Məhkəmə qərarları › İş №2(103)-3953/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3953/2022

28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3953/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan sabiq rayon prokuroru, baş ədliyyə müşaviri X3 Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş qanunsuz hərəkətləri səbəbindən qanuni mənafeyinə vurulmuş 9.500 manat məbləğində maddi ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, məhkəmə nəzarəti qaydasında müəyyən edilmiş Xətai rayon Prokurorluğunun təqsirkar-cavabdeh şəxslərinin reqres iddia qaydasında məsuliyyətə cəlb olunmalarının mümkünlüyü məsələsinə baxılmasını, hazırda sifarişli həbsdə saxlanıldığı nəzərə alınaraq mülki məhkəmə icraatı qaydasında keçiriləcək məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə müvafiq zəruri tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müstəntiq Məhərrəm Əzizbəyovun hüquqa və qanuna zidd hərəkətləri ilə bağlı dövlət hakimiyyəti orqanlarına müxtəlif məzmunlu çoxsaylı müraciətlər ünvanlanmış və hərəkətlərinin qanuniliyinin yoxlanılması xahiş edilmişdir. Bu müraciətlərlə bağlı Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri X5 rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadəyə sorğu ünvanlayaraq ona cavab verilməsini, Bakı şəhər Prokurorluğuna isə arayış təqdim edilməsini xahiş etmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Xətai rayon prokuroru Yusif İldırımzadə üzərinə düşən funksional vəzifə borcunun icrasını yerinə yetirməkdən məqsədyönlü şəkildə yayınmış və hərəkətsizlik nümayiş etdirərək pozulmuş hüquq və azadlıqlarının inzibati qaydada müdafiəsini təmin etməmişdir. Bu səbəbdən Xətai rayon Prokurorluğunun böyük müstəntiqi Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan rayon prokuroru Yusif İldırımzadənin hərəkətlərinin qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması məqsədilə aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə şikayət ünvanlanmışdır. Xətai Rayon Məhkəməsində işə hakim Cavid Hüseynin sədrliyi ilə baxılaraq 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qərar qəbul edilmişdir. Bu qərarla müstəntiq Məhərrəm Əzizbəyovun və prokuror Yusif İldırımzadənin qeyri-prosessual hərəkətləri qanunsuz hesab edilmiş və Azərbaycan Respublikası CPM-nin 207, 209, 210 və 212-ci maddələrinin tələblərinin pozulması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətinə çatdırılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş bu qərarı ilə sübut olunmuşdur ki, hər iki prosessual şəxs ona münasibətdə hakimiyyət səlahiyyətlərindən sui-istifadə etməklə kobud və ciddi hüquq və qanun pozuntularına yol vermişlər. Məhz analoji vəziyyətlə bağlı Azərbaycan Respublikasının CPM-nin 451.3 və 451.3.3-cü maddələrinin tələblərində qanunverici orqan xüsusilə qeyd edir ki, şikayət edilmiş hərəkət qanunsuz hesab edildikdə, şikayət vermiş şəxsə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilir. İstinad olunan bu prosessual hüquq normasının müddəalarından aydın olur ki, hər bir halda əgər hər hansı bir prosesual şəxsin hərəkətləri məhkəmə nəzarəti qaydasında qanunsuz hesab edilirsə, o zaman hüquq və azadlıqları pozulmuş şəxsin qanuni mənafeyinə ziyanın vurulması faktı mövcud olur. Pozulmuş hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədilə digər dövlət hakimiyyəti orqanlarına, xüsusilə də Xətai rayon Prokurorluğu ilə 2 il ərzində müraciətlər ünvanlanaraq yazışmalar aparılmış və bununla bağlı şəxsi vəsaiti, vaxtı və əməyi sərf olunmuşdur. Bundan əlavə Xətai rayon Prokurorluğunun məsul vəzifəli şəxslərinin özbaşınalığa və qanunsuzluğa yol vermələri səbəbindən o, əsassız həbsdə qalmaqla Ağsu rayonu Xasıdərə kəndində yerləşən fərdi yaşayış evinin təsərrüfat sahəsində saxlanılan iri və xırda buynuzlu mal-heyvanının naməlum şəraitdə və müəmmalı şəkildə itirilməsi və ya yoxa çıxması ilə əlaqədar mülkiyyətindən məhrum olmuşdur. Bundan əlavə, cinayət işi üzrə kassasiya icraatının materiallarının 2 il ərzində Xətai rayon Prokurorluğunun ünvanında hərəkətsiz saxlanılması səbəbindən müvafiq qərarlardan verilmiş kassasiya və əlavə kassasiya qaydasında şikayətlərə mahiyyəti üzrə baxılması mümkün olmamış, nəticədə isə o, hal-hazıradək həbsdə qalaraq azadlıq hüququndan məhrum olmuşdur. Bu müddət ərzində isə naməlum şəxslərin birbaşa qəsdi nəticəsində uzun illər istifadəsində olmuş “Teliba” istirahət mərkəzinin ərazisində müxtəlif xarakterli çoxsaylı cinayət hadisələri törədilmiş, nəticədə isə mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara külli miqdarda maddi ziyan vurulmuşdur. Qeyd olunan bütün faktın mövcudluğu konkret faktlarla və rəsmi sənədlərlə sübut olunur və qanuni mənafeyinə maddi ziyanın vurulması inkarolunmazdır. Belə ki, işin faktiki hallarından məlum olduğu kimi 2018-ci ilin iyul ayından başlayaraq hal-hazıradək Xətai rayon Prokurorluğuna etdiyi müxtəlif xarakterli çoxsaylı müraciətləri əsasında qanuni prosessual hərəkətlərin vaxtında və düzgün icra edilməməsi səbəbindən o, məcburiyyət qarşısında qalaraq nəzarətedici dövlət hakimiyyəti orqanlarına müraciət edərkən vaxtını və əməyini sərf etməklə psixoloji sarsıntılar və mənəvi iztirablar keçirmişdir. Xətai rayon Prokurorluğunun məsul vəzifəli şəxsləri isə onlara verilmiş hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalığa və qanunsuzluğa yol vermiş, bununla da Azərbaycan Respublikası vətəndaşının konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Məhz belə hallarla bağlı Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsində imperativ şəkildə qeyd olunur ki, hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin tələbində isə xüsusilə qeyd olunur ki, Konstitusiyanın və Qanunların pozulması, o cümlədən Konstitusiyada və Qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Xətai Rayon Məhkəməsinin qanuni qüvvədə olan 04 iyun 2020-ci il tarixli 6(011)34/2020 saylı qərarı ilə sübut olunur ki, Xətai rayon Prokurorluğunun böyük müstəntiqi Məhərrəm Əzizbəyov və ibtidai araşrırmaya prosessual rəhbərliyi həyata keçirməli olan prokuror Yusif İldırımzadə Azərbaycan Respublikası CPM-nin 207, 209, 210 və 212-ci maddələrinin tələblərini pozmaqla qanunsuz hərəkətlər icra etmişlər. Məhz bu səbəbdən istinad olunan konstitusion hüquq normalarının tələbləri əsasında hər iki prosessual şəxsin qanunsuz hərəkətləri qanunla müəyyən edilən məsuliyyətin yaranmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İV hissəsinin tələbindən məlum olduğu kimi dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Göründüyü kimi dövlət qulluqçularının qanuna zidd hərəkətləri nəticəsində mülki məsuliyyətin yaranması qanunda nəzərda tutulmuş haldır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbində isə qeyd olunur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin obyektiv hallarını istinad olunan bu prosessual hüquq normalarının tələbləri əsasında qiymətləndirdikdə aydın olur ki, hər iki təqsirkar prosessual şəxsin qanunsuz hərəkətləri nəticəsində onun qanuni mənafeyinə ziyanın vurulması faktının mövcudluğu qanunun tələbləri ilə müəyyən olunur və bu hal sübutsuz müəyyən edilən hal hesab olunur. Məhz bu səbəbdən də, qanuni mənafeyinə vurulmuş ziyanın əvəzi Azərbaycan dövləti tərəfindən ödənilməlidir. Bununla əlaqədar olaraq Xətai Rayon Məhkəməsi qarşısında mülki məhkəmə icraatı qaydasında Xətai rayon Prokurorluğuna qarşı iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsində işə hakim Sərdar Mehralıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılmış və məhkəmə baxışının nəticəsinə dair 02 noyabr 2020-ci il tarixli 2(011)-6120/2020 saylı qətnamə qəbul edilərək iddia tələbləri təmin olunmamışdır. Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş bu qətnamədən apelyasiya şikayəti verilmiş və apelyasiya instansiyası məhkəməsində işə hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılaraq 18 avqust 2021-ci il tarixli 2(103)-7482/2021 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, vurulmuş ziyanın əvəzi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməli, bununla əlaqədar olaraq iddia bilavasitə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı qaldırılmalı, digər inzibati orqanlar isə 3-cü şəxs qismində işdə iştiraka cəlb olunmalıdır. Məhkəmənin bu qənaətinə əsasən işdə iştiraka cəlb olunmuş Xətai rayon Prokurorluğu iddiaya cavab verməli olan subyekt hesab edilməmiş və bu səbəbdən apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar olaraq hazırkı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində işdə iştiraka cəlb olunmaqla iddia ərizəsi və ona əlavə edilmiş iş materialları ərazi və məhkəmə aidiyyəti üzrə təqdim olunmuşdur. İşin obyektiv hallarından məlum olduğu kimi o, uzun illər İsmayıllı rayonu Basqal meşəbəyliyi ərazisində yerləşən “Teliba” istirahət mərkəzinin fəaliyyətinə rəhbərliyi həyata keçirməklə hər il 250.000 manat qazanc əldə etmişdir. Xətai rayon Prokurorluğunun özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində kassasiya və əlavə kassasiya qaydasında şikayətlərinin aidiyyəti üzrə Ali Məhkəməyə göndərilməməsi səbəbindən müvafiq qərarlardan verilmiş şikayətlərə mahiyyəti üzrə baxılmamış və o, halhazıradək əsassız həbsdə qalmaqla əldən çıxmış fayda olaraq illik 250.000 manat məbləğində qazancından məhrum olmuşdur. Bu hissədə əldən çıxmış fayda şəklində Xətai rayon Prokurorluğunun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və özbaşınalığı səbəbindən onun qanuni mənafeyinə bu günə qədər 500.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə, kassasiya və əlavə kassasiya şikayətlərinin Xətai rayon Prokurorluğunun ünvanında 2 il ərzində hərəkətsiz saxlanılması səbəbindən məhkəmə mübahisələrinə aidiyyəti üzrə baxılması təmin olunmamış, bu müddət ərzində “Teliba” istirahət mərkəzinin ərazisində naməlum şəxslər tərəfindən törədilmiş müxtəlif xarakterli çoxsaylı cinayət əməlləri nəticəsində mülkiyyətinə 8.980 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhz bu real vəziyyətə uyğun olaraq iddia ərizəsinin “Hüquqi məsələlər” bölməsində istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbindən görünür ki, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa elmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) vurulmuş zərərin əsasını müəyyən edir. Qanuni mənafeyinə vurulmuş zərərin qeyd olunan mahiyyətindən isə aydın şəkildə görünür ki, Xətai rayon Prokurorluğunun təqsirkar vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və özbaşınalığı ilə birbaşa səbəbli əlaqəsi olan bu cinayətlərin törədilməsi nəticəsində o, əmlakından məhrum olmuş, qanuni mənafeyinin müdafiəsi ilə bağlı apardığı uzunmüddətli yazışmalarla bağlı şəxsi vəsaitlərini və əməyini sərf etmiş və Xətai rayon Prokurorluğunun məsul vəzifəli şəxslərinin hərəkətsizliyi səbəbindən 2018-ci ilin iyun ayından etibarən halhazıradək həbsdə qalması ilə əlaqədar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Qeyd olunan bu və ya digər faktların mövcudluğunu təsdiq edən rəsmi sənədlərlə sübut olunur ki, Xətai rayon Prokurorluğunun təqsirkar vəzifəli şəxslərinin qanunsuz əməllərinin törədilməsi onun üçün ağır nəticələrə səbəb olmuş və qanuni mənafeyinə külli miqdarda maddi zərər dəymişdir. Məhz analoji hala uyğun olaraq iddia ərizəsinin “Hüquqi məsələlər” bölməsində istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən görünür ki, Xətai rayon Prokurorluğunun təqsirkar vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində onun qanuni mənafeyinə vurulmuş maddi ziyanın əvəzini Azərbaycan Respublikası ödəməlidir. Bu səbəbdən qanuni mənafeyinə vurulmuş ziyanın Azərbaycan dövləti tərəfindən ödənilməsi ilə bağlı hazırkı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində, Azərbaycan Respublikası Baş Prokurorluğu isə 3-cü şəxs olaraq işdə iştiraka cəlb olunmuşlar. Konkret faktların mövcudluğunu təsdiq edən mötəbər sübut əhəmiyyətli məhkəmə aktlarından və digər rəsmi sənədlərdən görünür ki, 2018-ci ilin iyun ayından etibarən hal-hazıradək onun qanuni mənafeyinə ümumilikdə 598.980 manat maddi ziyan dəymiş, vurulmuş real zərərin məbləği isə 9.500 manat təşkil etmişdir. Qeyd olunan məbləğdə ziyanın könüllü şəkildə ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Xətai rayon Prokurorluğuna pretenziya ünvanlanmış, lakin ödənişin icrası təmin olunmamışdır. Bununla əlaqədar olaraq tələb olunan məbləğin təqsirkar - cavabdeh inzibati orqanlardan alınaraq onun hesabına ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı çəkdiyi xərclərə dair sübutları, o cümlədən əmlakından (şəxsi vəsaitindən) məhrum olmağına dair sübutları, həmçinin prosessual şəxslərin qanunsuz hərəkətləri səbəbindən bu günə qədər əsassız həbsdə saxlanılmağında əlaqədar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərindən məhrum olmağına dair sübutları aidiyyəti üzrə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmadan və mötəbərliyi üzrə qiymətləndirilmədən iddia tələbləri rədd edilmiş, bununla maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuş, nəticədə isə qanuni mənafeyinin məhkəmədə müdafiəsinə nail olmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cu maddəsinin tələbindən aydın şəkildə görünür ki, dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyan birbaşa Azərbaycan Respublikasının fiziki şəxs qarşısında mülki məsuliyyətini yaradır. Göründüyü kimi istər maddi hüquq normasının, istərsə də konstitusion hüquq normasının tələbləri məhz dövlət qulluqçularının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsin qanuni mənafeyinə vurulmuş maddi, mənəvi və fiziki ziyanın Azərbaycan dövləti tərəfindən birmənalı şəkildə ödənilməli olduğunu nəzərdə tutur. Mübahisənin mahiyyətindən isə görünür ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvədə olan 6(011)-34/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərarı əsasında Xətai rayon prokuroru Yusif İldırımzadənin və Prokurorluğun böyük müstəntiqi Məhərrəm Əzizbəyovun hərəkətləri məhkəmə nəzarəti qaydasında qanunsuz hesab edilmişdir. Adları qeyd olunan məsul vəzifəli prosessual şəxslərin ona qarşı münasibətdə qanunsuz hərəkətləri 2 (iki) il ərzində davam etmiş, bu müddətdə hüquqlarının müdafiəsi ilə bağlı tərəfindən dövlət hakimiyyəti orqanlarına, xüsusilə də Yusif İldırımzadəyə dəfələrlə çoxsaylı müraciətlər və şikayətlər ünvanlanmış, bunula əlaqədar olaraq o, şəxsi vəsaitini, əməyini, vaxtını, fiziki və mənəvi sağlamlığını itirmək məcburiyyətində qalmaqla qanuni mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurulmuş və bu faktların mövcudluğunu təsdiq edən mötəbər sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları mötəbərliyi üzrə qiymətləndirməmiş, müqayisəli təhlillər aparmamış, əsas sübutları isə ümumiyyətlə tədqiq etməmiş, nəticədə isə maddi və konstitusion hüquq normalarının tələbləri ilə yanaşı prosessual hüquq normalarının da tələbləri kobudcasına pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı vəsatətinə əsasən onun məhkəmə iclasında iştirakı təmin edilsə də, məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı məkəmə nəzarəti qaydasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsinin surətindən görünür ki, şikayətdə Xətai rayon prokurorluğunun böyük müstəntiqi Məhərrəm Əzizbəyovun qeyri-prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi barədə CPM-nin 451.1 və 451.1.2-ci maddələrinin tələbləri əsasında qərar qəbul edilməsini, işin faktiki hallarına uyğun olaraq CPM-nin 84, 504 və 212-ci maddələrinin tələbləri əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Xətai rayon prokuroru Yusif İldırımzadənin və Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovun hərəkətlərinin qanuna uyğunluğunun yoxlanılmasını, məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq hərəkətlərindən şikayət olunan hər üç prosessual şəxsin barəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı CPM-nin 451.3.2-ci maddəsinin tələbinin icra olunmasını, cinayət törətmiş Ali Məhkəmənin “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi”nin məsləhətçilərinin cinayət məsuliyyətinə cəlb olunmaları məqsədi ilə CPM-nin 451.3 və 451.3.1-ci maddələrinin tələblərinə müvafiq olaraq təxirə salınmaz tədbirlərin görülməsini, qanuni mənafeyinə vurulmuş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini, CPM-nin 450.2-ci maddəsinin tələblərinə müvafiq olaraq keçiriləcək məhkəmə iclasında iştirakının təmin edilməsini və buna dair qərar çıxarılmasını xahiş etmişdir.(İ.vər. 24 - 30) İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-34/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla İddiaçı şikayəti təmin edilmiş, İddiaçı cinayət işinin başlanması və ibtidai araşdırmanın aparılması barədə məlumatına münasibətdə Xətai rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Məhərrəm Əzizbəyovun və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş sabiq Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadənin hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikası CPM-nin 207, 209-210, 212-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilmiş və bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi qərara alınmışdır.(İ.vər. 31 - 39) İş materiallarında olan, apelyasiya şikayətinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti verərək, Azərbaycan Respublikası CPM-nin 451.3-cü maddəsinin tələbləri baxımından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-34/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərarının qanuniliyinin bu hissədə yoxlanılması, Azərbaycan Respublikası CPM-nin 451.3-cü maddəsinin tələblərində nəzərdə tutulmuş zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədi ilə Xətai Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 6(011)-34/2020 saylı qərarının bu hissədə dəyişdirilməklə qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir.(İ.vər. 40 - 41) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-130/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-34/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 42 - 45) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-2/2021 saylı, 06 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Xətai rayon prokurorluğunun müstəntiqi X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2020-ci il tarixli qərarının ləğv olunması, qanuni qərarın qəbul edilməsi, kobud və ciddi qanun pozuntusuna yol vermiş müstəntiq X2 barəsində zəruri prosessual hərəkətlərin yerinə yetirilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.(İ.vər. 110 - 113) İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-67/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 iyul 2020-ci il tarixli qərarının qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərardan verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 114 - 117) Məhkəmə kollegiyası, maddi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair iddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddia ərizəsində adı qeyd olunan şəxslərin hərəkətsizliyi qanunsuz hesab edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikası CPM-nin 207, 209-210, 212-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilmiş və bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi qərara alınmış, bundan sonra iddiaçının iddia ərizəsində qeyd olunan məqamlar Xətai rayon Prokurorluğunda araşıdırılaraq, 08 iyul 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən ona zərər qismində dəymiş 9.500 manat həcmində maddi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Belə ki, İddiaçı apelyasiya şikayətində göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar