Məhkəmə qərarları › İş №2(103)-3961/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3961/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3961/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(004)-570/2020 saylı qərardadından cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27R000004592 saylı kredit razılaşması üzrə 152.608,93 ABŞ dolları əsas borc, 45.206,05 ABŞ dolları faiz borcu, 1.500 ABŞ dolları cərimə olmaqla, cəmi 199.314,98 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 12.318,07 ABŞ dolları əsas borc, 7.278,90 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 19.796,97 ABŞ dolları, ümumilikdə 219.111,95 ABŞ dolları (ödəniş günü, ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə Cavabdeh6 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 62.000 manat müəyyən edilməklə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh6 Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evindən, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilindən çıxarılması və ipoteka predmetlərinin boşaldılmasının qət edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-180/2022 saylı 08 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5953/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh5 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-180/2022 saylı 08 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizələri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmuş, cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən apellyasiya şikayətlərinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayətlərinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı QSC şikayət verərək, qərardadın ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə verilmiş ərizələrinin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qətnamə poçt vasitəsi ilə cavabdehlərin qeydiyyatda olduqları ünvanlara göndərilmişdir. Qeydiyyatda olduğu ünvan üzrə poçt göndərişlərini nəzarətdə saxlamaq cavabdehlərin vəzifəsidir. Hazırki apellyasiya şikayətləri qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuşdur və müddətin bərpa edilməsi üçün üzürlü hal yoxdur. Cavabdehlərin qətnamənin qəbul edildiyi tarixdən 2 ildən artıq müddət keçdikdən sonra heç bir əsas olmadığı halda ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. Cavabdeh5 iş üzrə qəbul edilmiş qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, onun şikayətləri təmin edilməmişdir. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərkən qətnaməni alması barədə sənədlərdə qoşma olaraq Cavabdeh3 göndərilmiş poçt zərfini əlavə etmişdir. Cavabdeh5 və Cavabdeh3 qeydiyyat ünvanları fərqli olsa da, göründüyü kimi Cavabdeh3 da qətnaməni xx.xx.2020-ci il tarixdə rəsmi qaydada almışdır. Cavabdehlər bir-birləri ilə qohum olmaqla yaxın münasibətdədirlər və hazırki məhkəmə mübahisələri barədə hələ birinci instansiya məhkəməsində işə baxılarkən məlumatlı idilər. Cavabdehlər iş üzrə ipoteka qoyanlardır və əmlaklarını Cavabdeh5 kredit öhdəliklərinin təminatı məqsədi ilə bank qarşısında ipoteka ilə yüklü etmişlər. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilərkən əmlakların ilkin satış qiyməti müəyyən edilmiş, həmin qətnamədən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qanunvericiliyin tələblərinə görə məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdehlərin müddətin bərpası barədə ərizəsində qeyd etdikləri hallar üzürlü səbəb kimi qəbul oluna bilməz. Cavabdehlərin məhkəmə mübahisələrinin davam etdiyi 2 ildən artıq müddətdə bu barədə məlumatsız olmaları qətiyyən ağlabatan deyildir. Belə ki, keçən müddətdə birinci instansiya, apellyasiya və kassasiya məhkəməsi tərəfindən cavabdehlərin ünvanlarına məhkəmə bildirişləri, ekspertiza təyin edilməsi və işin icraatının dayandırılması, icraatın təzələnməsi barədə qərardadlar, ekspertiza rəyləri, qətnamələr və işlə bağlı digər sənədlər göndərilmişdir. Həmin sənədlər ünvanlarda qəbul edilmişdir və bu barədə sənədlər iş materiallarında mövcuddur. Fiziki və hüquqi şəxslər tərəfindən hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Cavabdehlərin məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına mane olmaqla kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından yayınmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. Digər tərəfdən, qətnamə Cavabdeh5 şikayəti əsasında artıq yoxlanılmışdır və onun təkrar yoxlanılmasına yol verilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(004)- 570/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 570/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətləri verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizələri təmin edilməmişdir. Qərardaddan Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ləğv edilməli və müddətin bərpası barədə ərizələr rədd edilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixl, 2(004)-570/2020 nömrəli qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə bütövlükdə yoxlanıldığına və kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qətnamə qanuni qüvvəsini aldığına görə, digər tərəflərin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməz olduğundan, həmin qətnamədən digər cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizələri təmin edilməməlidir. Kollegiya qeyd edir ki, məhkəmə “müddətin bərpa edilməsi barədə” ərizələrin təmin edilməməli olması barədə düzgün nəticəyə gəlsə də, əsasları düzgün olmamışdır. Belə ki, məhkəmə qətnamənin Cavabdeh5 apelyasiya şikayəti əsasında bütövlükdə yoxlanılması və buna görə də təkrarən yoxlanılmasının yolverilməz olması qənaətinə gəlsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-180/2022 saylı 08 aprel 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmamışdır, Cavabdeh5 apellyasiya şikayəti həddində, yəni borc məbləğinə aid hissədə yoxlanılmışdır. İpoteka predmeti və zaminlik müqavilələri apelyasiya baxışının predmeti olmamışdır. Odur ki, məhkəmənin bu barədə əsaslandırması qanuni və əsaslı olmamışdır. Müddətin bərpa edilməsi ilə bağlı isə Bankın şikayətinin dəlillərini əsaslı hesab edən Kollegiya qeyd edir ki, prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Göründüyü kimi cavabdehlər bir-biri ilə qohum olmaqla, Cavabdeh6 Cavabdeh5 bacısı, Cavabdeh3 bacısı qızı, Miri Məhəmmədəli isə oğludur. Cavabdeh5 qətnamədən apelyasiya şikayəti vermiş, apelyasiya və kassasiya qaydasında baxılmış, bu müddət ərzində cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 proseslərdən xəbərsiz olması, qətnamədən məlumatsız olması ağlabatan və inandırıcı hesab edilmir. İş materillarına nəzər yetirdikdə məlum olur ki, digər Cavabdeh5 apelyasiya şikayəti verərkən qətnaməni hansı tarixdə almasını təsdiq etmək üçün əlavə etdiyi poçt zərfi “Cavabdeh3” məxsus poçt zərfi olmuşdur. Şikayət müəlliflərinə SMS bildirişlər getmişdir. Prosessual müddətin üzrlü səbəbdən ötürülməsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəldiyindən, müddətin bərpa edilməsi barədə ərizələr rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(004)- 570/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı QSC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(004)- 570/2020 saylı qərardadı ləğv edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 570/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətləri verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizələri təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar