Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3947/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2342/2023 saylı 11 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Alızadə Fidan İlham qızı və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5927/2018 saylı 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1436/2013 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızı və 05 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün həmin qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilməsi, həmçinin 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə barədə arayışa əsasən Alızadə Fidan İlham qızına davranış pozuntusunun olmaması və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül kəmağıllılıq, qavrama və dərketmə yaş səviyyəsindən geri qalması, nitq artikulyasiyasının spesifik pozğunluğu və nitqin aydın olmaması, sözlərin düzgün tələffüz etməməsi diaqnozu qoyulmuşdur.
4. Alıyev X3 Əliyev adına Hərbi İnstitutunda işləyir və onun hesablanmış aylıq əmək haqqı 624,77 manat təşkil edir.
5. İddiaçı 1960 manat məbləğində eşitmə cihazı almış və hər ay 80 manat ödəniş etmişdir.
6. Cavabdeh 2012-ci ildə ikinci dəfə evlənmişdir və həmin evlilikdən də üç uşağı vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5927/2018 saylı 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək birgə nikahdan doğulmuş övladları 08 mart 2006-cı il təvəllüdlü Alızadə Fidan İlham qızının və 05 avqust 2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla 440 manat sabit pul məbləğində alimentin və 08 mart 2006ci il təvəllüdlü Alızadə Fidan İlham qızının müalicə xərclərinə görə hər ay 50 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahdan 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızı və 05 avqust 2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da sonradan cavabdehin ona qarşı laqeydliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri korlanmışdır. Ona görə də aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, birgə nikahdan doğulmuş övladları onun himayəsində saxlanılmış, birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5927/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin Məhkəmənin 2(011)-1436/2013 saylı qətnaməsi əsasında müəyyən olunmuş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İstehlak mallarının qiymətində kəskin artım baş verdiyi üçün müəyyən olunmuş alimentin miqdarı uşaqların minimum dolanacaq xərclərinin ödənilməsinə kifayət etmir. Birgə nikahdan doğulmuş 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızı sağlamlıq imkanları məhdud uşaqlar sırasına aid olduğu üçün onun da xəstəliyi ilə bağlı hər ay müəyyən xərclər çəkir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 aprel 2023-cü il tarixli 2(011)-2342/2023 saylı qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5927/2018 saylı 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının və 05 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 manat məbləğində olmaqla, cəmi 440 manat məbləğində sabit pul şəklində aliment və 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının müalicə xərclərinə görə hər ay 40 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi, cavabdehdən 77,60 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 154 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqların tələbatarı artmışdır, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.
11. Məhkəmə iddia tələbinin 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızının müalicə xərclərinə görə hər ay 50 (əlli) manat vəsaitin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. İddiaçı uşağın xəstəliyi ilə bağlı pensiya alır və bu pensiya onun zəruri tələbatını ödəməyə yetərli deyildir. Həmçinin uşağa davranış pozuntusunun olmaması və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül kəmağıllıq, qavrama və dərketmə yaş səviyyəsindən geri qalması, nitq artikulyasiyasının spesifik pozğunluğu, nitqin aydın olmaması, sözlərin düzgün tələffüz etməməsi diaqnozu qoyulmuşdur. Həmin çıxarışdan görünür ki, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Hazırki qətnamənin icra olunacağı tarixdən uşaq yetkinlik yaşına çatacağı tarixə yəni, xx.xx.2024-cü il tarixədək olan müddət uzun olmadığından və uşağın xəstəliyi ilə əlaqədar mütəmadi həkim müayinəsi tələb olunduğundan alimentdən başqa da əlavə xərcələrə görə 40 manat məbləğində pulun tutulması ağlabatandır. Alızadə Fidan İlham qızının xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa ehtiyacı vardır. Belə olan halda iddiaçı uşağın qayğısına qaldığından və onu daimi nəzarətdə saxlamalı olduğundan işləyə bilmir.
12. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, uşaqların saxlanılma şəraiti və saxlanılmasını artıran faktiki xərclər araşdırılmamışdır. Məhkəmə onun ailə, maddi vəziyyətini və diqqətəlayiq digər halları nəzərə almamışdır. Aylıq əmək haqqının 624 manat olması halının iş üçün əhəmiyyəti aydınlaşdırılmamışdır. İkinci dəfə nikaha daxil olması və bu nikahdan üç uşağının olması, eyni zamanda qaraciyərin sklerozu ilə birgə fibrozu, qaraciyər sirrozu-dekompensasiya mərhələsində olmağı araşdırılmamışdır. Onun qazancının və gəlirinin artmasını təsdiq edən hallar, sübutedici sənədlər müəyyən olunmamışdır. Halbuki bu hal alimentin artırılması üçün əsas olmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, xəstəliyi ilə əlaqədar daim müalicə olunmalıdır. Pensiya verilməsi hazırda dayandırılmışdır. Xəstəliyinə və daha üç uşağının olmasına baxmayaraq, hazırki vaxtadək alimenti gecikdirmədən ödəmişdir. Alimentin artırılmasına isə qismən razıdır, yəni hər uşağa 200 manat aliment ödəyə bilər.
17. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artdığından, məhkəmə haqlı olaraq göstərmişdir ki, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 154 manat məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda bir uşağın saxlanması üçün 154 manat vəsait yetərli sayıla bilməz.
32. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması, ikinci dəfə nikaha daxil olması və uşaqlarının olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir.
33. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
34. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.
35. Həmçinin 08 mart 2006-ci il təvəllüdlü Alızadə Fidan İlham qızı sağlamlıq imkanları məhdud uşaqdır. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024cü il tarixədək müəyyən edilmişdir.
36. Buna görə də əlavə xərcələrə görə 40 manat məbləğində pul tutulması ağlabatan hesab edilmişdir.
37. Cavabdeh öz xəstəliyi ilə bağlı isə apelyasiya baxışı zamanı bildirmişdir ki, hazırda pensiya verilməsi dayandırılmış və təkrar müayinə təyin edilmişdir.
38. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2342/2023 saylı iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.