Məhkəmə qərarları › İş №2(103)-3950/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3950/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3950/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7943/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərin ünvan 1 ünvanında yerləşən 75 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 75 saylı mənzili alaraq, tam mülkiyyətinə əldə etmişdir. Hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin bankın mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməli, pasport qeydiyyatından çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7943/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 15 saylı evin 75 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 15 saylı evin 75 saylı mənzildən çıxarılaraq, qeyd edilən mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı hazırki mənzili alqısatqı yolu ilə deyil, hərrac vasitəsi ilə əldə etmişdir. Daha dəqiq desək, banka olan borcun ödənilməsi üçün tələb hazırki mənzilə yönəldilmişdir. Bakı şəhəri, Telnov küçəsi, ev 15, mənzil 75 borclu Cavabdeh1 tərəfindən banka ipoteka olaraq girov qoyulmuşdur. Lakin, mənzilin girov qoyulmasına dair digər cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 razılığı olmamışdır. Qeyd olunan şəxslər mənzil mülkiyyətçisinin ailə üzvləridir və həmin mənzildən onunla bərabər istifadə etmək hüquqưna malikdirlər. Məhkəmə işə baxan zaman tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş və səhvən hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları yoxdur. Hazırki iddia tələbi üzrə məhkəmə iddianı təmin edərək, cavabdehlər - Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qeyd olunan mənzildən çıxarılmasını və mənzilin boşaldılmasını müəyyən edən zaman, həmin şəxslərə mənzilə dair istifadə hüquqlarının itirilməsi üçün bazar qiymətinə müvafiq olaraq kompensasiya ödənilməli olmasını nəzərə almamışdır. Göründüyü kimi məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını deyil, mülkiyyət hüququnun qeydiyyatına dair digər normaları tətbiq etmişdir.xx xxxx 2010-cu il tarixli ipoteka müqaviləsi və ona dair bütün sənədlərin baxılması üçün müqavilənin bağlandığı notariat orqanına sorğu göndərilməsi barədə hər iki tərəflərin şifahi vəsatəti təmin edilmiş və məhkəmə iclası 2 dəfə təxirə salınmışdır. Lakin buna baxmayaraq, sorğu göndərilməmiş və araşdırılması zəruri olan sənədlərə baxmadan məhkəmə işi yekunlaşdırmışdır. Halbuki, cavabdehlərin yaşadıqları və birmənalı olaraq istifadə hüquqları olan mənzilin ipoteka qoyulmasına dair razılıqlarının olub-olmaması müəyyən edilməmişdir.Cavabdehlərdən Cavabdeh1 qeyd olunan mənzildən çıxarılmasını müəyyən edən məhkəmə qətnaməsi olduğu halda (Xətai RM-nin xx.xx.2015-ci il tarixli, 2(011)- 4558/2015 saylı qətnaməsi;) və bu barədə məhkəməyə məlumat verildiyi halda, təkrar həmin şəxsin eyni mənzildən çıxarılması qət edilmişdir. Faktiki olaraq, eyni tərəflər arasında eyni predmetə dair işə yenidən baxılmış və qətnamə çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək oğlunun pnevmoniyadan müalicə alması və ailə üzvlərinin evdə özünütəcrid şəraitində müalicə olunduğunu əsas gətrərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Lakin ərizəyə qeyd edilənlərlə bağlı sübut əlavə edilmədiyindən, Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı və cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxardılaraq mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1, mənzil 75 ünvanında yerləşən 83,35 kvadrat metrlik yaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-4558/2015 nömrəli Qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, 47250 ABŞ dolları məbləğində əsas borc, 9374,68 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 56624,69 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin, ilkin olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 120000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 56624,68 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh1 mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin və hərrac təşkilatının hərracın yekunları barədə 34 nömrəli protokolunun surətlərindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzili İddiaçı ASC əldə etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə kolegiyası hesab edir ki, iddiaçı ona məxsus olan mənzildə yaşayan cavabdehlərin mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Mənzil “ipoteka predmeti”, bank “ipoteka saxlayan”, cavabdeh isə “ipoteka qoyan” olduğundan, hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehin mənzildən çıxarılmalı olub-olmadığı haqqında məsələ “İpoteka haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən müddəanın tələbləri baxımından cavabdehin mənzili tərk etmək vəzifəsi yaranmışdır, çünki mənzil satılmışdır və mənzilin satılmasından 1 aydan çox vaxt keçmişdir. Ona görə də cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə tələb əsaslıdır. Bundan başqa, mənzil üzərində bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə isə bank mənzilin mülkiyyətçisidir. Cavabdehin isə mənzilə mülkiyyət hüququ xitam olunduğundan o, bankın mənzilinə qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də cavabdehlərinin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə tələb əsaslıdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işi düzgün həll etsə də, qanunvericilik normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı və cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxardılaraq mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası xx xxxx 2020-ci il tarixli 2(103)-3950/20 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 75 saylı mənzildən çıxardılması iddiası üzrə icraata Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə xitam vermişdir.( Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 4558/2015 nömrəli Qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, 47250 ABŞ dolları məbləğində əsas borc, 9374,68 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 56624,69 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin, ilkin olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 120000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 56624,68 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 75 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh1 mənzildən çıxarılması qət edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7943/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 75 saylı mənzildən çıxardılaraq mənzil boşaldılsın və iddiaçıya təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar