Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-396/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Ağəli oğlu, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi zərərin əvəzi olaraq 37800 manat, hüquqi yardim üçün vəkilə görə ödənilən 250 manat və dövlət rüsumu kimi ödənilmiş 204,55 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 11 may 2022-ci il tarixdə saat 00:15-də “BC” kateqoriyalı, AD 303472 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan və atası Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi ilə saatda 80 km/saat sürətlə üzü H.Məcidov küçəsi istiqamətində hərəkətdə olarkən Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, yəni svetoforun qırmızı işığında yolayrıcına avtomobili daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməli, həmçinin həmin Qanununun 83-cü maddəsinin 3-cü hissəsinin, yəni nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməməli olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozub, hərəkətdə olduğu istiqamətdə Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində sol tərəfdən hərəkətdə olan iddiaçıya məxsus «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə vurub həmin avtomaşının sərnişini X4 C 7 (boyun) fəqərəsi yan çıxıntısının, TH2, TH3, TH3(döş) fəqərə cisimlərinin sınıqları, sol diz oynağının sıyrığı, sağ bayır topuğun şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat 24 radələrində Yasamal rayonunda yerləşən «Renessans Palas» yaşayış binasının qarşısında tanışlarım Mirzəyev Elşən, Mirzəyev Vüsal və Şərbətov Vüqar ilə görüşmüşdür. Tanışlarını yaşadıqları evə aparmaq üçün avtomobilinə əyləşmələrini təklif etmişdir. İdarə etdiyi “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Məcidov küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsinə çatmış, svetaforun yaşıl işığı yandığından hərəkətini davam etdirib küçələrin kəsişməsini düzünə keçən zaman avtomobilimin sağ yan tərəfindən “Subaru” markalı avtomobil ön tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi “Toyota Camry” markalı avtomobil sürüşüb yolun sol tərəfində dayanmış avtoyuma məntəqəsinə dəyib dayanmışdır. Zərbənin təsirindən o və avtomobilində olan sərnişinlər xəsarət almışıq, mənə məxsus avtomobil isə yararsız vəziyyətə düşmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 1(004)-72/2023 nömrəli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılan zaman ********** saylı cinayət işi üzrə ekspertizanın təyin edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyi qəbul olunmuşdur. Həmin ekspert rəyinə əsasən ona məxsus “Toyota Camry” markalı 90-00- 039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 37800 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarının mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə cinayət nəticəsində vurulmuş tələbin əsaslandığı Cavabdeh1 digər Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cinayət hadisəsi törətmişdir və həmin əmələ görə o təqsirli bilinmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-2852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (Hakim- Kərim Xudayev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi zərərə görə 33574 (otuz üç min beş yüz yetmiş dörd) manat, hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181,68 (bir yüz səksən bir manat altmış səkkiz qəpik) manat pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 22,87 (iyirmi iki manat səksən yeddi qəpik) manatın (204,55-181,68=22,87) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərmişdir ki, qətnamədə hazırki iş üzrə eyni avtomaşına dəymiş ziyan məbləği olaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası tərəfindən 37.800 manat, AR Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin X1 “AKAY AUTO” servis ilə birlikdə tərtib etdiyi mütəxəssis rəyinə əsasən sözügedən avtomaşının zədələnmiş hissələrinin yenisi ilə əvəz edilib təmir olunmasını və usta xərcləri mövcud bazar qiymətləri nəzərə alınmaqla 16.164 manat və “AZƏRSİĞORTA” Təşkilatı tərəfindən avtomaşına dəymişzərərin ümumiməbləği 6050 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində olan “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə dair əhəmiyyətli dərəcədə fərqli olan 3 qiymətləndirmə aktı mövcuddur ki, bu da işin ziddiyyətli halı kimi dəyərləndirilməlidir. Bununla əlaqədar, işin tam, hərtərəfli və obyektiv təhlilinə şərait yaradılması baxımından təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə onlar 2 dəfə vəsatət verməsinə baxmayaraq, vəsatətləri məhkəmə tərəfindən təmin olunmamışdır.
5. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilmiş, hazırkı iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı məxsus «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin mülki iş materiallarında olan sənədlər əsasında müəyyən edilməsi sualı qoyulmuşdur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə iş materiallarında olan “Akay Auto” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avto hissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16164,0 manat müəyyən edilir. Təqdim edilmiş “X12” MMC tərəfindən xx.xx.2022-ci il qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərindən təxminən 30%-ini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54.000,00 manat olmuş 2019-cu il buraxılışlı Toyota Camry markalı ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müəyyən edilir.
7. Bundan sonra, hazırkı iş üzrə icraat təzələnmişdir.
8. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-396/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin edilmiş, hazıkı iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında - İddiaçı məxsus «Toyota Camry» markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği mülki iş materiallarında olan sənədlər əsasında (o cümlədən, "xxxx" MMC-nin verdiyi rəy, müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəy və qüsur aktı nəzərə alınmaqla) müəyyən edilməsi sualı qoyulmuşdur.
9. Məhkəmə Ekspertiza Mərkəzindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2600/24 nömrəli ekspert rəyi Məhkəməyə daxil olmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-396/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin nümayəndə bildirdi ki, apellyasiya baxışı zamanı təqdim edilmiş ikinci rəy əsaslı olmuşdur, belə ki, həmin rəylə iş üzrə verilmiş digər rəylər müqayisəli şəkildə tədqiq edilmiş və rəy verilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
13. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, bununla yanaşı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin ərizəyə arayış əlavə etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizədə göstərdiklərinə qiymət verərək və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, nümayəndə və vəkili əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, şikayətin dəlilləri və işin hallarına dair mülahizələrini məhkəməyə bildirmişdir, nümayəndə sonuncu məhkəmə iclasında iştirak edə bilmədiyi halda məhz tərəfin özü məhkəmə iclasında iştirak edə bilərdi, cavabdehin isə üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsi müəyyən edilməmişdir. Sübutların tədqiqi:
14. 17 avqust 2017-ci il tarixli 7E-12116 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, həmin etibarnəmə əsasında Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan “Subaru Forester” minik markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2029-cu il tarixədək idarə etmək səlahiyyəti vermişdir.
15. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 1(004)- 72/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh1 11 may 2022-ci il tarixdə saat 00:15-də “BC” kateqoriyalı, AD 303472 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, atası Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, 90-MT 629 dövlət qeydiyyat nişanlı avtomobillə alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozub, hərəkətdə olduğu istiqamətdə Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində iddiaçıya məxsus «Toyota Camry» markalı, 90-00 039 dövlət qeydiyyat nişanlı avtomaşını vurub həmin avtomaşının sərnişini X4 xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən ********** saylı cinayət işi üzrə ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 37800 manat məbləğində müəyyən edilmişdir.
17. Dövlət Sığorta Kommersiya Şirkətinin 06 iyul 2023-cü il tarixli 05/03333 nömrəli məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6050 manat hesablanmış, mütənasib olaraq 4226,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
18. Azərsığorta tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6050 manat (ehtiyat hissələrinin dəyəri 4050 manat, işçilik 2000 manat olmaqla) məbləğində hesablanmışdır.
19. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X5 tərəfindən təqdim edilmiş 20 noyabr 2022-ci il tarixli 568 nömrəli arayışın surətindən görünür ki, ekspert tərəfindən “Toyota Camry” markalı 90-00 039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar 20 noyab 2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “İnterservice”də baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcinə cəmi 16164 manat tələb olunduğu müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə iş materiallarında olan “Akay Auto” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avto hissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16164,0 manat müəyyən edilir. Təqdim edilmiş “X12” MMC tərəfindən xx.xx.2022-ci il qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərindən təxminən 30%-ini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54.000,00 manat olmuş 2019-cu il buraxılışlı Toyota Camry markalı ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müəyyən edilir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli ekspert rəyi ilə 2019-cü il buraxılışlı, mühərrik həcmi 2500 sm3, “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54.000,00 manat olunur.
22. Beləliklə təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54.000,00 manat olmuş 2019-cü il buraxılışlı “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
29. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
42. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1n şikayətinə əsasən iddianın təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır.
47. Bundan başqa iş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkətinin 06 iyul 2023-cü il tarixli 05/03333 nömrəli məktubundan görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı 90-00- 039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6050 manat hesablanmış, mütənasib olaraq 4226,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
48. İddia tələbini qismən təmin edə birinci instansiya məhəməsi qeyd etmişdir ki, dəymiş zərərin məbləği cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyi əsas götürülməklə müəyyən edilməli və iddiaçıya ödənilmiş 4226 manat sığorta ödənişi də nəzərə alınmaqla Cavabdeh1 vurulmuş maddi zərərə görə 33574 (37800 manat-4226 manat) manat pul tutularaq iddiaçıya ödənilməlidir.
49. Cavabdeh isə işin qeyd olunan hallarını mübahisələndirməmiş, mübahisələndirdiyi hissə isə zərərin məbləği ilə bağlı olmuşdur.
50. Belə olan halda cavabdehin dəlillərinə qiymət verilməsi məqsədi ilə apellyasiya baxışı zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə iki məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə iş materiallarında olan “Akay Auto” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avto hissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16164,0 manat müəyyən edilir. Təqdim edilmiş “X12” MMC tərəfindən xx.xx.2022-ci il qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərindən təxminən 30%-ini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54.000,00 manat olmuş 2019-cu il buraxılışlı Toyota Camry markalı ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müəyyən edilir.
52. Məhkəmə kollegiyası həmin rəyin əvvəlki rəylə və iş üzrə tədqiq olumuş digər sübutlarla ziddiyyətli olması baxımından və hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul etmişdir.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli ekspert rəyi ilə 2019-cü il buraxılışlı, mühərrik həcmi 2500 sm3, “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54.000,00 manat olunur.
54. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54.000,00 manat olmuş 2019-cü il buraxılışlı “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müəyyən edilir.
55. Göründüyü kimi, iş üzrə müvafiq ekspertizalar təyin edilməklə 2019-cu il buraxılışlı Toyota Camry markalı ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğin avtomobilə dəymiş real zərər baxımından şişirdilmiş olmasını qeyd etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir, sonuncu ekspert rəyi ilə də onun dəlilləri təkzib edilmişdir. Həmçinin də, qeyd olunan rəydən görünür ki, həmin rəy iş üzrə verilmiş digər rəylər müqayisəli şəkildə tədqiq edilməklə əsaslandırılmışdır.
56. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, sonuncu ekspert rəyinin şübhə altına almaq üçün əsas yoxdur, rəy ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır.
57. Beləliklə də, iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi hazırkı vəziyyətdə xüsusi bilik tələb etdiyindən, apellyasiya baxışı zamanı isə əldə olunmuş və məhkəmə tərəfindən əsaslı sayılan sonuncu ekspert rəyi ilə birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğ öz təsdiqini tapmışdır.
58. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir.
59. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 250 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
60. Belə ki, məhkəmə xərcləri qismində göstərilən 250 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, həmin xərc ağlabatan məbləğ hesab edilməlidir. Nəticə:
61. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
63. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri (50+50=100) 100 (yüz) manat vəsait Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri (50+50=100) 100 (yüz) manat vəsait Cavabdeh2 tutularaq dövlət büdcəsinə SAP (XİİS) hesabı X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.