Məhkəmə qərarları › İş №2(103)-3960/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3960/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3960/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Maraqlı şəxs və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmaları barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ilə təmin edilmişdir.

2. Qətnamədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, şahid qismində dindirilmiş X1, X11 və X6 da məhkəmə iclasında təsdiq etdilər ki, həqiqətən İddiaçı 2002ci ildən etibarən ailə üzvləri ilə birlikdə Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə yaşayır. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyindən 19 may 2006-cı il tarixdə verilmiş 2439 saylı arayışdan da görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2002-ci ildən etibarən hal-hazırda Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evdə qeydiyyatsız yaşayır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, 30 iyun 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1; Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.7, 213.6, 222.1, 225.1; 228.1, 228.2, 228.4, 228.5; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin hazırda barəsində şikayət verilən qətnaməsi qəbul edilən zaman Maraqlı şəxs da evin mülkiyyətçisi olmuşdur, həmin qətnamə ilə Maraqlı şəxs hüquqları pozulmuş və mənafeyinə toxunmuşdur. xx.xx.2011-ci ildə Maraqlı şəxs keçmiş əri X4 öz payını Maraqlı şəxs bağışlamışdır. Maraqlı şəxs və ev Maraqlı şəxs adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır bu barədə çıxarış verilmişdir. xx.xx.2017-ci ildə isə ev habelə evin altındakı və həyətyanı torpaq sahəsi Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir (notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir). Hazırda da ev və torpaq sahəsi Maraqlı şəxs mülkiyyətindədir. Nə Maraqlı şəxs, nə də onun keçmiş əri, Suraxanı Rayon Məhkəməsində onların mülkiyyətində olan evdən İddiaçı və ailə üzvlərinin istifadə hüquqları tanınarkən və onların qeydiyyata salınması həll edilərkən məhkəmə araşdırmasına cəlb edilməmiş və bu barədə məlumatları olmamışdır. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evi Maraqlı şəxs xx.xx.1992-ci ildən 13 may 2009-cu ilə qədər rəsmi nikahda olduğu X4 06 aprel 2001-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir, elə həmin ildə də ev X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Yəni ev 2001-ci ilin aprel ayından 13 may 2009-cu ilə qədər X2 və Maraqlı şəxs (1992-ci ildən 2009-cu ilə qədər nikahda olmuşlar, bu barədə qətnamə əlavə edilir) ümumi birgə mülkiyyətində olmuşdur. Hazırda ev, habelə evin yerləşdiyi torpaq sahəsi Maraqlı şəxs tam mülkyyətindədir. Belə ki, boşanmadan sonra həmin evdə ər- arvadın payları ikidə bir müəyyən edilmiş və X4 da öz payını Maraqlı şəxs bağışlamışdır. Beləliklə Maraqlı şəxs barəsində apellyasiya şikayəti verdiyi Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, 30 iyun 2006-cı il tarixli qətnaməsi qəbul edilən zaman evin ümumi birgə mülkiyyətçisindən biri olmuşdur. Odur ki, hesab edir ki, həmin qətnamə ilə Maraqlı şəxs mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Belə ki, evin mülkiyyətçisi olmasına baxmayaraq məhkəmə iclasına cəlb olunmadan, onun fikri dinlənilmədən, razılığı alınmadan evinə İddiaçı və onun ailə üzvlərinin (qətnamədə ailə üzvlərinin kimlərdən ibarət olması da konkret göstərilməmişdir) istifadə hüququ tanınmışdır. Halbuki mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hazırda İddiaçı və ailə üzvlərinin iddiaçının mülkiyyətində olan evindən istiadə hüquqlarının tanınması ilə onun mülkiyyətçi kimi, həm də 2001-ci ildən mülkiyyətində olan evə dair sərəncam vermək, ondan öz mülahizəsinə uyğun istifadə etmək hüquqları da pozulur. İddiaçı və onun ailə üzvləri nə Maraqlı şəxs, nə də onun keçmiş ərinin ailə üzvləri olmamışlar və deyillər, onların evdən istifadə hüquqlarına dair notariat qaydada təsdiq edilmiş razılaşması mövcud deyildir və mövcud olmamışdır. Suraxanı Rayon Məhkəməsi heç bir sübuta əsaslanmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, məhkəmə evin həqiqətən də kimin mülkiyyətində olması məsələsini araşdırmamış, sorğular verməmişdir. Maraqlı şəxs ümumi birgə mülkiyyətində olan evə iddiaçının və ailə üzvlərinin istifadə hüququnun tanınması məsələsinə məhkəmə baxarkən evin mülkiyyətçisi kimi nə Maraqlı şəxs, nə də dövlət reyestrində mülkiyyətçisi kimi göstərilmiş keçmiş əri məhkəməyə dəvət edilməmiş, bununla da çəkişmə prinsipi pozulmuş, nəticədə Maraqlı şəxs əmlakına sərəncam vermək hüququndan məhrum olunmuşdur. Məhkəmə evin hüquqi rejimini araşdırmamış, bunun üçün daşınmaz əmlakın dövlət reyestrinə sorğu verməmiş, iş üzrə tərəflərdən evə dair hüquqmüəyyənedici sənədləri – çıxarış, icarə, kirayə müqaviləsini, orderi tələb etməmişdir. Hakim həmin halları araşdırsa idi müəyyən edərdi ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Birinci instansiyada iddiaçının və ailə üzvlərinin Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 3/4-də - onun evində yaşamaları sübuta yetirilməmişdir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinin 19 may 2006-cı il tarixli 2439 nömrəli arayışı isə mötəbər sübut deyildir, belə ki, həmin nümayəndəlik evə ünvan verən orqan deyildir, həmin arayış o zaman sübut qismində qəbul edilə bilərdi ki, arayışda göstərilən ünvandakı evin iddiaçıya aid olması barədə hüquqmüəyyənedici sənəd mövcud olardı. Məhkəmənin qətnamədə göstərdiyi nəticə - iddiaçıların ona məxsus olan evdə - ünvan 1 ünvanda yaşamasına dair göstərdiyi nəticə işin faktiki hallarına uyğun deyildir, belə ki, həmin evin mülkiyyətçisi o və həyat yoldaşı olmuşdur. Qeyd edilən şəxslər heç bir zaman onların evlərində yaşamamışlar və hazırda da yaşamırlar. Onların yaşadıqları evin hüquqmüəyyənedici sənədi yoxdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3/4 saylı evi Maraqlı şəxs xx.xx.1992-ci ildən 13 may 2009-cu ilə qədər rəsmi nikahda olduğu X4 06 aprel 2001-ci ildə alğı-satqı müqaviləsi əsasında əldə etmiş, elə həmin ildə də ev X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə qeydiyyat vəsiqəsi verilmişdir . Yəni ev 2001-ci ilin aprel ayından 13 may 2009-cu ilə qədər X2 və Maraqlı şəxs (1992-ci ildən 2009-cu ilə qədər nikahda olmuşlar) ümumi birgə mülkiyyətində olmuşdur. Hazırda ev, habelə evin yerləşdiyi torpaq sahəsi Maraqlı şəxs tam mülkiyyətindədir.

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Mülki qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə əsasən: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

10. Münasibətlərin mövcudluğu ehtimal edilən 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin Dövlət və İctimai Mənzil Fondu X5 İstifadə adlanan fəslində: 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması, 52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti, 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri, 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ təsbit edilmiş və, İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunduğu, İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilməsi, İcarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malik olması, Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığının tələb edilməməsi, habelə İcarədarın və onunla yaşayan ailə üzvləri arasında başqa sazişin olmadığı halda, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslərin həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etdiyi müəyyən edilmişdir.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin qərarına əsasən: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139- 180, 228, 560; Qüvvədən düşmüş 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 51-98, 123; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, cavabdehliyi aidiyyatı olmayan şəxsə qarşı tələb irəli sürülmüş, habelə cavabdehliyi aidiyyəti olan şəxslər iş üzrə cəlb edilməmiş və qeyd edilən ünvan üzrə mülkiyyətin hüququ statusu müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, qeyd edilən iddia üzrə işə baxılması və mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət, sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə, hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddiaçıların qeyd edilən ünvana istifadə hüququ üzrə hər hansı faktoloji və hüquqi əsaslar müəyyən edilmir və bu sahəni tənzimləyən maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından, hüququn anologiyası üzrə belə tətbiqi sui-istifadəyə və məhkəmə səlahiyyətlərindən kənar olan qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn fələsəfəsinə ziddir. Maddi hüquq normalarının tətbiqi baxımından, iddiaçıların mülkiyyətçi ilə hər hansı qohumluq münasibətləri, onlarla razılıq və ya mənzilə istifadə hüquqlarının tanınmasına digər əsaslar müəyyən edilmir. Qeyd edilən münasibətlərin səciyyəsi daha çox inzibati hüquq münasibətlərinə aiddir.

13. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməklə yeni qətnamə qəbul edilməli, verilmiş apellyasiya şikayəti təmin edilməlidir.

14. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb edilmədiyindən iddianın və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna aid ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar