Məhkəmə qərarları › İş №2(103)-3945/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3945/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3945/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(009)-193/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1658.64 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 29.09.2017-ci il tarixinə 1486.06 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 244.26 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1812.30 ABŞ dolları cərimə borcunun, cəmi 5201.26 ABŞ dolları borcun və ödənilmiş 30 ABŞ dolları dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 29.09.2015-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 2900 ABŞ dolları kredit verilmişdir. Lakin cavabdeh 29.09.2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş, beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh kredit üzrə banka olan əsas borcu 1658 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 29.09.2017-ci il tarixinə faiz borcu 1486.06 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 244.26 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1812.30 ABŞ dolları, cəmi isə 5201.26 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(009)-193/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi işin o hallarına əsaslanmışdır ki, tərəflər arasında kredit münasibətlərinin yaranmasına əsas olan kredit müqaviləsi mövcud deyildir. Belə olan halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri yaranmamışdır. Həmin qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar tərəfindən birinci instansiya məhkəməsində iddianı təsdiq edən kifayət qədər sübutlar təqdim olunmuşdur. Borcun olması barədə iş materiallarında 29 sentyabr 2015-ci il tarixli, 04 saylı Xəzinə məxaric orderi, əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olmasını əks etdirən hesabdan çıxarışları, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Bu sənədlərdən də göründüyü kimi cavabdehlə bank arasında 29 sentyabr 2015-ci il tarixli 11-1-**********100000134 saylı kredit müqaviləsinin mövcüd olmuş və həqiqətən də 2900 (iki min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bu hallar birinci instansiya məhkəməsində verilən izahatlarla təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri əsassız olaraq nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda, məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 04 sentyabr 2020-ci il tarixli, **********959 saylı maliyyə arayışından görünür ki, müqavilə üzrə əsas borc 1658 ABŞ dolları 64 sent, faiz borcu 1486 ABŞ dolları 06 sent, cərimə borcu 1812 ABŞ dolları 30 sent, gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% və hesablanmış günlük faiz məbləği 23 sent və gecikdirilmiş gün sayı 1062 gün, gecirdirilmiş vaxt üçün hesablanan faiz məbləği 244 ABŞ dolları 26 sent, ümumilikdə 5201 ABŞ dolları 26 sent borc müəyyən olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan 29 sentyabr 2015-ci il tarixli 4 №-li kassa-məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 2900.00 ABŞ dolları məbləğində pul verilmişdir. Həmin sənəddə pulun verilməsinin təyinatı kimi, 29.09.2015-ci il tarixli 383 №-li kredit müqaviləsinə əsasən kreditin verilməsi göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 29.09.2015-ci il tarixdən 30.12.2016-cı il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarış sənədindən məlum olur ki, cavabdeh tərəfindən banka ödənişlər edilmiş, həmin ödənişlərin 210,11 ABŞ dolları əsas borca, 766,78 ABŞ dolları faiz borcuna, 244,17 ABŞ dolları isə vaxtı keçmiş faiz borcuna silinmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından məlum olur ki, qeyd edilən borc məbləğinin 1031,25 ABŞ Dolları hissəsi «Fərmanla bağlı daxilolma» təyinatı ilə silinmişdir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh 29.09.2015-ci il tarixdə 2900 ABŞ dolları borc pul verilmiş, iddiaçı həmin pulun kredit müqaviləsi əsasında verilməsini bildirsə də, bu kredit müqaviləsini təqdim edə bilməmişdir. İddiaçı iddianı təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi digər sənədlərə – kassa məxaric orderinə, maliyyə arayışına və hesabdan çıxarışa istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlər yalnız birbaşa öhdəliyin yaranmasına səbəb olan müqavilə mövcud olduğu halda, cavabdehin iddia ərizəsində göstərilən borcunun olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilər. Belə ki, Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə belə bir müqavilənin mövcud olması müəyyən edilmir. Müqavilənin mövcud olmadan isə borcun hansı müddətə, hansı şərtlər daxilində verilməsini müəyyən etmək mümkün olmur. Bunlarla yanaşı, işdə olan kassa-məxaric orderi ilə cavabdehə 2900 ABŞ dolları məbləğində pulun verilməsi öz təsdiqini tapır. Həmçinin, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1221,06 ABŞ Dolları (210,11+766,78+244,17 ABŞ Dolları) məbləğində pul qaytarılmış, həmçinin cavabdehin borcundan 1031,25 ABŞ dolları silinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc müqaviləsinin mövcud olmadığı, lakin iddiaçı tərəfindən cavabdehə 2900,00 ABŞ dolları məbləğində pulun verildiyi və bununla da, cavabdehin iddiaçının hesabına əsassız varlanması müəyyən edildiyindən, hazırkı iddia öhdəlik hüquq münasibətlərini tənhzimləyən mülki-hüquq normaları ilə deyil, əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğlər, həmçinin cavabdehin borcunun 1031,25 ABŞ dolları azalmasına səbəb olmuş hal nəzərə alınmaqla, Cavabdeh 647,69 ABŞ dolları (2900 – (1221,06+1031,25) = 2252,31 ABŞ dolları) məbləğində pul onun qaytarıldığı anda Azərbaycan manatına münasibətdə olan məzənnə ilə iddiaçının xeyrinə tutulmalıdır. Bu zaman məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul məbləğinin bir hissəsini iddiaçı faiz və vaxtı keçmiş faiz borcu kimi ayrı-ayrı məqsədlər üçün silsə də, tərəflər arasında kredit müqaviləsi mövcud olmadığından, həmin pul məbləğlərinin göstərilən məqsədlər üçün silinməsinin də hüquqi əsası mövcud olmamışdır. Ona görə də, cavabdehin banka ödəmiş olduğu pul məbləğinin hamısı onun bankdan almış olduğu əsas pul məbləğinin geri ödənilməsinə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıya, 15 manatı isə cavabdehə aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə T ET D İ : İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyəti (Ləğv Prosesindədir) tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(009)-193/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 647,69 ABŞ dolları məbləğində pul (qaytarıldığı anda Azərbaycan manatına münasibətdə olan məzənnə ilə) iddiaçının xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıya, 15 manatı isə cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar