Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3953/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh iddiaçının oğlu X2 xalası qızıdır, yəni iddiaçının baldızı qızıdır. İddiaçının oğlu Xəlfəli Sultanov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuşdur. İddiaçı cavabdehin oğlu Xəlfəli Sultanovdan hissə-hissə olmaqla ümumilikdə 26 000 manat borc pul aldığını və qaytarmadığını iddia edir. Cavabdeh iddianı qəbul etmir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26000 manat borc pulun və ödənilmiş 168 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu X1 2022-ci ilin sonlarında Bakı şəhərində metro çıxışlarında ətir dükanının açılması və qısa müddətə qaytarılması şərti ilə əvvəlcə 20 000 manat, daha sonra isə 6000 manat borc pul almışdır. Oğlu xx.xx.2023-cü ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin götürülmüş borc indiyə kimi cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdehdən pulu şəxsi müraciəti əsasında ala bilməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-456/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilmiş, 15 000 manat məbləğində pul vəsaiti və 135 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 331, 337, 739, 740.2, 1091, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə Xəlfəli Sultanovun kartına 2022-ci ilin sentyabr ayında öz kartından ümumilikdə 2091 manat pul vəsaiti köçürdüyünü və həmin pulu da Xəlfəliyə qaytardığımı bildirsə də, məhkəmə dindirilmiş şahidlərin heç bir mötəbər sübuta əsaslanmayan ziddiyyətli ifadələrinə əsasən iddia tələbini qismən təmin etmişdir. Borc müqaviləsi olsaydı belə, bu qanunun mənasına görə əhəmiyyətsiz əqd ola bilərdi. (MMnin 337.1). Həmçinin, qətnamənin 6-cı bəndində qeyd edilir ki, güya nümayəndəsi izahatında iddia tələbinə etiraz edərək bildirib ki, Xəlfəli Sultanov ona bildirib ki, iş qurmaq üçün Yaşardan 12.000 manat borc pul götürüb, Yaşar özü iddia edirdi ki, Xəlfəli Yaşara 10.000 manat pul verib. Xəlfəli özü demişdir ki, Yaşara 12.000 manat pul verib, Yaşar da bunu təsdiqləyir. Bir sözlə, həmin fikirlər qətnamədə düzgün qeyd olunmayıb. Həmçinin, qətnamənin 7-ci bəndində Yaşarın danışıqları göstərilib ki, Xəlfəlinin bildirdiyinə görə o, mənə, yəni Aytənə 15.000 manat pul verib. Bu yalan fikirdir. Məhkəmədə dönə-dönə hakim tərəfindən Yaşara sual verərək, Xəlfəli sənə demişdirmi ki, Aytənin Xəlfəliyə borcu var, Yaşar isə bundan xəbərinin olmadığını bildirmişdir. Sonra Yaşar qeyd etmişdir ki, Aytənin şikayəti əsasında həbs olunduğuna görə ondan qisas almaq məqsədilə bunları deyib. Xəlfəli sonda demişdir ki, mən Aytənə kömək etmək istəyirəm, bu fikirlərin hamısı yanlış fikirlərdir. Lakin, işə baxan hakim iş üçün mühüm əhəmiyyəti olan bu fikirlərə hüquqi qiymət verməyib. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin olunan hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İddiaçının oğlu Xəlfəli Sultanov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuşdur. İddiaçı Cavabdeh onun oğlu Xəlfəli Sultanovdan hissə-hissə olmaqla ümumilikdə 26 000 manat borc pul aldığını və qaytarmadığını iddia edir.
15. Cavabdeh isə iddianı qəbul etmir.
16. Birinci instansiya məhkəməsi şahid Yaşar Əbdürəhmanovun məhkəmə baxışında Xəlfəli Sultanovun cavabdehə 15000 manat borc verməsi ifadəsini əsas götürərək iddianı 15000 manat həddində təmin etmişdir.
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq birinci instansiya məhkəməsinin cavabdehdən pulun tutulması ilə bağlı mövqeyini əsaslı hesab etsə də, tutulmalı məbləğin miqdarı ilə bağlı hissədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.
19. Belə ki, X6 Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(099)-151/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü nəzərdən keçirilərkən müəyyən edildi ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Yaşar Əbdürəhmanov ifadəsində bildirmişdir ki, Cavabdeh ona pul göndərməkdə davam edən zaman bir nəfər şəxs ona zəng vurmuş və adının Xəlfəli olmasını, Aytənin xalası oğlu olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Xəlfəli onun **********636400 seriyalı plastik kartına 2000 manat və xx.xx.2022-ci il tarixdə 500 manat pul göndərmişdir. Bundan sonra isə Xəlfəli təxminən 30 gün ərzində onun kart hesabına hissə-hissə 7500 manat pul göndərmişdir. Xəlfəli ümumilikdə ona 10000 manat pul göndərmişdir.
20. Həmin cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermiş Cavabdeh bildirmişdir ki, Şahid istədiyi pulları ödəyə bilmədiyi üçün hazırda vəfat etmiş xalası oğlu Xəlfəli Sultanovdan borc pul istəmiş, sonuncu da verməyə razılaşmışdır. O da Xəlfəli Sultanovdan pulu birbaşa Yaşara göndərməyini istəmiş, Yaşara da pulu xalası oğlundan almasını demişdir.
21. Göründüyü kimi, cavabdeh hazırkı işdə xalası oğlu Xəlfəli Sultanovdan borc pul aldığını etiraf etməsə də, cinayət işinə məhkəmə iclasında baxılarkən bu faktı etiraf etmişdir.
22. Həmçinin, həmin cinayət işi üzrə məhkəmə iclasında dindirilən Yaşar Əbdürəhmanov da etiraf etmişdir ki, əldə etdiyi 57653 manat pulun 10000 manatını ona Aytənin xalası oğlu Xəlfəli vermişdir.
23. Cinayət işinə baxan məhkəmə hökmdə bu qənaətə gəlmişdir ki, X7 Əbdürəhmanova pulu Cavabdeh əvəzindən və onun hesabına vermişdir.
24. Göründüyü kimi, Cavabdeh iddiaçının oğlu Xəlfəli Sultanovdan borc pul istəməsi, Xəlfəli Sultanovun onunla razılaşması və 10 000 manat məbləğində pulu onun tapşırığına əsasən Yaşar Əbdürəhmanovun kart hesabına köçürməsi X6 Məhkəməsinin qüvvədə olan xx.xx.2025-ci il tarixli hökmü ilə tam təsdiq olunur.
25. Yaşar Əbdürəhmanov hazırkı mülki iş üzrə şahid qismində ifadə verərkən X4 Zeynalovaya verdiyi pulun məbləğini konkret göstərməmiş, onun təxminən 10000-15000 manat olmasını bildirmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı isə konkret məbləğlər və aydın fikirlər səsləndirmişdir.
26. Məhkəmə kollegiyası Yaşar Əbdürəhmanovun hazırkı mülki iş üzrə şahid kimi verdiyi ifadənin ziddiyyətli, qeyri-müəyyən olduğunu və konkret olmadığını nəzərə alaraq onun cinayət işinin istintaqı zamanı verdiyi və hökmdə öz əksini tapan ifadəsini, eləcə də, Cavabdeh həmin cinayət işi üzrə zəzərçəkmiş kimi verdiyi ifadədə Xəlfəli Sultanovdan borc pul aldığını etiraf etməsini mötəbər sübut kimi qəbul edir.
27. Məhkəmə kollegiyası eyni zamanda hökmlə müəyyən olunan faktın, yəni X5 Əbdürəhmanova pulu Cavabdeh əvəzindən və onun hesabına verməsi barədəki halın mötəbərliyini də nəzərə alır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyi işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşmır.
30. Məhkəmə kollegiyası həmçinin Cavabdeh adına olan və iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışa əsasən müəyyən etdi ki, Cavabdeh istifadəsində olan 416973******0745 nömrəli plastik kart hesabına Xəlfəli Sultanovun istifadəsində olan 416974******3719 nömrəli plastik kart hesabından xx.xx.2022-ci ildə 391 manat, xx.xx.2022-ci ildə 700 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 300 manat olmaqla, cəmi 2091 manat pul köçürülmüşdür. Bu, Kapital Bank ASC-nin xx.xx.2025-ci il tarixli məktubu və həmin məktuba əlavə olunmuş bank hesabından çıxarışla təsdiq olunur (i.v.107-108).
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, iddiaçının tələbi yalnız 12091 manat (10000 manat+2091 manat) hissəsində öz təsdiqini tapır və ona görə də qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulacaq pulun miqdarı hissəsində dəyişdirilməli və həmin məbləğ 12091 manat müəyyən edilməlidir.
32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
36. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
37. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 15000 manat pul tutulması hissəsində dəyişdirilsin və cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği 12091 (on iki min doxsan bir) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.