Məhkəmə qərarları › İş №2(103)-3955/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3955/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3955/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1171/2021 saylı 28.012021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 07.08.2016-ci il tarixli müqaviləyə əsasən əsas borcu üzrə 18340 (on səkkiz min üç yüz qırx) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-yə ödənilməsi qət olunmuşdur. İddia qalan hisədə təmin ediləmişdir. İş materiallarından görünür ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 18340.43 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcu üzrə 0.00 AZN olmaqla, cəmi 18340.43 AZN məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, **********5065 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 25000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1841 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq X1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 19.12.2014-cü il tarixli, **********5065 saylı kredit müqaviləsi 07.08.2016-cı il tarixli **********9301 yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 18883 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. 07.08.2016-cı il tarixli **********1***-******* saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 12.11.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə borcun məbləği 18340.43 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 18340.43 AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, tutulacaq məbləğin ayda 50 manat olmaqla hissə-hissə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış, onun hazırki maddi vəziyyətini və ümumiyyətlə hazırda pondemiya şəraitinin, işsizliyin olmasını, qarantin elan olunmasını nəzərə almamış, yalnız bir tərəfin mənafini üstün tutaraq işin hallarını nəzərə almamışdır və işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını Cavabdeh1 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşin hallarından görünür ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, **********5065 saylı kredit müqaviləsinə əsasən illik 24 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.12.2014-cü il tarixli, **********5065 saylı kredit müqaviləsi 07.08.2016-cı il tarixli **********9301 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, **********1182 nömrəli hesab üzrə əsas borc 18830 manat müəyyən edilmişdir. Kredit öhdəliyinin icrası məqsədi ilə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında 07.08.2016-cı il tarixli müqaviləyə əsasən əsas borcu üzrə 18340,43 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi iddianı digər Cavabdeh2 qarşı hssədə təmin etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 07.08.2016-cı il tarixli müqavilə üzrə zaminlik müddəti göstərilməmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 07.08.2016cı tarixli Kredit Müqaviləsinin Restrukturizasiyasına dair sazişə əsasən borcalan qalıq borcu 36 (otuz altı) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış sazişin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 07 avqust 2019-cu il tarixdə qaytarılmasını razılaşdırmışlar. Göründüyü kimi, iddiaçı bank zaminə qarşı 07 avqust 2020-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, zaminlik müqaviləsi üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göründüyü kimi, Cavabdeh1 müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar