə rəydə qeyd edildiyi kimi, gözlə görünməyən su sızmaları olmuş olsaydı həmin mənzil ümumiyyətlə bərbad hala düşərdi. Digər tərəfdən yuxarıda qeyd etdiyi kimi, iddiaçı 2017ci ildə baş vermiş bu hadisəylə bağlı həqiqətən onu günahkar hesab edirdisə, vaxtında məhkəməyə müraciət etməli və o zamanda tikinti-texniki ekspertizası təyin edilməli idi. Adi qaydada hər hansı bir mənzildə üç il istismar müddəti ərzində sözsüz ki, müəyyən bir təmir bərpa işlərinə ehtiyac yaranır. İddiaçının iddia etdiyi kimi, cavabdehin mənzilində aparılan rekonstruksiya işləri 2017-ci ildə deyil, 2014-ci ildə əvvəlki mülkiyyətçisi tərəfindən aparılmışdır. Halbuki, iddiaçı iddia edir ki, onun mənzilində 2017-ci ildə aparılmış rekonstruksiya işlərindən sonra mənzilində bu hallar baş vermişdir. Bununlada, iddiaçı məhkəməni yanlış istiqamətə yönəltmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı Fərhat oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnamənin tam olaraq ləğvini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-359/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi darəsi) tərəfindən verilmiş ÖM seriyalı, 023003 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 86 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 45 saylı evin, 89 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının kserosurətindən görünür ki, Cavabdeh Səbail rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus Bakı şəhəri, Səbail rayonu, Üz.Hacıbəyovküçəsi, 45 saylı evin 89 saylı mənzilinin yaşayış və qeyri-yaşayış sahəsinin yenidən ölçülərək şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsinə icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 45,89 saylı mənzil, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ümumi sahəsi 59,8 kv.m. olmaqla həqiqətən Cavabdeh Hidayt qızının mülkiyyətindədir. Yerində yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 89 faktiki 2 otaq, yaşayış sahəsi 40,3 kv.m., ümumi sahəsi 85,9 kv.m.-dir. Ölçülərdə yaranmış fərq mənzilin əvvəlki sahibi tərəfindən uzun illərəvvəl aparılmış rekonstruksiya işləri səbəbindən yaranmışdır (bu barədə 4 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli aktı əlavə olunur). Göstərilənləri nəzərə alaraq Səbail rayonu, Ü.Hacıbəyovküçəsi, ev 45, mənzil 89 faktiki 2 otaq, yaşayış sahəsi 40,3 kv.m. ümumi sahəsi 85,9 kv.m. hesab edilməsi qərara alınmışdır. Bakı şəhər 2 saylı X3 təsdiq edilmiş və Cavabdeh ilə X5 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m. olan mənzilini X1 bağışlamışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 4748 saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən: -1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 86 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 89 saylı mənzilin isə 86 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 86 saylı mənzilin yaşayış otağının və mətbəx tikilisinin tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin, 86 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 89 saylı mənzildən su axıdılığı və nəticədə 86 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 89 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünənsu, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq 86 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 86 mənzilə su sızması 89 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi və ya su, kanalizasiya, istilik boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər. 86 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədaryerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 621,0 manat məbləğində müəyyən olunmuşdur. -2-ci sual üzrə: 89 saylı mənzildə hərəkət zamanı 86 saylı mənzildə hər hansı səs yaranmamasınıneşidilməsini müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. -3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin, 89 saylı mənzilinin daxilindən binanın çardaq hissəsinə giriş-çıxış üçün örtük tavasında boşluq açıldığı və həmin sahədə 3 tikili inşa edildiyi müəyyən olunmuşdur. - 4-cü sual üzrə: 89 saylı mənzildə və mənzilin damında aparılan yenidənqurma işləri, əlavə çəkilən kommunikasiya xətləri binanın digər mənzilləri və onların sakinləri üçün hər hansı bir təhlükə yaradıb-yaratmaması Fövqəladə Hallar Nazirliyinin elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə-tədqiqat işləri aparılmaqla müəyyən oluna bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin, 86 saylı mənzilin hazırki mülkiyyətçisidir, Cavabdeh isə həmin evin 89 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh həmin mənzili 2017-ciildə tarixdə oğluna bağışlasa da, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində hələ onun adınadır. Məhkəmə qeyd edir ki, cavabdeh mülkiyyətində olan mənzili özgəninkiləşdirsə də, bu hal onun hazırki tələb üzrə subyektiv cavabdehlik daşımaması kimi qiymətləndirilə bilməz. Belə ki, 89 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində hələ də cavabdehin adına qeydiyyatdadır. Eyni zamanda 89 saylı mənzildə aparılmış rekonstruksiya işlərinin təsdiq edilməsi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamı da Cavabdeh ilə bağlı verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh hazırki tələb üzrə subyektiv cavabdehlik daşıyan şəxsdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə cavabdehin mülkiyyətində olmuş mənzilin faktiki 2 otaq, yaşayış sahəsi 40,3 kv.m və ümumi sahəsi 85,9 kv.m kimi hesab edilmişdir. Yəni mənzilin hazırki vəziyyəti və texniki göstəriciləri qanunidir və mənzilin ölçülərində yaranmış fərq mənzilin əvvəlki sahibi tərəfindən uzun illər əvvəl aparılmış rekonstruksiya işləri səbəbindən yaranmışdır. Göründüyü kimi mənzildə aparılan rekonstruksiya işləri cavabdeh tərəfindən deyil, mənzilin əvvəlki sahibi tərəfindən aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2017-ci ildə cavabdeh tərəfindən aparılmış dəyişikliklərin nəticəsində üst mərtəbədən onun mənzilinə su axıdılmış və bunun nəticəsində onun mənzilinə 7500 manat ziyan dəymişdir. Bundan başqa, cavabdehə məxsus mənzilinin döşəməsində gəzərkən səsdən onun mənzilində rahat yaşamaq mümkün deyil. Cavabdeh özünə məxsus mənzilində yenidənqurma işləri apararaq, ümumi istifadədə olan binanın çardağını öz mənzilinə birləşdirib və bu səbəbdən mənzilində divarların yerini dəyişdirib və çardağa çıxmaq üçün mənzilində nərdivan tikmişdir. Bu səbəbdən o, cavabdehə məxsus olan mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə qaytarılması, döşəmə hərəkət edərkən normadan artıq səslərin qarşısının alınması və dəymiş ziyan kimi 7500 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehə məxsus olmuş mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə gətirilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin tələb əsassızdır. Belə ki, iddiaçının mülkiyyətindəki mənzilin faktiki sahəsi Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 104 saylı sərəncamı ilə icra hakimiyyəti nəzdində daimi fəaliyyət göstərən idarələrarası texniki komissiyanın xx.xx.2016-cı il tarixli, S-60-091 saylı rəyi ilə təsdiq olunmuşdur. Digər tərəfdən mənzildə aparılmış yenidənqurma işlərinin iddiaçının hər hansı mənafeyinin pozulması ilə nəticələnməsi, eyni zamanda binanın ümumi dayanıqlığına təsir göstərməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yəni cavabdehə məxsus olmuş mənzildə aparılmış rekonstruksiya işləri müvafiq icra hakimiyyəti orqanının sərəncamı lə təsdiq olunduğu üçün, həmin yenidənqurma özbaşına hesab edilmir. Belə olan halda iddia tələbi cavabdehin mülkiyyətində olan mənzilin layihədə nəzərdə tutulmuş əvvəlki vəziyyətə qaytarılması hissəsində əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin döşəmədə hərəkət edərkən normalan artıq gələn səslərin qarşısının alınması barədə tələbi üzrə qeyd etmişdir ki, 89 saylı mənzildə hərəkət zamanı 86 saylı mənzildə hər hansı səs yaranması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Digər tərəfdən 89 saylı mənzildə hərəkət zamanı 86 saylı mənzildə yaranan səsin dözülməz olması və həmin səsin normadan yüksək olması ilə bağlı da sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda iddiaçı bu səslərin normadan artıq olmasına istinad edərək onların qarşısının almasını tələb etməkdə haqlı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə eyni zamanda hesab etmişdirr ki, 89 saylı mənzildə hərəkət zamanı yaranan səsin 86 saylı mənzilin mülkiyyətçisinin əhəmiyyətli dərəcədə hüquqlarını pozmursa, iddiaçı bu səslərin gəlməsini qadağan etməsini tələb etməkdə haqlı deyil. Məhkəmə iddia tələbinin su axıdılması nəticəsində 7500 manat ziyanın ödənilməsi barədə tələbi üzrə qeyd etmişdir ki, həmin tələb qismən təmin edilməlidir. MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 45 saylı evin 86 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 89 saylı mənzildən su axıdılığı və nəticədə 86 saylı mənzilin tikililərinə ziyan vurluğunu müəyyən edilmişdir. 86 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirərək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 621,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilinə su axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd etmişdir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi kimi 7500 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 621 manat məbləğində tutulmalıdır. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus mənzilə ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 621 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülki hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən iddia tələbi 7500 manat dəymiş ziyanın tutulması hissədə qismən təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 621 manat məbləğində pul tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Həmçinin məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə əsasən iddia tələbi qismən təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərcinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 359/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3943/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3943/2021
14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver