Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3946/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında “MERCEDES BENZ 320 CDİ” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab olunması, həmin avtomobilə verilmiş yeni texniki şəhadətnamənin ləğv edilməsi, avtomobilin onun mülkiyyətinə qaytarılması və iddia ərizəsini məhkəməyə verərkən ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması”na dair tələbi rədd edilmiş, həmin qətnamədən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək iddiası təmin olunmuş, “MERCEDES BENZ 320 CDİ” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi nəticəsində **-DE-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə verilmiş texniki şəhadətnamənin ləğv edilməsi qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qüvvəyə minsə də, onu icra etmək mümkün olmamışdır. Belə ki, sözügedən avtomobil xx.xx.2018ci il tarixdə BDYPİ Qİİ-də alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmiş, məhkəmə qətnaməsini icra etməli orqan avtomobilin üçüncü şəxsin mülkiyyətində olmasını əsas gətirərək onun qaytarılmasından imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini məhkəmənin onun vicdanlı alıcı olmasını nəzərə almadığı, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı və digər cavabdeh isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı X3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması”na dair tələbi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək iddiası təmin olunmuş, “MERCEDES BENZ 320 CDİ” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi nəticəsində **-DE-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə verilmiş texniki şəhadətnamənin ləğv olunması qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, bununla belə avtomobil həmin məhkəmə mübahisəsinin getdiyi dövrdə Cavabdeh1 satıldığından qətnamənin icrası mümkün olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmçinin aşağıda göstərilənlərə əsasən, gəlinən nəticənin əsaslı olduğunu vurğulayır. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas (ilkin) tələb mübahisəli avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə həmin müqavilərin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin hallarından göründüyü kimi, mübahisəsi gedən avtomobil, onunla bağlı məhkəmə mübahisəsinin getdiyi dövrdə Cavabdeh1 mülkiyyətinə keçirilmiş, lakin bu əməliyyatdan dərhal sonra (eyni gün) satıcının (Cavabdeh2) atası X4 və onun övladları Ceyhun və Kamil Muradovların adına uzunmüddətli etibarnamələr verilməklə sonuncuların sahibliyində saxlanılmışdır. Kollegiyanın qənaətinə görə bu xüsusat da avtomobilin Cavabdeh1 həqiqi niyyətlə satılmadığı, əsas məqsədin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasına maneə yaratmaq olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir. Hansı ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya, apellyasiya şikayətinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verməyi zəruri hesab edir: Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə mübahisələndirilən alqı-satqı müqaviləsinin formal bağlandığı, müqavilə bağlanarkən alıcının (Cavabdeh1) hər hansı pul vəsaiti ödəmədiyi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5286/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3946/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3946/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver