Məhkəmə qərarları › İş №2(103)-3951/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3951/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3951/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsi ilə iddiaçılar X1 və qeyrisinin cavabdeh Yasamal Rayon icra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbinə dair iddiası təmin edilmişdir. X2, X8, X5 və X3 nümayəndəsi və vəkili X6 məhkəməyə ərizə təqdim edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-333/2006 saylı, 07.10.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs sonuncu qərardaddan şikayət verərək göstərilən qərardadın ləğv olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.11.2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, qərardad ləğv edilmiş və Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsi üzrə tərəflərin, qətnamədən şikayət vermək istəyən şəxslərin, eləcə də Maraqlı şəxs iştirakı təmin edilməklə həmin məhkəmə qətnaməsindən şikayət vermək istəyən şəxslərin belə hüququnun olub-olması, başqa sözlə onların prosessual vəziyyətinin (statusunun) müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli qərardadı ilə X2, X8, X5 və X9 maraqlarına toxunan şəxslər kimi tanınmış, həmin şəxslərin qətnamədən şikayət vermə müddəti bərpa edilmişdir. Maraqlı şəxs tərəfindən Yasamal Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, sonuncunun 25.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Yasamal Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, Maraqlı şəxs qərardddan şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin 19.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Belə ki, MPM-ə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). Sadalanan prosessual hüquq normalarından göründüyü kimi əgər birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxs deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, ilk növbədə qəbul edilmiş qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmadığını müəyyən edilməlidir. İş üzrə tərəf olmayan şəxsin verdiyi apellyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunsun. İş materiallarından göründüyü kimi Maraqlı şəxs baxılan iş üzrə işdə iştirak edən şəxs olmamış, cavabdeh qismində cəlb edilməmiş, həmin şəxsin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar