Məhkəmə qərarları › İş №2(103)-396/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-396/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-396/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-219/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 431/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 3.000 manat əsas borc, 900 manat götürdüyü öhdəliyə görə, öhdəliyi yerinə yetirmədiyinə görə 2.000 manat, mənəvi ziyana görə 1.500 manat olmaqla, cəmi 7.400 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.060 manat əsas borc, 2.000 manat əldən çıxmış faydaya görə, 1.500 manat mənəvi ziyana görə, yəni 8.500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaxından tanıdığı X1 vasitəsi ilə onun qohumu - bacısı oğlu cavabdehə xx.xx.2017-ci il tarixdə 5.060 manat pul vermişdir. O, vasitəçinin şəxsiyyət vəsiqəsinin surətini almışdır. Cavabdeh hər ay 140 manat verəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2017-ci tarixdə 110 manat vermiş və imzası ilə təsdiqləmişdir. Sonrakı aylar 2018-ci ilin yanvar ayında 100 manat öz bacısı oğlunun qızı X3 ilə göndərmiş, 2018-ci ilin yanvar ayında 100 manat, fevral-mart aylarında isə verməmişdir. Aprel, may, iyun ayılarında 100 manat X3 vasitəsilə göndərmişdir. Sonra pulu verməkdən imtina etmişdir. O, pulu verən Əmirova Ramilənin şəxsiyyət vəsiqəsinin surətini almışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur.

4. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsini, habelə iddia müddəti ötürüldüyündən iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 219/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 3.000 manat məbləğində pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 219/2022 saylı qətnaməsi ilə (hakim N.Cəfərli) İddiaçı Cavabdeh qarşı “2.060 manat borc, 2.000 manat əldən çıxmış fayda, 1.500 manat mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi yalnız öz subyektiv mülahizəsinə istinad etmiş və iddia tələbini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin ondan 2.060 manat pulun almasını təsdiq edəcək əlyazma təqdim etsə də, qeyd edilən əlyazmanın mətnində nə yazıldığı, məzmunun nə olması məhkəməyə aydın ola bilmədiyindən məhkəmə qeyd edilən əlyazmanı mötəbər sübut kimi qəbul edə bilmir.

8. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin qeyd edilən hissəsi o zaman məhkəmə tərəfindən araşdırılmalı olmalıdır ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olsun. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilmədiyindən, əldan çıxmış fayda və mənəvi ziayn hissəsində də təmin edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 739.1, 740.1-ci maddələrinə, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi 2020-ci ilin noyabr ayından xx.xx.2022-ci tarixinə qədər məhkəmədə qalmışdır. xx.xx.2021-ci il tarixdə iş imzaların yoxlanılmasına dair ekspertizaya göndərilmiş, bir neçə ay cavab olmamışdır. Ekspertizaya göndərilmiş sənədin icrasız saxlanılaraq ekspertizanın aparılmasından imtina edilmişdir. Cavabdehin, qohumları Əmirov Bəylər və Əmirova Ramilənin şəxsiyyət vəsiqələrini surəti, 4 dəfə göndərilən pulun verilməsinə aid imza, hər bir sübut iş materiallarında vardır. Yenə də məhkəmə keçirilməmişdir. xx.xx.2022-ci il tarixdə yenidən cavabdehin vəkilinin təklifinə əsasən işin ekspertizaya göndərilməsi barədə qərar qəbul edilmişdir. Yenə də ekspert rədd etmişdir. İddiaçı sübutlar qismində əlavə edilmiş sənədləri məhkəməyə təqdim etmişdir. Orada yazılan izahatda həmin pulun, yəni 3.000 manatın alınması bildirilir. Hər iki imza eynidir, 2017-ci ilin noyabrı və 2020-ci ilin dekabrı. Pul vəsaitinin tələb olunmasına iddia müddəti qoyulmur. Əgər 2017-ci ilin noyabr ayında borclu imzası ilə 2020-ci ilin dekabr ayında təsdiq edirsə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi 3 il təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsində 5 il müddət qoyulub. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sənədlər və sübutları istifadə edərək qəbul etməli idi. Lakin məhkəmə qəbul etdiyi qərarda cavabdeh heç bir sübut gətirməmişdir. Göstərdiyi sübutlar isə ekspert rəyi ilə rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, cavabdehə 5.060 manat pul vermişdir. Həmin borcu qaytarmadığı üçün məhkəmə iddia ərizəsi vermişdir. Sənəddə 3.000 manatla bağlı imza var. İmzanı cavabdeh saxtalaşdırıb. xx.xx.2017-ci il tarixli imzası ilə 2017-ci il dekabr tarixli imzasını müqaisə etdikdə eyni olduğu görünür. O, ekspert rəyi ilə razı deyil. Ekspertə göndərilmiş nümunələri cavabdeh saxtalaşdırmışdır.

14. Cavabdehin vəkili ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddiaçı qətnamənin ləğv olunaraq iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iddiaçının cavabdehə qarşı 3.000 manat məbləğində pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçı isə həmin qərardadı mübahisələndirməmişdir. Hazırda “2.060 manat borc, 2.000 manat əldən çıxmış fayda, 1.500 manat mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ilə bağlı qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 4/1704-5/1469 saylı ekspert rəyinə əsasən mülki işin 18-ci vərəqəsində X2 adından olan xx.xx.2017-ci il tarixli qəbzdə “Borc alanın imzası: Cavabdehh” yazıları qarşısındakı imza; 24-cü vərəqində olan borcun aylar üzrə ödənilməsi barədə siyahıda “Dekabr 140 110” yazıları qarşısındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Tədqiq olunan imzaların eyni şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş əlyazma mətnin icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aid olub, həmin mətndəki “1550” yazısındakı “0” cizgisinin və aşağısındakı “borcu” sözünün, “hüsey..” yazısının, “506-0” Ma imz borcu” yazılarının, “1 dekabr 2017-ci” yazısından sonrakı cizgilərin rəngləyici maddəsi ilə digər əlyazılarının rəngləyici maddəsi kimyəvi tərkibinə görə öz aralarında fərqlənirlər.

21. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə borc pul verildiyini, sonuncu tərəfindən həmin pulun qəbul edildiyini və qaytarılmasına dair öhdəlik götürüldüyünü təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin ondan 2.060 manat məbləğində borc pulun alınmasını təsdiq edən sübut məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Həmçinin, iddia tələbi borcun tutulması hissəsində təmin edilmədiyindən, əldan çıxmış fayda və mənəvi ziayn hissəsində də təmin edilə bilməz.

23. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

24. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-219/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 (bir yüz otuz səkkiz) manat məbləğində vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar