Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3950/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(005)-513/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 819556,2 manat pulun tutularaq “Para" BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 711053,6 ABŞ dolları pulun və tərəflərindən ödənilmiş 1109,60 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0189/16/PB saylı kredit müqaviləsi üzrə ona 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 50000 manat, xx.xx.2015-ci il tarixli 0141/15/PB-1 saylı müqavilə üzrə illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 100000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0328/15/PB-l saylı müqavilə üzrə illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə ******* ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0328/15/PB-2 saylı müqavilə üzrə illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 29000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0328/15/PB-3 saylı müqavilə üzrə illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 50250 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 0328/15/PB-4 saylı müqavilə üzrə illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin şərtləri cavabdeh tərəfindən davamlı olaraq pozulduğuna və öhdəliklər lazımınca icra edilmədiyinə görə İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-7853/2017 saylı qətnaməsi ilə borclu ilə bağlanmış kredit müqavilələri ləğv edilməklə ondan ümumilikdə xx.xx.2016-cı il tarixli 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49992,50 manat əsas, 29814,04 manat faiz borcu olmaqla cəmi 79806,54 manat, xx.xx.2015-ci il tarixli 0141/15/PB-l saylı müqavilə üzrə 85041,04 ABŞ dolları əsas, 38390,93 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 128431,97 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0328/15/PB-l saylı müqavilə üzrə 1004772.32 ABŞ dolları əsas, 487624,91 ABŞ dolları faiz, 10000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 1502397,23 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0328/15/PB-2 saylı müqavilə üzrə 24920,37 ABŞ dolları əsas, 11250,31 ABŞ dolları faiz, 500 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 36670,68 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0328/15/PB-3 saylı müqavilə üzrə 45143,72 ABŞ dolları əsas, 20379,98 ABŞ dolları faiz, 1000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 66523,7 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 0328/15/PB-4 saylı müqavilə üzrə 9363,09 ABŞ dolları əsas, 4227,04 ABŞ dolları faiz, 500 ABŞ dolları dəbbə pulu omaqla cəmi 14090,13 ABŞ dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(103)-1821/2018 saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(102)- 4841/18 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Həmin qətnamə hazırkı günə kimi tam olaraq icra edilməmiş, cavabdehin qətnamə üzrə BOKT-a cəmi ******* ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehin məhkəmə qətnaməsini tam icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2017-ci ildən cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödəmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövriyyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləri də hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərdən məhrum olmuşdur. Hazırda cavabdehin əsassız iddiaları üzündən məhkəmələrdə gedən proseslərə görə tələb ipoteka predmetlərinə yönəldilə bilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(005)- 513/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması və məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməməsi ilə əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, "Para’' BOKT ASC ilə X2 arasında 2015-2016-cı illərdə 6 kredit müqaviləsi bağlanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh və qardaşı X1 məxsus yaşayış və qeyri-yaşayış sahələri ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilələri üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən, borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. İddiaçı BOKT ASC öz tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandıraraq hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. İddia ərizəsindən göründüyü kimi, CavabdehHidayət oğlu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun bir hissəsini ödəmiş, hal-hazırda onun iddiaçıya ******* ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan əlavə, cavabdehin iddiaçı təşkilata olan kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qüvvədə olan məhkəmə qərarı vardır. İddiaçı təşkilat bu qərarın məcburi qaydada icrasını tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla mahiyyətcə düzgün olan qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(005)- 513/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3950/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3950/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver