Məhkəmə qərarları › İş №2(103)-3960/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3960/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3960/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(011)-240/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: 07 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 15000 manat məbləğində borc vermiş, borc alan krediti 07 aprel 2025-ci il tarixədək borcverənə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı 15000 manat pulu cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə aralarında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15.000 manat məbləğində əsas borcun və məhkəməyə müraciət olunması ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 136 manat, cəmi 15.136 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh 15.000 manat məbləğində pul vəsaiti 07 aprel 2025-ci il tarixədək borc verilmişdir. Bununla yanaşı cavabdehlə aralarında olan razılaşmaya əsasən, Cavabdeh işlədyi «Safely» gözəllik salonu vaxtından əvvəl tərk edəcəyi təqdirdə həmin borc məbləğini müqavilədə göstərilən müddətdən əvvəl tam həcmdə ona ödəməlidir. Lakin cavabdeh sözügedən razılaşmanı birtərəfli qaydada pozaraq «Safely» gözəllik salonundan fəaliyyətə xitam verməklə maddi imkansızlığınızı bildirmiş, bugünə qədər borcu iddiaçıya ödəməkdən yayınmışdır. Eyni zamanda salona gələn müştəriləri də yayındıraraq başqa gözəllik salona cəlb etmiş və əməlləri ilə ona əlavə ziyan vurmuşdur. Bir müddət Cavabdeh uydurmuşdur ki, guya iddiaçıya 11.000 manat məbləğində borcun ödənilməsini təklif etmiş, iddiaçı isə bundan imtina edərək borcun birdəfəlik tam ödənilməsini tələb etmişdir. Mübahisəni məhkəməyə qədər tənzimləmək məqsədi ilə Cavabdeh müvafiq pretenziya göndərilərək 15 may 2023-cü il tarixədək borcun ödənilməsi xahiş olunmuş, lakin bu günə qədər müsbət nəticənin əldə olunması mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh iddiaçıya olan borcunu ödəmək niyyətində deyil və müxtəlif bəhanələri ilə bundan yayınmaqda davam edir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçıya qarşı öz qeyri-səmimi davranışı ilə şərtləşdirilmiş təminatı pozduğu üçün o, hesab edir ki, borcun 07 aprel 2025-ci il tarixədək ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(011)- 240/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti və 136 (yüz otuz altı) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, Cavabdeh ilə İddiaçı Asif qızı arasında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinin bağlanmasına əsas olan şərait sonradan əhəmiyyətli dərəcədə dəyişdiyindən iddiaçı hazırda həmin müqaviləni faktiki bir tərəfli qaydada ləğv etdiyindən, cavabdeh tərəfindən iddiaçıdan 15000 manat pul vəsaitinin qəbul edilməsi sübut edilsə də, lakin geri qaytarılması ilə bağlı mötəbər sübutlar mövcud olmadığından, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 15000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən borc verən İddiaçı 15.000 (on beş min) manat pulu borc Cavabdeh vermişdir. Borc alan krediti xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borc verəndən 15.000 krediti götürməsi mübahisəsiz haldır. Sadəcə borc alanın bugünki gündə maddi imkanı borcu geri qaytarmağa imkan vermir. Həmçinin o (borc alan) borcu götürəndə hesablamarını elə aparmışdı ki, 2025-ci il tarixə qədər borcunu ödəyəcək. Qanunverciliyin tələbindən göründüyü kimi, əgər tərəflər arasında öhdəliyin icrası müddəti təyin edilibsə kreditor onu vaxtından əvvəl icrasını tələb edə bilməz. Konkret mübahisəyə gəldikdə, tərəflər arasında bağlanmış borc müqaviləsinin məzmununu tərəflərin iradə azadlığından kənar müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Müqavilənin 2-ci bəndində göstərilir ki, borc alan (cavabdeh) krediti xx.xx.2025-ci il tarixinədək borc verənə (iddiaçıya) notariusun bankda açılmış depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. Müqavilənin göstərilən müddəasından da görünür ki, tərəflər müqavilə ilə cavabdehin (borc alanın) öhdəliyinin icrası məqamını dəqiq müəyyən etmişlər. Müqavilə ilə borclunun öhdəliyinin icrası müddətinin dəqiq müəyyən edilməsi isə kreditoru öhdəliyin icrasını istədiyi vaxt tələb etmək imkanını məhdudlaşdırmış olur. Birinci instansiya məhkəməsi iş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin tərəfindən vətəndaş X1 şikayət ərizəsi əsasında 05 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Həmin qərarda İddiaçı qeyd etmişdir ki, Cavabdeh 7000 manat pulun yarısını ona vermişdir. Məhkəmə verilən pulu hansı əsasla nəzərə almaması aydın deyil. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. 740.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı Asif qızı arasında 07 aprel 2021-ci il tarixli kredit müqaviləsi notarial qaydada bağlanmış, iddiaçı tərəfindən 15000 manat pul vəsaiti cavabdehə verilmiş, həmin məbləğin 07 aprel 2025-ci il tarixədək qaytarılacağı razılaşdırılmışdır. İddiaçı Cavabdeh ona olan borcunu ödəmək niyyətində olmamasına və müxtəlif bəhanələri ilə bundan yayınmaqda davam etdiyinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını göstərmiş, cavabdeh isə 15.000 krediti götürməsinin mübahisəsiz olmaqla, sadəcə borc alan kimi bugünki gündə maddi imkanı borcu geri qaytarmağa imkan verməməsini, göstərmişdir Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, həmin kredit müqaviləsinin bağlanmasına əsas o, olmuşdur ki, cavabdeh iddiaçının gözəllik salonunda 4 il ərzində işləyəcəyi müqabilində 15000 manatın onun mülkiyyətinə keçməsinə razılıq vermişdir. Lakin cavabdeh 4 il müddətini gözləmədən salondan çıxıb gedərək, iddiaçı ilə işgüzar münasibətlərini sonlandırmışdır. İşin qeyd edilən halları cavabdeh tərəfindən də təkzib edilməmişdir. Göründüyü kimi Cavabdeh ilə İddiaçı Asif qızı arasında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinin bağlanmasına əsas olan şərait sonradan əhəmiyyətli dərəcədə dəyişdiyindən, yəni müqavilə üzrə icra müddəti müəyyən edilsə də sonradan tərəflər arasında olan işgüzar münasibətlər sonlandırıldığından həmin hal şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir. Müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Göründüyü kimi, qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfı təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Məhkəməsinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassız olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir ki, Cavabdeh ilə İddiaçı Asif qızı arasında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinin bağlanmasına əsas olan şərait sonradan əhəmiyyətli dərəcədə dəyişdiyindən iddiaçı hazırda həmin müqaviləni faktiki bir tərəfli qaydada ləğv etdiyindən, cavabdeh tərəfindən iddiaçıdan 15000 manat pul vəsaitinin qəbul edilməsi sübut edilsə də, lakin geri qaytarılması ilə bağlı mötəbər sübutlar mövcud deyildir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - cavabdehdən tutulmalı olan məbləğ hissəsində işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin tərəfindən vətəndaş X1 şikayət ərizəsi əsasında 05 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı əri X2 həmin orqana şikayətlə müraciət etmiş və göstərmişdir ki, həyat yoldaşı Səfayət ilə Gülnar arasında müqavilə bağlanmış, müqavilədə isə şərtlər tam göstərilmişdir. Gülnar bildirmişdir ki, hər ay 1500 manat qazanc əldə edəcəyini öhdəsinə götürmüş, lakin 9 ay ərzində Gülnar cəmi olaraq 6775 manat qazanc əldə etmiş, onun yarısı isə Gülnara, yarı hissəsi isə Səfayətə verilmişdir. 9 aydan sonra Gülnar işə gəlməmiş, həyat yoldaşı ona bildirmiş, o da Gülnara zəng etmiş, nə üçün işə gəlmədiyini soruşmuş, o isə müştərilərinin onların salona gəlmədiklərini, uzaq olduğunu, bu səbəbdən başqa bir salonda işə girdiyini, müştəriləein həmin salona gəldiklərini əsas gətirərək işə gəlməyəcəyini bildirmişdir. Bu səbəbdən o da məcbur qalaraq polisə müraciət edərək 15000 manat pulun qaytarılmasını tələb etmişdir. İzahatı alınmış Cavabdeh Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən “Limage” qadın gözəllik salonunda vizaj ustası kimi fəaliyyət göstərmişdir. Onunla həmin salonda işləyən digər ustalar Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində yerləşən “SAFELY” qadın gözəllik salonuna işləmək üçün getmişlər, ona da ora getməyi təklif etmişlər. O, da onlarla birlikdə həmin gözəllik salonuna getmiş, salonun sahibi Səfayət adlı xanımla danışmış, transfer olmağı üçün 15000 manat pul istəmiş, o, da bununla razılaşmışdır. 2021-ci ilin aprel ayında o, Səfayət xanımdan 15000 manat pul alaraq müqavilə bağlamışlar, müqaviləyə əsasən o, 4 il ərzində salonda işləyərək əldə edilən gəliri 50 faiz ona 50 faiz isə Səfayət xanıma qalmaq, həmçinin 4 ildən sonra isə 15000 manat ona qalmalı olması göstərilmişdir. Təxminən 9 ay olar o, həmin salonda işləmiş, əldə edilən qazanc təxminən 7000 manat gəlirdən isə yarı hissəsini özünə götürmüş, yarı hissəsini isə Səfayətə vermişdir. Cavabdeh apellyasiya şikayətində də iddiaçının 7000 manat pulun yarısının ona verilməsinin göstərilməsinə məhkəmənin diqqət yetirməməsini göstərmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında yazılan “whatsapp" yazışmalarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 7000 manat qazanılmış pulun yarısı verilmişdir. Həmin məbləğin iddiaçı tərəfindən etiraf edilməsi yazışmalardan müəyyən edilir. Beləliklə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən “SAFELY” qadın gözəllik salonunda işlədiyi müddətdə əldə edilən 7000 manat gəlirdən yarı hissəsini özünə götürmüş, yarı hissəsini isə iddiaçıya vermişdir. Birinci instansiya məhkəməsi isə 05 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında iddiaçı tərəfin cavabdehin ona qazanılmış pulun yarsının qaytarılmasına dair göstərilənlərə diqqət yetirməyərək bu faktın nəyə görə nəzərə alınmalı olmamasına hüquqi qiymət verməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan məbləğ hissəsində dəyişdirilərək cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlər nəzərə alınmalıdır. (15000 manat – 3500 manat= 11500manat) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə dügün olmaqla ləğv olunmasına əsas olmasa da, tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. İddia tələbi qismət təmin edildiyindən, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumundan 62,25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 73,75 manat məbləğ iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(011)- 240/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 11500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddia ərizəsi üşün ödənilmiş dövlət rüsumundan 62,25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 73,75 manat məbləğ iddiaçıya aid edilsin. Qətnamədən cavabdehə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar