Məhkəmə qərarları › İş №2(103)-3956/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3956/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3956/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əbdülhəsən qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı ASC-nin buna səlahiyyəti olan nümayəndəsi ASC-nin adından cavabdehlərə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "xxxx" üzrə yaranmış və Cavabdeh2 tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.940,54 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.220,25 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.495,20 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107 manat məbləğində pulun Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 23 saylı evdə yerləşən 91 saylı mənzilə yönəldilməsi, mənzilin 78.000 manat qiyməti ilə açıq hərraca çıxarılması, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılması və mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2, onunla iddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" əsasən ASC-dən illik 30 faiz dərəcəsi ilə 36 ay müddətinə 8.400 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, müəyyən olunmuş müddətdə kredit borcunu, borca hesablanacaq faizi ilə birlikdə hər ay hissə-hissə ASC-yə qaytaracaq. Cavabdeh2 həmin müqavilə üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq iş üzrə digər Cavabdeh1 özünə məxsus olan mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq ASC ilə cavabdehlər arasında xx.xx.2023-cü il tarixdə "xxxx" bağlanmışdır. ASC, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, Cavabdeh2 ASC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, istifadə etdiyi krediti faizi ilə birlikdə ödəməmişdir. Nəticədə onun ASC-yə 5.940,54 manat məbləğində əsas kredit borcu, 1.220,25 məbləğində faiz borcu yaranmışdır. ASC, öhdəliyin Cavabdeh2 tərəfindən icra edilməməsini nəzərə alaraq müqavilənin şərtinə əsasən ona 1.495,20 manat cərimə hesablamışdır. ASC, yazılı qaydada cavabdehlərə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 107 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehlərin iddia tələbinə qarşı münasibəti barədə məlumat

3. Cavabdeh2 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, iddia tələbinin dəbbə pulunun tutulması hissəsi ilə razı deyil, iddia tələbinin qalan hissəsi ilə isə razıdır.

4. İş üzrə digər Cavabdeh1 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. O, iddia tələbinə dair yazılı mülahizəsini də Rayon Məhkəməsinə təqdim etməmişdir.

5. Bu hal işin baxılmasına mane olmadığından Rayon Məhkəməsi işə Cavabdeh1 iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh2 ilə iddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.940,54 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.220,25 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 200 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ASC tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin ASC-nin özünə aid edilməsini, rüsumun qalan hissəsinin əvəzi olaraq 90,25 manat məbləğində pulun Cavabdeh2 ASC-nin xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus mənzilə yönəldilməsini, mənzilin 78.000 manat qiyməti ilə açıq hərraca çıxarılmasını, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılmasını və mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2, onunla ASC arasında bağlanmış "xxxx" üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etdiyi üçün ASC-yə olan kredit borcunu, həmin borc məbləğinə hesablanmış faizi və müqavilənin şərtinə əsasən ASC-nin hesabladığı cəriməni ASC-yə ödəməlidir. ASC-nin təqdim etdiyi hesablamalardan görünür ki, "xxxx" üzrə yaranmış əsas kredit borcun məbləği 5.940,54 manat, əsas kredit borc məbləğinə hesablanmış faizlərin məbləği 1.220,25 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə müqavilənin şərtlərinə uyğun olaraq hesablanmış cərimənin (dəbbənin) məbləği 1.495,20 manat dolları təşkil edir. Buna görə də, əsas borcun və əsas borca hesablanmış faizlərin məbləğin daha aşağı olması ilə bağlı cavabdehlər heç bir sübut təqdim etməmişlər. Buna görə də həmin məbləğlər Cavabdeh2 tutularaq iddiaçı ASC-yə ödənilməlidir. Lakin Cavabdeh2 tutulması tələb olunan cərimənin (dəbbənin) məbləği kreditorun – ASC-nin həm əmlak, həm də bütün əsaslı mənafelərinə nisbətdə tənasübsüz surətdə yüksəkdir. Buna görə də, cərimənin (dəbbənin) məbləği azaldılmalı və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 200 manat məbləğində pul Cavabdeh2 ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh2 öhdəliklərinin icrasının təminatı onunla ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış "xxxx" ilə nəzərdə tutulduğundan, borcun tutulması ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzil 78.000 manat qiyməti ilə açıq hərraca çıxarılmalı, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti qeyd edilən borcun ödənilməsinə yönəldilməli, satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılmalı və mənzildə yaşayan şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdırlar. Qalan hissədə iddia təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh2 ilə iddiaçı ASC arasında xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə bağlanmış “Kredit müqaviləsinin” müddəti bitməmişdir. Belə olan halda müqavilə üzrə yaranmış borcun tutulması barədə iddia əsaslı hesab edilə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış işə qeyri obyektiv baxmışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

10. Apellyator – Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

11. İddiaçı ASC-nin nümayəndəsi və iş üzrə digər Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

12. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı ASC qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh2 isə qətnamədən apellyasiya şikayəti versə də, şikayətin məzmunundan görünür ki, o da, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir.

15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin iddia tələbinin bir qisminin təmin edilməməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə borclu olan Cavabdeh2 kreditor olan ASC-yə olan borcunun tutulması məqsədi ilə tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan satılmasını, satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılmasını və mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını qət etmişdir.

17. Mənzilin Cavabdeh2 deyil, Cavabdeh1 mülkiyyətində olmasını, Cavabdeh2 həmin mənzildə yaşamamasını, məhkəmədə təmsil olunması üçün Cavabdeh1 tərəfindən Cavabdeh2 etibarnamənin verilməməsini nəzərə alan Məhkəmə bildirir ki, Cavabdeh2 nə öz adından, nə də Cavabdeh1 adından çıxış edərək qətnamənin ipoteka predmeti ilə bağlı hissəsini mübahisələndirmək üçün nə subyektiv hüquqa, nə də ki, müvafiq səlahiyyətə malik deyil.

18. Buna görə də, Məhkəmə qətnamənin ipoteka predmeti ilə bağlı hissəsinin əsaslılığını yoxlamamışdır.

19. Beləliklə də müəyyən edilir ki, hazırki apellyasiya baxışının predmeti Rayon Məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.940,54 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.220,25 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılmış hissəsinin tutulması məqsədi ilə 200 manat məbləğində pulun Cavabdeh2 ASC-nin xeyrinə tutulması barədə hissəsidir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

20. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiy baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Cavabdeh2 ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh2, bu müqaviləyə əsasən ASC-dən illik 30 faiz dərəcəsi ilə 36 ay müddətinə 8.400 manat məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə görə, Cavabdeh2 aldığı borc məbləğini və borc məbləğinə hesablanacaq faizləri 36 ay müddətində, aybaay və hissə-hissə ASC-yə qaytaracaq.

22. İşdə olan sənədlərdən, o cümlədən Cavabdeh2 məhkəmələrə verdiyi izahatlardan müəyyən edilir ki, o, həmin müqavilə üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, borcunun bir hissəsini ASC-yə ödəsə də, borcun qalan hissəsini ödəməmişdir.

23. ASC-nin təqdim etdiyi hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən Cavabdeh2 ASC-yə 5.940,54 manat məbləğində əsas kredit borcu, 1.220,25 məbləğində faiz borcu yaranmışdır. Öhdəliyin lazımı qaydada icra edilməməsi səbəbindən ASC tərəfindən Cavabdeh2 “Kredit müqaviləsinin” şərtinə uyğun olaraq 1.495,20 manat məbləğində cərimə (dəbbə) hesablamışdır.

24. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ASC tərəfindən dövlət büdcəsinə 107 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

25. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Lakin hazırki iş üzrə Cavabdeh2 iddiaçı ASC-yə borcunun olmadığını ümumiyyətlə iddia etmir. O, qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, onunla iddiaçı ASC arasında xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə bağlanmış “Kredit müqaviləsinin” müddəti bitməmişdir. Belə olan halda müqavilə üzrə yaranmış borcun tutulması barədə iddia əsaslı hesab edilə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış işə qeyri obyektiv baxmışdır.

27. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

28. Borcalan olan Cavabdeh2 ilə kreditor olan ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "xxxx" həqiqətən də 36 ay müddətinə bağlansa da, müqavilənin 2.3.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borcalan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada yerinə yetirmədiyi halda, kreditor, borcalandan borcun ödənilməsini vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ var.

29. Göstərilənlərə əsasən müəyyən edilir ki, ASC, öhdəliyin icra edilməməsi səbəbindən Cavabdeh2 5.940,54 manat məbləğində əsas kredit borcunun və əsas kredit borcuna hesablanmış 1.220,25 məbləğində faiz borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. ASC-nin iddiasının əsas kredit borcuna və əsas borca hesablanmış faiz borcuna aid hissəsi əsaslıdır. Rayon Məhkəməsi iddia tələbinin bu hissəsini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

30. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ASC, Cavabdeh2 "xxxx" üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinin nəzərə alaraq müqavilənin şərtlərinə əsaslanaraq Cavabdeh2 cərimə tətbiq etmiş və cərimənin ödənilməsi məqsədi ilə 1.495,20 manat məbləğində pulun Cavabdeh2 tutulmasını xahiş etmişdir.

31. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi qismən təmin edərək, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 200 manat məbləğində pulun Cavabdeh2 ASC-nin xeyrinə tutulmasını qət etmişdir.

31. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

32. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Cavabdeh2 iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi sübuta yetdiyinə görə cərimə barədə tələbin rədd edilməsi barədə cavabdehin istəyi təmin edilə bilməz.

33. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin cərimə borcunun tutulması ilə bağlı gəlmiş olduğu nəticəsinə aid dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

34. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

37. Məhkəmə həmçinin bildirir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

38. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh2 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar