Məhkəmə qərarları › İş №2(103)-3949/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3949/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3949/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh oğlunun, onun nümayədəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3866/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3709 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh oğlundan tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3866/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh oğlundan vurulmuş zərərin əvəzi olaraq 2055 (iki min əlli beş) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun və nümayəndəsinin tələblərini nəzərə almayaraq, yəni marketin (Buzovna 9) təftiş tərəfindən aparılmış kamera görüntülərini baxış üçün gətirməsini iddiaçının nümayəndəsindən tələb etmədi. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının da bildirdiyinə görə İ sayım 30.07.2019 - cu ildə, yəni 1 (bir) il sonra olmuşdur.İİ sayım isə 03.10.2019 - cu il tarixində yəni 2 (iki) ay sonra olmuşdur. Bu zaman 2348 (iki min üç yüz qırx səkkiz) manat əskik gəlmə aşkarlandı. Bunula bağlı tərtib olunmuş akta imza atmaqdan qəti şəkildə imtina etdi. O, qısa bir dövr ərzində yəni 2(iki) aydan bir neçə gün çox vaxtda bu qədər əskik gəlmə olmağına inanmadı. Onda 20.06.2019-cu ildə Albalı - 2 filialından onlara yəni (Buzovna 9) filialına transfer olmuş satıcı - kassir Tərlan adlı işçiyə qarşı şübhələr yarandı. Ona görə də şübhələrini əsaslandırmaq üçün onlayın satışla kamera görüntülərinə baxdı və gördü ki, şübhələri onun yanıltmayıb. Bir neçə görüntünü telefona çəkdi və sübut kimi bir videonu saxladı. Dərhal əraziyə cavabdeh təftişə və ofisə bildirdi. Onlar gələrək kameraya baxış keçirdilər, gördülər ki, həqiqətən də pulları satıcı - kassir Tərlan götürmüşdür. Tərlanı təcili olaraq marketə gətirdilər, o, da bütün kamera görüntülərinə baxıb hər şeyi etiraf etdi. Buna görə də Tərlandan izahat aldılar və götürdüyü pulları qaytaracağını bildirdi. Ondan sonra ona da üzrxahlıq elədi və bildirdi ki, İsmayıl ona qarşı düzgün hərəkət etməmiş, ehtiyacı olduğu üçün götürüb, gətirib ödəyəcək. Bu haqda sübut kimi whatsapp yazışmalarıda var və telefonda saxlanılır ki, istənilən vaxt baxılsın. Məhkəmə iclasında Cavabdeh oğlu bildirdi ki, marketdə hadisə olanda rəhbərliyə məlumat verdi. Həmin vaxt Tərlan işdən çıxmışdı. Tərlan özü də etiraf edib, hətta bildirdi ki, ziyanın bir hissəsini marketə ödəniş edib. Onda olan videogörüntüdə Tərlanın pulu götürdüyü görünür. Oğurluq edən Tərlan olduğu halda niyə o, günahkar çıxarılmalıdır. Tərlan hər gün kassadan 70-80 manat pul götürürdü. Oğurluqla bağlı polisə müraciət etməmişdir. İddiaçı hər şeyi bilir, pulu Tərlanın götürdüyünü də bilir. Amma maddi məsuliyyəti imzaladığı üçün pulu ondan tələb edir. Tələb edir ki, mağazadakı kamera görüntüləri təqdim edilsin. Ondakı kamera görüntüləri azdır. Şirkət də özündəki kamera görüntülərini təqdim etmir. Baş verən hadisə barədə səlahiyyətli şəxslərə məlumat vermişdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 bildirdi ki, Tərlan İsmayılla olan vatsap yazışmalarında hər şeyi etiraf edib. Onlar rayon məhkəməsində olanda tələb etdilər ki, videogörüntüləri marektdən tələb edilsin, amma vəsatətləri təmin edilmədi. Məhkəmə iclasında iddiaçınını nümayəndəsi X4 bildirdi ki, oğurluq olduğu halda adminstratorun tədbir görməsi vəzifə öhdəliyi idi. Cavabdeh İddiaçı MMC-nin maddi məsul şəxsidir. Baş verən bu hərəkət həm də Cavabdeh qarşı edilmiş hərəkətdir. Ona görə də Cavabdeh Tərlandan həmin pulu tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh oğlu 23.02.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də satıcı kassir kimi işə girmiş, 31.07.2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. 30.07.2019 və 03.10.2019-cu il tarixlərdə mağazada aparılmış invertarizasiya zamanı müvafiq olaraq 3792.11 və 2348.08 manat məbləğində əskikgəlmə müəyyən edilmişdir. Bu əskikgəlmələrə görə Cavabdeh oğlundan dövriyyə güzəşti (0.5%) tətbiq edilməklə cəmi 3709 manat məbləğində pul tələb edilmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçının bir illik iddia müddətini ötürdüyünü bildirmiş, məhkəməyə ərizə təqdim etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə bu hissədə əmək qanunvericiliyi tətbiq edilməlidir. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Hazırkı işdən görünür ki, birinci yoxlama 30.07.2019-cu il tarixdə, digəri isə 03.10.2019- cu il tarixdə keçirilmiş, yəni iddiaçı hüquqlarının pozulduğunu (maddi ziyan dəydiyini) həmin tarixdə bilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə 28.08.2020-ci il tarixdə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, 30.07.2019-cu il tarixli yoxlama nəticələri üzrə bir illik iddia müddəti keçmiş olsa da, 03.10.2019-cu il tarixli nəticələr üzrə iddia müddəti ötürülməmişdir. Cavabdeh oğlu bu barədə üzərinə tam maddi məsuliyyət götürmüş olmasına baxmayaraq, təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Odur ki, iddiaçı bu zərərin əvəzini tələb etməkdə haqlıdır. Zərərin məbləğinə gəldikdə isə 30.07.2019-cu il tarixdə keçirilmiş yoxlama üzrə dəymiş zərərin tələb edilməsi müddəti keçdiyindən iddia bu hissədə (2425 manat) təmin edilməməlidir. Qalan hissədə ( 2055 manat) isə iddia əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iddianın təmin edilən hissəsində iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı bu qaydada iddianın təmin edilməsi ilə razılaşmış, cavabdeh isə məbləği mübahisələndirməsə də iddianın ona münasibətdə təmin edilməsini mübahisələndirir. Bununla bağlı məhkəməyə mağazada kassir işləmiş Tərlan adlandırdığı şəxslə whatsapp sosial şəbəkə vasitəsilə danışıqlarının kağız daşıyıcıda surətini və mağazada video çəkilişi əks etdirən bir ədəd disk təqdim edir. Düzdür, həmin yazışmalarda Tərlan adlandırdığı şəxs kassadan ümumilikdə ***-**** manat çıxardığını etiraf edir, eyni zamanda diskdə bir epizodda bu cür görüntü də əks olunmuşdur. Lakin qeyd olunan halların həqiqiliyi cinayət təqibi qaydasında yoxlanıldıqdan sonra təsdiq yaxud inkar oluna bilər. Ancaq cavabdeh 31.07.2018-ci ildən Cəmiyyətin satış departamentinə administrator vəzifəsinə keçirilmiş və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Yəni, göstərdiyi hallar barədə cavabdeh özü də hüquq mühafizə orqanlarına məlumat verə və sübutlarını təqdim edə bilərdi. Lakin bu vaxta qədər məlumat verməmiş və dəqiq səbəblərini də məhkəmənin diqqətinə çatdırmır yaxud da çatdırmaq istəmir. Bu cür vəziyyət də iddianın ona münasibətdə qismən təmin olunmasının əsassız olmadığını açıq-aşkar şərtləndirir. İkincisi, qeyd olunduğu kimi iddiaçı cavabdehdən əmək funksiyasının icrası ilə əlaqədar maddi məsul şəxs kimi maddi ziyanın vurulması məsələləri ilə əlaqədar mülki icraat qaydasında iddia irəli sürmüşdür. Başqa sözlə iddiaçı cavabdehdən aralarında yaranmış və müqavilələrlə rəsmiləşdirilmiş münasibətlərin pozulması nəticəsində yaranmış ziyana görə, yəni ona vurduğu maddi ziyanın əvəzini tələb edir. Çünki, cavabdehin ona həvalə edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanmasına cavabdeh olduğu və buna görə məsuliyyət daşıdığı üçün həmin vəsaitlərin dəqiq hesabatını aparmalı idi. Düzdür, bu işlərin icrası ilə əlaqədar başqa şəxslər, o cümlədən onunla birlikdə işləmiş şəxslər inzibati hüquq pozmaya yaxud cinayət əməlinə yol verərək həmin sərvətlərin və vəsaitlərin talanmasında iştirak edə bilər. Amma bu hallara qarşı mübarizə aparmaq cavabdehin vəzifəsi olmuşdur. Ona görə də həqiqətən şikayətində göstərdiyi hal baş vermişdirsə, cavabdeh bu barədə cinayət təqibi orqanına məlumat verə bilərdi yaxud da ondan tələb olunan ziyanın əvəzini ödədikdən sonra ona ziyan vurmuş şəxsə qarşı mülki qaydada iddia irəli sürə bilər. Lakin bu günə qədər cavabdehin bunu etməməsi faktı da onun şikayətinin əsassızlığına dəlalət edir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3866/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar