Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3964/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh Bəhram oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3964/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 avqust 2024cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 25 və məbləği 10000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 25 və məbləği 10000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq olaraq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 10000 AZN əsas; 1731,86 AZN faiz; cəmi 11731,86 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-385/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış kredit müqaviləsi üzrə 10000 (on min) manat əsas borc, 1731,86 (min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11731,86 (on bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,20 (yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 407.2, 442, 443.1, 448.1, 739.1, 739.2, 741-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 107 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı ASC ilə aralarında xx.xx.2022-cı il tarixdə elektron qaydada Kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən ona ayrılacaq kredit limiti 5000 manat, faiz dərəcəsi isə 25% təşkil edirdi. Həmin müqavilə bu günədək ona təqdim edilməyib. Ona məlum olmayan səbəblərdən kart hesabında olan məbləğ 10.000 manata kimi artırılmışdır. Onun kart hesabında olan pul vəsaiti ondan xəbərsiz, razılığı və iştirakı olmadan hesabından başqa hesaba köçürülmüşdür. Bununla bağlı bankla əlaqə saxlayaraq həmin məbləğin dondurulmasını xahiş etmişdir. Bankdan ona bildirildi ki, araşdırılma aparılır, ola bilsin ki, həmin pul hesaba qaytarılsın. Növbəti gün bankla yenidən əlaqə saxladıqda həmin məbləğin “m10” hesabına köçürüldüyünü və “m10”-nun da “Paşabank”a aid olduğu üçün heç nə edə bilməyəcəklərini bildirmişlər. Halbuki o müraciət edən zaman həmin məbləğlərin dondurulması barədə müvafiq tədbir görülsə idi, onun bank qarşısında hər-hansı bir öhdəliyi yaranmazdı. Bankın səhlənkarlığı və təhlükəsizlik sisteminin zəif olması səbəbindən onun hesabında olan pul vəsaiti digər şəxslərin hesablarına köçürülmüşdür. Bank bilərəkdən qeyd edilən təhlükə ilə bağlı hər-hansı bir tədbir görməmiş, məhkəmə isə bu hallara hüquqi qiymət verməmişdir. Onun bankla arasında olan müqavilə 5000 manat həddində olmuşdur. İddiaçı isə onun bankla arasında olan müqavilə şərtlərinə əsasən kredit xəttinin 10000 manat olaraq müəyyən edildiyini bildirmişdir. Məhkəmə isə bu faktları araşdırmadan tələsik qərar qəbul etmişdir. Bundan başqa iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 10526,19 manat məbləğində ümumi borc, gecikmə günü 37 gün olmaqla 1114,07 manat gecikmə yarandığı bildirilmişdir. Qeyd edilən iddia tələbi ilə bağlı bildirmək istəyir ki, iddiaçı onun kredit xəttinin 10000 manat olduğunu bildirir, lakin iddiaçı ona məlum olmayan səbəblərə görə borcunun isə 10526,19 manat olması tələbini irəli sürür. Buradan belə bir sual yaranır: onun kredit xətti 10000 manat olduğu halda, ümumi borc necə 10526,19 manat ola bilər? Bundan başqa iddiaçının tərtib etdiyi və iş materiallarına əlavə etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, onunla iddiaçı arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixinə 10.000 manat əsas borcun, 1731,86 manat faiz borcu olmaqla, cəmi 11731,86 manat məbləğində borc olduğunu bildirir. Məhkəmə qətnaməsində qeyd olunur ki, iş materiallarında olan İddiaçı ASC-nin 08 dekabr 2023-cü il tarixinə hesabdan çıxarış məlumatlarından görünür ki, dövr üzrə məxaric olunan məbləğ 74911,93 manat, dövr üzrə mədaxil olunan məbləğ 64911,93 manat təşkil edir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, qeyd olunan məbləğlərdən onun xəbəri yoxdur. Bu rəqəmlərin haradan götürüldüyü ona bəli deyildir. İş materiallarında olan təzadlı məlumatlardan da göründüyü kimi iddiaçı özü də bu günə kimi borcun nə qədər olmasını dəqiq müəyyən edə bilmir. Məhkəmə isə qeyd etdiyi faktları araşdırmaq əvəzinə tələsik qərar qəbul etməyə üstünlük verir. Bundan başqa iş materiallarında olan 28 dekabr 2023cü il tarixli sorğu ilə əldə edilmiş məlumatlara əsasən onun kart hesabında olan vəsait 055 ******* nömrəli “m10” hesabına köçürülmüşdür. Həmin tarixdə bu hesabdan isə müəyyən hissələrə bölünməklə, *** *** ** **, 051 *** ** ** və 055 *** ** ** nömrəli “m10” hesablarına köçürüldüyü məlum olmuşdur. Buradan da aydın göründüyü kimi bank hesabında olan vəsaitdən o istifadə etməmişdir, onun razılığı və icazəsi olmadan, bankın təhlükəsizlik sistemi tam işlək vəziyyətdə olmadığından bankın səlahiyyətli şəxslərinin laqeydliyi nəticəsində yuxarıda göstərilən hallar baş vermiş və hesabında olan vəsaitlər başqabaşqa hesablara köçürülmüş və həmin vəsaitlər oğurlanmışdır. Bununla bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. İş materiallarında olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 iyul 2023-cü il tarixli qərara əsasən, qeyd edilən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və istintaqın aparılması qərara alınmışdır. Bütün bu qeyd edilənlərə baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməmiş, kredit məbləğini mənim istifadə etmədiyi halda həmin məbləğin və ona hesablanmış faizlərin ondan tutularaq cavabdehə ödənilməsi barədə qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ondan tələb olunan pulu o götürməmişdir. Onun 2 bank kartı var. 1 əsas kartı, digəri isə debet kartı. Debet kartında pul olmayıb. Digər kartdan debet karta pul göndərərək çıxarıblar. Pul çıxan kimi banka müraciət edib. Bankın müştəri xidmətlərindən ona deyiblər ki, pul heç yerə köçməyib, narahat olmasın, sabah pul geri qayıdacaq. Lakin qayıtmayıb. Bundan sonra yenə müraciət etdikdə artıq pulun “M10” tətbiqi vasitəsilə köçürüldüyünü bildirmişlər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən bildirilmişdir ki, cavabdehin tətbiqdə 3 kartı olmuşdur. İddiaçı krediti özünün götürmədiyini bildirir, lakin o hesabını kiməsə verməsə, heç kəs bunu bilə bilməz. Cavabdehə 10.000 manat məbləğində kredit xətti verilib və ona münasibətdə də faizlər hesablanıb. Bu məsələ ilə bağlı cinayət işi də açılıb. Əgər həmin iş üzrə zərərçəkmiş şəxs qismində iddiaçı tanınarsa, sonradan dələduzluq edən şəxsdən ona dəymiş zərəri reqres qaydada istəyə bilər. Bankın bu məsələdə hər hansı məsuliyyəti yoxdur. Cavabdeh özü tətbiqə daxil olunması və kredit götürülməsi üçün dələduzlara kodu vermişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər;
13. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;
14. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir;
15. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
18. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
28. Kollegiya hesab edir ki, borcalan Quliyev Ağalar Sabir oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
29. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli BBLK4641991A299 saylı (hesab kart, kredit üzrə) Kredit müqaviləsindən görünür ki, bank müştəriyə “birkart” ödəmiş kartı verir, həmin kartla bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır və xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə müəyyən edilmiş qaydada geri ödəyir.
30. Müqavilənin 4.1-ci bəndinə əsasən, müştəri tərəfindən kredi xəttindən ilkin olaraq istifadə ediləcək məbləğ bank tərəfindən 10 000 manat müəyyən olunur. 4.3-cü bəndinə əsasən, kredit xəttindən son istifadə tarixi xx.xx.2024-cü il, 4.5-ci bəndinə əsasən, kredit xəttinin illik faiz dərəcəsi 25 %-dir.
31. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehn arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixinə 10.000 manat əsas borc, 1731,86 manat faiz borcu olmaqla, cəmi 11731,86 manat məbləğində borcu vardır.
32. İddiaçı ASC-nin 08 dekabr 2023-cü il tarixinə hesabdan çıxarış məlumatlarından görünür ki, dövr üzrə məxaric olunan məbləğ 74911,93 manat, dövr üzrə mədaxil olunan məbləğ 64911,93 manat təşkil edir.
33. 28 dekabr 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, həmin vəsait 055 ******* nömrəli “m10” hesabına köçürülmüşdür. Həmin tarixdə bu hesabdan isə müəyyən hissələrə bölünməklə, 050 349 71 91, 051 302 37 05 və 055 869 04 02 nömrəli “m10” hesablarına köçürülmüşdür. Həmin “m10” istifadəçiləri “m10” tətbiqi üzərindən müştəri uyğunluğu tədbirlərindən keçmədiyi üçün bu istifadəçilərin anket məlumatları "xxxx" MMCdə mövcud deyil.
34. İş materialında olan 14 iyul 2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqın aparılması qərara alınmışdır.
35. Birinci və apellyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, kreditor borcalan Cavabdeh xx.xx.2022-cı il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını tələb etmiş, lakin cavabdeh müqavilə tərəflərinin şərtləşdiyi qaydada tələbi icra etməmiş, nəticədə iddiaçıya 10.000 AZN əsas, 1731,86 AZN faiz, cəmi 11731,86 AZN borcu ödənilməmiş qalmışdır.
36. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
37. Apellyasiya şikayətində irəli sürülən, müqavilənin cavabdehin formal iştirakı ilə yəni, üçüncü şəxslərin hüquqazidd davranışı ilə müşayiət olunan hərəkətləri ilə bağlanılması və hazırda həmin şəxslər barəsində istintaq tədbirlərinin getməsi ilə əlaqədar onun hüquqlarının pozulması dəlili ilə bağlı kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh hər nə qədər kreditin götürülməsi prosedurunun onun tərəfindən aparılmadığını bildirsə də, elektron formada kredit müraciətinin edilməsi üçün şəxsi məlumatların mobil tətbiqə daxil edilməsi və digər müvafiq eyniləşdirilmə məlumatlarının da təqdim edilməsi zəruridir. Bu cür məlumatlar isə şəxsin özünə aid məxfi məlumatlardır və onun qəsdən və ya ehtiyatsızlıqla başqa şəxslərə təqdim edilməsi ilə bağlı məsuliyyəti həmin şəxsin özü daşımalıdır.
38. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, kredit müqaviləsinin 7.2.6-cı bəndinə əsasən müştərinin vəzifələrindən biri odur ki, kart və Fin kodu heç kəsə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır).
39. Həmçinin müqavilənin 8.2-ci bəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.
40. Həmçinin Mülki Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
41. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin ona məxsus şəxsi məlumatların təqdim edilməsi, təhlükəsizlik qaydalarına lazımi qaydada əməl etməməsi nəticəsində əldə etdiyi kreditin müqaviləyə uyğun şərtlərlə qaytarılmasını tələb etmək Bankın hüququdur.
42. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin qeyd etdiyi halların həqiqiliyi və buna istinadən istintaq tədbirlərində, həqiqətən, cavabdeh tərəfindən bilavasitə yox, digər şəxslərin qanunazidd davranışı ilə Cavabdeh ziyan dəyməsi istisna edilmir. Belə ki, cari vəziyyətdə iddiaçının hər hansı bir hüquqazidd addımları ilə cavabdeh tərəfindən müqavilə bağlanılması həm cavabdehin apellyasiya şikayətində, eləcə də məhkəmə araşdırılması zamanı müəyyən olunmadığından, müqavilə tamamilə əsaslıdır. Lakin kollegiya hesab edir ki, istintaq tədbirlərinin yekunlaşması və əlaqəli şəxslər barəsində cinayəthüquqi tədbirlərin görüləcəyi təqdirdə cavabdehin ona dəymiş zərəri həmin şəxslərdən tələb etmək hüququ vardır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova